Həyatda nə uğur qazanırıqsa, hansı əlçatmazlığı fəth ediriksə, valideyinlərimizlə bərabər müəllimlərimizə də minnətdar oluruq. Çünki vətəndaş kimi formalaşmağımızda, cəmiyyətdə layiq olduğumuz yeri tutmağımızda müəllimlərin rolu əvəzsizdir. Hansı yaşda oluruqsa-olaq, bir çətinliyə düşəndə müəllimin bir vaxtlar dediklərini xatırlayıb vəziyyətdən çıxış yolu tapırıq. Deməli, müəllimin zamanında dediyi söz, verdiyi məsləhət heç vaxt dəyərini itirmir. Çünki bu, müəllim sözü, müəllim məsləhətidir.
Bu fikirlər özüm 45 il müəllim çalışdığımdan və yetmiş illiyini keçirəcək bir müəllimi Balakişi Məhəmməd oğlu Xudiyevlə görüşə gedərkən ağlımdan gəlib keçdi. Əvvəlcə onun ömür yoluna nəzər salaq.
Balakişi Xudiyev 1955-ci il yanvarın 1-də İsmayıllı rayonunun Xəlilli kəndində anadan olub. 1972-ci ildə Qubaxəlilli kənd tam orta məktəbini bitirib. Həmin ildən ADPU-nun kimya fakultəsinə qəbul olunmuş, 1976-cı ildə oranı müvəffəqiyyətlə bitirmişdir. 1976-cı ilin sentyabrından Qubaxəlilli kənd tam orta məktəbində pedaqoji fəaliyyətdə başlamışdır. Bu illərdə ulu öndər Heydər Əliyevin göndərişi ilə onun şagirdlərindən Ələm Xudiyev D.Mendeleyev adına Moskva Kimya Texnologiya İnstitutuna təhsil almağa göndərilmişdir. Onun yetirmələri-Rasim Bayramov hazırda Vergilər Nazirinin müavini, Sahir Məmmədxanov, Akif Həsənov, Sahib Babayev müxtəlif vəzifələrdə çalışırlar.
Balaş müəllim! Hamı onu belə çağırır. Məktəbə birinci sinfə yenicə qədəm qoyan şagird də, məktəbi bitirən gənclər də, valideynlər də. Şən, zarafatcıl, hamının sevimlisidir Balaş müəllim. Balaş müəllim təşkilatçılığına görə də hamının hörmət və rəğbətini qazanmışdır.
İnsan dünyaya yaşayıb yaratmaq, özündən sonra iz qoymaq üçün gəlir, yalnız əməksevər, zəhmətkeş insanlar faydalı, möhtəşəm işlərə imza ataraq, şəxsiyyət kimi mövcud olduqları cəmiyyəti inkişafa doğru apara bilir. Mənən zəngin, elmi potensialı yüksək, dərin insanlar müraciət etdikləri istənilən sferada uğur qazanaraq nəsillərə örnək olur, atdıqları hər addımla, verdikləri hər qərarla böyük bir işin ərsəyə gəlməsinə səbəb oldular.
Əsl ziyalı üçün elmin istənilən istiqaməti böyük maraq kəsb edir desək yanılmarıq. Bu günlərdə 70 illik yublieyi olacaq, Balaş müəllim belə ziyalılarımızdandır.
Balakişi müəllim çoxuşaqlı ailədə böyüyüb. Rəhmətlik atası Məhəmməd kişi təhsilə böyük önəm verib. Övladlarının təhsil alması üçün bütün əziyyətlərə qatlaşıb. Zəhmətkeş ata arzu və istəyinə çatıb.
Balaş müəllim öz övladlarına da dərs deyib. Onlara həm atalıq, həm də müəllimlik edib. Amma heç vaxt övladlarını başqa şagirdlərdən üstün tutmayıb. Hamıya biliyinə görə qiymət verib. Şagirdlərin uğurlarına həmişə çox sevinən olub.
Ondan ilk və son dərs gününü xatırladığını soruşanda Balaş müəllim dedi ki, insan həyatının hər anı, hər dəqiqəsi onun üçün qiymətlidir.
Belə qiymətli anları unutmaq mümkün deyil. İlk dəfə sinfə dərs deməyə girdiyim və son dəfə dərsimi bitirib sinifdən çıxdığım gün həmişəlik yaddaşıma yazılıb. İlk dəfə 11 sentyabr 1976-cı ildə əlimə jurnal götürüb dərs demək üçün sinfə daxil olmuşam. Onda 21 yaşım var idi. Birinci gün dərs dediyim şagirdlərin gülümsər çöhrələri ilə rastlaşdığım da yadımdadır. Həmin gün mən də, şagirdlər də sevinc içindəyik. Çünki məktəb açılmış, dərs başlamışdı. Orta məktəbdə axırıncı dərs günümü də yaxşı xatırlayıram…
Balaş müəllim bütün dövrlərdə dövlətin və xalqın mənafeyini hər şeydən üstün tutub, el-obada, cəmiyyətdə. Odur ki, 1985-ci ilin iyul ayında rayon Partiya Komitəsinə təlimatçı vəzifəsinə irəli çəkilmişdir. 1989-cu ildə Ali Partiya məktəbinin əyani dinləyicisi olmuş, 1991-ci ildə Politologiya və Sosial İdarəetmə İnstututunu fərqlənmə diplomu ilə bitirmişdir.
Deyirlər ki, insanı dərindən tanımayan kəs onu sevə bilməz. Bu doğrudan da belədir. Lakin bir məqam var ki, tanıdığın insanların heç də hamısını şəxsiyyət kimi sevə bilmirsən. İnsan görmüşəm ki, hər şeyi var, adı, sanı, vəzifəsi ancaq heç kim tərəfindən sevilmir. Quru, ölü bir candır… Tanıdığım və qəlbən duyduğum insanları ömür tarixçəmə həmişə ürəklə, fəxrlə daxil edirəm. Elə Balaş müəllim kimi. O, bir ziyalı kimi harada çalışıbsa daim seçilib. Balaş ziyalı sözünü, əməlini hər şeydən uca tutub, qiymətli hesab edib. Hamını özünün ziyalılığına, ziyalı sözünün qeyrətinə, qanuniliyinə inandırıb. Çünki ziyalı sözü həmişə qanun olub. Dünən də belə idi, bu gün də belədir, sabah da belə olacaq. Çünki oxucularımıza tanış etmək istədiyim bir insanı hamı tanıyır və sevir. O, təpədən –dırnağa ziyalı bir kişidir.
1995-ci ildən 2003-cü ilədək İsmayıllı şəhər 3 nömrəli məktəb-liseyin direktoru işləmişdir. Bu dövrlərdə o, bir çox uğurlara imza atmışdır. Məktəb həmişə qabaqcıllar sırasında olmuşdur.
Balaş müəllim dərslərini elmi-metodiki cəhətdən düzgün qurur. Təcrübədən geniş istifadə edir. Şagirdlərin zehni fəallığını artırır, təfəkkür qabiliyyətini formalaşdırır. Fənnini ürəkdən sevir. Həmkarlarına nümunəvi dərslərin hazırlanması üçün lazımi metodik yardım və tövsiyələr verir.
Balaş müəllim deyir ki, müəllimin yüksək müvəffəqiyyət qazanması onun elmi zəminə əsaslanan dərin biliyi olmalıdır.
Balaş müəllim şagirdlərinin böyük inam və etimadını qazanmışdır. Dərs dediyi, həyata hazırladığı şagirdlərinin ali məktəblərə vəsiqə alması, bu gün ona yaxın şagirdlərinin prezident təqaüdçüsü olması sözlərimizin canlı sübutudur. Balaş müəllim fənnini də, özünü də sevdirməyi bacarıb. Məktəb direktoru kimi də işinin öhdəsindən bacarıqla gəlib. Nurlu sabahımız, xoşbəxt gələcəyimiz üçün çalışıb həmişə.
Balaş müəllim işinin çoxluğundan, vaxtının azlığından heç vaxt gileylənməyən, ən çətin, gərgin anlarda belə müvazinətini saxlayan, əhatəsində olan bütün insanlarla səmimi, isti münasibət qurmağı bacaran, hər hansı bir məslə barədə məsləhət, kömək almaq üçün müraciət edən hər kəsə bacardığı köməyi əsirgəməyən insandır. Mənim qənaətimə görə, bu xüsusiyyətləri daşıdığı yüksək mənəvi keyfiyyətlərin əksəriyyətini o, mənsub olduğu soydan irsən alıb.
Ömrünün kamillik çağını yaşayan Balakişi Xudiyev Azərbaycanın gələcəyini düşünən ziyalıdır. Odur ki, orta məktəbdən yaşla əlaqədar təqaüdə çıxsa da, işini İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində davam etdirir. Burada yorulmadan çalışır. Tam əminliklə deyə bilərəm ki, B.Xudiyev xalqımızın milli, zaman keçdikcə daha çox bəhrə verən intellektual şəxslər yetişdirir. O, rayonumuzun qabaqcıl kimya müəllimidir. O, fənninin əsl bilicisi və ustasıdır. Yeni təlim metodlarından bacarıqla istifadə edir. Bacarıqlı, işgüzar ictimaiyyətçidir. Bir vaxtlar o, rayon Xalq Deputatları Sovetinin deputatı olub. Bu gün də ictimai işlərdə çox fəaldır.
Balakişi müəllim dəfələrlə Fəxri fərman, Diplom və pul mükafatları ilə mükafatlandırılıb. Baş müəllim adına layiq bilinib. Odur ki, bu gün də Balaş müəllim gündəlik dərslərinə dərdindən hazırlaşır, yaradıcı axtarışlarla öz iş təcrübəsini zənginləşdirərək, gənclərə ötürür. O, gənc müəllimlərin yaxın məsləhətçisidir, yaxşı yoldaş, sədaqətli dostdur.
Balakişi müəllim qayğıkeş ata, həm də mehriban, sevimli babadır. O, üç övlad atasıdır. Oğlu Emil İsmayıllı rayon Yol İstismar İdarəsində sahə rəisi işləyir. Qızı Günel Salehova şəhər 1 nömrəli tam orta məktəbinin qabaqcıl riyaziyyat müəllimi, Könül Bağırova isə şəhər 3 nömrəli məktəb-liseydə biologiya müəllimi işləyir. Ailədə 6 nəvə böyüyür. Onlar Balaş müəllimin sevinci, qüruru, dəyağıdırlar.
Biz Balaş müəllimi uzun illərin yoldaşlığı, dostluğu, həmkarlığı sayəsində yaxından tanıya bilmişik. Onu oxuculara tanıtmaq üçün 70 illik ömür yoluna nəzər saldıq. İnşallah 80 illik yubileyiniz üçün…
Dostum, həmkarım Balaş müəllimi ömrün 70-ci mənzilinə yetişməsi münasibəti ilə təbrik edir, ona möhkəm cansağlığı və fəaliyyətində daha böyük uğurlar arzu edirəm.
Hacıməmməd Məmmədov


