21 noyabr 2024-cü il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) İsmayıllı rayon təşkilatında partiyanın yaradılmasının 32-ci ildönümü münasibətilə tədbir keçirilib. Tədbirdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov, ərazi partiya təşkilatlarının sədrləri və partiya fəalları iştirak ediblər.
Tədbirdən öncə iştirakçılar ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla anıblar.
Dahi şəxsiyyətin fəaliyyətinin müəyyən məqamlarını əks etdirən videoçarxa baxışdan sonra tədbiri giriş sözü ilə açan YAP İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov çıxış edərək partiyanın yarandığı mürəkkəb tarixi-siyasi şəraitdən, keçdiyi çətin və şərəfli mübarizə yolundan, Heydər Əliyevin xalqın və dövlətin qarşısında göstərdiyi böyük xidmətlərdən danışıb. O, Azərbaycanda dövlətçiliyin möhkəmlənməsi və demokratik prinsiplərin bərqərar olmasının, hüquqi, dünyəvi dövlət quruculuğu prosesinin uğurla həyata keçirilməsinin dahi rəhbər Heydər Əliyevin adı ilə bağlı olduğunu bildirib. Natiq vurğulayıb ki, ümummilli lider Heydər Əliyevin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər artıq Azərbaycanı inkişaf yoluna çıxarıb. Onun fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir.
Daha sonra çıxış edən İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Sevil Əhmədova, İsmayıllı Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin direktoru Xuraman Qurbanova, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri, partiya veteranı Valeh Salehov və digərləri ulu öndər Heydər Əliyev ideyalarını davam etdirən Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın mühüm uğurlar qazandığını diqqətə çatdırıblar.
Tədbirin sonunda YAP sıralarına yeni üzv qəbul edilən gənclərə partiyanın üzvlük vəsiqələri və partiya sıralarında fərqlənən bir qrup üzvə Fəxri fərmanlar təqdim edilib.
İlqar Əhmədli



