6 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tabeliyində olan İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin (UADM) təkşilatçılığı ilə İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası çərçivəsində maarifləndirici görüş keçirilib.
Görüşdə İsmayıllı UADM-in direktoru Lətifə Əliyeva, sosial pedaqoqlar Ayşən Mahmudova və Könül Abdullayeva, klinik tibbi psixoloq Əminə Əliyeva, kollecin təlim və tədris işləri üzrə direktor müavini Ülviyyə Nəzərova, əyani şöbənin müdiri Elmir Ağayev, müəllim və tələbələr iştirak ediblər.
L.Əliyeva çıxışında Dövlət Komitəsi və UADM-in fəaliyyəti barədə tədbir iştirakçılarına məlumat verib. Həmçinin “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası haqqında danışıb və kampaniya ilə bağlı keçirilən maarifləndirmə tədbirlərinin məqsədini qeyd edib.
A.Mahmudova erkən nikah və onun fəsadları, erkən nikahdan zorakılığa aparan yollar, K.Abdullayeva qan qohumluğunun fəsadları, onun ailələr və nəsillər arasında törədə biləcəyi zorakılıqlar barədə danışıblar. Əminə Əliyeva gender əsaslı zorakılığı yaradan səbəblər, zorakılığa məruz qalan həssas qruplar barədə ətraflı məlumat verib, zorakılığın növləri haqqında danışıb. “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası haqqında tədbir iştirakçılarına məlumat verən Ə.Əliyeva Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası və onun öhdəlikərini iştirakçıların diqqətinə çatdırıb. Eyni zamanda zorakılığa məruz qalan qadınların müraciət edə biləcəyi aidiyyəti qurumlar, 860 Gender- əsaslı zorakılıqla bağlı Dəstək Xətti, 116, 111 Uşaq qaynar xətti barədə ətraflı məlumat verilib.
Tədbir diskussiya şəklində davam edib. İştirakçılara “Qadınlara qarşı zorakılığa yox”, “Məişət zorakılığı qurbanlarının hüquqları”, “Erkən nikahın və qohum evliliyinin ana və uşaq sağlamlığına mənfi təsiri” adlı bukletlər paylanılıb.
X.Bağırova


