Qandan gələn xüsusiyyət
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin növbəti qonağı rayonunun sayılıb-seçilən, nümunəvi ailələrdən biri olan Göyüşovlar ailəsidir.
Göyüşov Ədalət Lətif oğlu 1964-cü il mart ayının 22-də Gürcüstan Respublikasının Kəpənəkçibolis rayonunun Kəpənəkçi kəndində anadan olub. Orta məktəbi orada bitirib. 1982-87-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun aqronomluq fakütəsində təhsil alıb. Təyinatla İsmayıllı rayonunun əvvəllər Əzizbəyov sovxozu adlandırılan Ruşan kəndində baş aqronom kimi fəaliyyətə başlayıb. 4 il baş aqronom olaraq fəaliyyət göstərib. 1994-cü ildən 2000-ci ilə qədər İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Ruşan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləyib. 2000-ci ildən 2020-ci ilə kimi həmin kənddə bələdiyyə sədri olub.Bələdiyyə sədri olduğu müddətdə həm də sahibkarlıq fəaliyyəti ilə məşğul olub. Hal-hazırda da sahibkarlıq fəaliyyətini davam etdirir. 32 ildir ki, ailəlidir. 4 övladı var- 3 qız, bir oğlan, hamısı təhsillidirlər, ev-eşik, ailə sahibidirlər. 8 nəvələri var.
Hörmətli Ədalət müəllim və Sabirə xanım, ilk növbədə bizi evinizdə qonaq etdiyinizə görə təşəkkürümüzü bildiririk. Müsahibəmizə ənənəvi sualımızla başlayaq. İstərdik ki, ilk əvvəl xoşbəxt evliliyinizin, nümunə göstəriləcək bir ailə ola bilməyin sirri nədir sualını cavablandırasınız. Sabirə xanım, əvvəlcə Sizdən başlayaq:
– Xoşbəxt evliliyin sirri qarşılıqlı anlaşmadadır. Bir-birini başa düşməkdədir, bir-birinə qarşılıqlı hörmət etməkdədir. Ən əsası hörmət etməkdir. Sevgi də hörmətdən yaranır.Ailədə bir-birinə olan qarşılıqlı hörmət ətrafında olan, tanıdığın, ünsiyyət qurduğun və tədricən tanımadığın insanlara belə sirayət edir. Və bir də görürsən ki, hörmətli, sayılıb-seçilən bir ailə olmusan.
– Ədalət müəllim, ailə daxilində anlaşılmazlıqlar baş verdikdə, fərqli fikirlər olduqda, bu məsələni necə həll edirsiz?
– Ailə daxilində anlaşılmazlıq baş verdikdə biz əyləşirik masa ətrafında söhbət edirik, bir-birimizi başa düşməyə çalışırıq. Səhvimiz varsa səhvimizi başa düşməyə çalışırıq və səhvimizi başa düşməyi bacardığımız üçün də ailə daxilində böyük problemlərimiz olmur.
– Vətənə, dövlətə layiqli övladların yetişməsi üçün nə etmək lazımdır?
– İlk növbədə kiçik yaşlardan uşaqlarda vətənə, dövlətə sevgi, hörmət və istək yaratmaq lazımdır.
– Valideyn-övlad münasibətləri ailənizdə necə tənzimlənir?
– Valideyn-övlad münasibətləri bizdə çox yaxşı tənzimlənir. Bir-birimizə hörmət edirik, valideyin olmaqdan başqa biz həm də dostuq övladlarımızla və eyni zamanda, ürək sözlərimizi deməyi bacarırıq bir-birimizə. Uşaqlara sevgi, diqqət, qayğı göstərirsən, onlar da qarşılıq olaraq sənə göstərirlər.
-Bugün uşaqların tərbiyəsində geri dönüb baxdıqda daha nələri əlavə etmək istərdiniz? Hansı ki, bugünə kimi etmədiyinizə görə təəssüf hissi keçirirsiniz?
– Mən övladlarım barəsində elə bir hiss keçirməmişəm, ona görə ki, vətənə, dövlətə etibarlı övladlar böyütmüşəm və bu gün də onların hər birindən razıyam. Həm ailə başçısı kimi, həm övlad kimi, həm də bir insan kimi. Övladlarım da övladlarını o şəkildə tərbiyə edirlər.
– Ailə qurmaq istəyən gənclərə nə məsləhət görərdiniz?
– İlk gündən bir-birini başa düşməyə çalışsınlar, evin sözünü evdən kənara daşımasınlar, problemlərini öz aralarında danışaraq həll etsinlər. “Bu həyat bizimdir” deməyi bacarsınlar.
– Ədalət müəllim, sizin ailə rayonda nümunəvi, eyni zamanda xeyriyyəçi bir ailə kimi tanınır. Xeyriyyəçilik qandan gəlir, yoxsa candan?
– Qandan. Mənim babam da böyük xeyriyyəçi olub. Bizim Kəpənəkçi kəndi böyükdür. Orada insanların əksəriyyətinə su çəkib, kəndin ictimai işlərində həmişə qabaqda olub. Ondan sonra babamın yolunu atam davam edib.
– Ədalət müəllim, minnətdarlıq hissi ilə deyək ki, Mərkəzimizin işlədiyi ailələrə, xüsusən qızların təhsilinə çox böyük dəstək verirsiz. Fürsətdən istifadə edib sizə Mərkəzimiz adından təşəkkür edir, can sağlığı, işlərinizdə uğurlar arzulayırıq. Səmimi söhbət oldu, bunun üçün də sağ olun.
Xatirə Bağırova,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı



