19 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzində (UADM) mövcud sosial xidmətlər haqqında əhalinin maarifləndirilməsi məqsədilə dəyirmi masa keçirilib.
Dəyirmi masada İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva, İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı Bəhruz Xələfov, Sosial Xidmətlər Agentliyinin Dağlıq Şirvan Regional filialının əməkdaşı Soltan Rəhmanov, RİH başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəliklərinin əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Dəyirmi masada çıxış edən Lətifə Əliyeva iştirakçılara tədbirin keçirilməsinin məqsədi haqqında məlumat verib, xüsusi qayğıya ehtiyacı olan insanların həyat keyfiyyətini yaxşılaşdırmaq, onların hüquqlarını qorumaq, sosial bərabərliyini təmin etmək və ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş dövlət proqramları barədə iştirakçıları məlumatlandırıb.
Soltan Rəhmanov çıxışında təmsil etdiyi qurum tərəfindən həyata keçirilən və yeni ildə fəaliyyətə başlayacaq yeni xidmət növləri barədə ətraflı məlumat verib.
Bəhruz Xələfov isə ehtiyacı olan insanların sosial xidmətlərdən yararlanmasının xüsusi əhəmiyyət kəsb etdiyini qeyd edib.
Yekunda mövzu ətrafında müzakirələr aparılıb.
A.Soltanova

