İnsan var evdən gedir, insan var eldən gedir! Çox dəyərli ziyalı, pedoqoq, vətənpərvər, qayğıkeş ata, yaşından asılı olmayaraq hamıyla mehriban dost, qonşu, qohum, sözün əsl mənasında müəllim adını doğruldan insan ağlına gələn ilklərdən olan əzizim Nəbi müəllim haqq dünyasına qovuşdu. Nəbi müəllim ömrünü şagirdləri, tələbələri üçün yorulmaq bilmədən şam kimi əritdi. Öz sağlamlığına heç vaxt fikir vermədi. Payız, qış, yaz, yay demədən şagirdləri yüksək səviyyədə təhsil alsın deyə daim onların içində olan xəstəliyi belə ayaq üstə keçirən əsl fədakar bir müəllim bir şəxsiyyət idi. Uzun illər Qərib Məmmədov adına Ruşan kənd tam orta məktəbində direktor işləmişdir.
Onla işləyən müəllimlərin dediklərindən vəzifə belə zərrə də qədər bu şəxsiyyəti dəyişmədi. Əsl ziyalını, əsl müəllimi vəzifə dəyişə bilməzdi qəti! Dəyişmədi də. Minlərlə insanın qəlbində özünə əbədiyyət qazandın Nəbi müəllim. Məni kimi minlərlə insan heç bir qohumluğunuz olmasa belə elə bil ən əzizini, ən yaxınını, canımızdan, qanımızdan olan birini itirmiş kimi hiss edirsə, sizin yoxluğunuzu qorxunc bir röya kimi qəbul edirsə, demək ki, ömrünü boşuna xərcləmədin, boşuna yaratmadın, boşuna yaşamadın. Yaşadın, yaratdın özünə sonsuz əbədiyyət qazandın.
Bu gün sizin tələbələriniz ölkəmizdə ən yüksək vəzifələrdə işləyir, ali məktəblərdə dərs deyir, sizin kimi, müəllim işləyir – dövlətinə, vətəninə, millətinə sədaqətə xidmət edir. Onlar var olduqca, bizlər yaşadıqca siz də bizim şirin xatirələrimizdə şad və qəmgin günümüzdə daim bizimlə var olacaqsınız. Həmişə olduğu kimi bizimlə qəmgin olub, bizimlə şad olacaqsınız.
Allah sizə min rəhmət eləsin. Ruhunuz şad, məkanınız cənnət olsun, inşallah! Bu dünyada olduğu kimi, axirətinizdə də üzünüz ağ olsun, inşallah! Yeni səfəriniz, yeni yolunuz mübarək olsun. Onsuz bu həyat fanidir. Bir gün gələn, bir gün gedər.
Qurani-Kərimdə deyildiyi kimi: İnna lillahi və inna ileyhi raciun – Biz Allaha aidik və bir gün mütləq Ona dönəcəyik. Ən əsası bu dünyada öz özərimizə düşən missiyanı sizin kimi, şərəflə yerinə yetirməkdir. İnsan olaraq dünyaya gəlib, bu dünyadan da yaxşı əməllərə, xeyirxah işlərə sahib olan insan kimi köçməkdir – insanlıq.
Bir gün görüşmək ümidi ilə, Azərbaycan boyda ürəyə sahib olan Azərbaycan ziyalısı, Azərbaycan müəllimi. Rəbbimizin lütfü, mərhəməti, rəhməti sizinlə olsun.
Araz Hüseyn


