Tarix elmləri doktoru  Qafar Cəbiyevin “Mənim Azərbaycanım” kitabını oxuyarkən

 

Onun həyatla mücadiləsi çox erkən yaşlarından başlayıb. Günlərin birində, həftələrlə evdə tapılmayıb işdə olan atasına müəyyən köməklik göstərmək məqsədilə, gecə saat 3-4 radələrində yuxudan oyanır. Ailədə heç kəsi duyuq salmadan paltarını geyinib, çölə çıxır. Atının başına keçirdiyi arpa-saman torbasını ehmallıca çıxarıb kənara qoyur. Sonra onu çöl qapısı ağzında dünən axşamdan əl gəzdirib işlək vəziyyətə gətirdiyi sınıq-salxaq arabsına qoşur və bu gün küləşi yandırılacaq tarlaya yollanır. İşıqlanmaqda olan üfüqə sarı boylanır. Ürəyində düşünür ki, nə olaydı mexanizatorlar sahəyə bir az gec gələydilər, heyvanlarımıza qış tədarükü olaraq bu ucuz yemdən bir-iki araba apara biləydim. 13-14 yaşlı uşağın canı, cüssəsi, hünəri nədir ki, onun yüklədiyi araba da nə olsun. Qan-tər içərisində bacardığı qədər arabanı küləşlə doldurur,  aşmasın deyə belinə hər tərəfdən çalın-çarpaz kəndirlər dolayıb, düyünləyir. Tələm-tələsik kəndə sarı dönür. Kəndin girəcəyindəki asfalt yola bir az qalmış, at yerindəcə donub qalır. Arabanın arxasınca gələn yeniyetmə, özünü arabaya çatdırıb nə baş verdiyini öyrənmək istəyəndə, qarşısında hiddətdən qızarmış hirsli təsərrüfat başçısını görür. Ədəblə salam verib görüşmək istəyəndə, kolxoz sədri yeniyetmənin əlini kənara itələyir:

-Utanmır, hələ bir salam da verir.

Özünü itirmiş yeniyetmə, ağzını doldurub nə isə demək istəyəndə, sözü ağzında qalır. Səlahiyyət sahibi sürücüsü ilə bərabər, hərəsi bir tərəfdən əllərindəki bıçaqla kəndirləri doğramağa başlayırlar. Küləş buna bənd imiş kimi, aşıb ətrafa səpələnir… Həmin il sahələrdə biçilib daşınmayan min tonlarla belə küləş topaları kimi, yeniyetmənin əziyyətlə tədarük etdiyi ələf də, qarşıdan gələn yağışlı payız aylarında çürüyərək torpağa qarışır. Başqa bir dəfə isə, qış aylarında 10 uşaqlı ailənin isinməsi üçün atla meşədən gətirilən qırıntı çırpılar da, briqadir tərəfindən beləcə ipi doğranaraq yerə boşaldılmışdı. Üstəlik o, bədheybət varlıq, nəvəsi yerində olan uşağa hücum çəkib, üzünə var gücü ilə şillə çəkməkdən də usanmamışdı. Halbuki, o vaxtkı qanunlara əsasən çoxuşaqlı ailələri odunla təmin etmək, elə kolxozun öz işi imiş.

Həyatla yenicə ünsiyyət qurmaq istəyən, hələ sümükləri bərkiyib formalaşmayan, heç bir dünya görüşünə malik olmayan bir uşaq, qarşılaşdığı insanlardan başına sığal, şəninə təriflər gözlədiyi halda, aldığı mənəvi və fiziki zərbələrdən donub yerindəcə qalmışdı. Bu, süd qoxulu yeniyetmənin həyatda qarşıladığı ilk məmur ədalətsiziyi, məmur insafsızlığı idi. Fidan balanın həyatına edilən müdaxilələr bununla bitsəydi nə vardı ki. Kəndlərində orta məktəb binası tikməyin vaxtı çoxdan çatmışdı. Buna  qabaqcıl təsərrüfatın imkanları da, məktəb şagirdlərinin sayı da yetərli idi. Təhsil şöbəsi isə, kənddə 8-ci sinfi bitirənlərə orta təhsillərini ya rayon mərkəzində, ya da Diyallı orta məktəbində davam etdirmələrini tövsiyə edirdi. Lakin yazımızda indiyə kimi “yeniyetmə”, “uşaq”, “fidan” kimi adlandırdığımız 9-cu sinif şagirdi Qafar, buna etiraz edirdi. O, siniflərindəki 9 oğlan və 9 qızla o zamankı Birinci Katib İmran Mehdiyevin qəbuluna gedirlər və istəklərinə nail olurlar. Elə bu şagirdlərin özləri də, Talıstan orta məktəbinin ilk məzunları olurlar.

Qafar H.B.Zərdabi adına Pedaqoji İnstitutunun tarix fakültəsini fərqlənmə diplomu ilə bitirib, təyinatını tarix müəlliminə ehtiyac duyulan kəndi Talıstana alır. Təhsil şöbəsində isə, ona bu arzularını reallaşdırmasında maneçilik törədən qüvvələr tapılır. Rayon mərkəzindən çox-çox uzaqlarda, yolu-izi olmayan natamam orta məktəblərdə işləməyi təklif edirlər gənc müəllimə. Lakin imzası, bacarıq səviyyəsi hələ orta məktəb illərindən mətbuatda tanınan enerjili gənc müəllimi istəyindən döndərmək o qədər də asan olmayır. O, tarix müəllimi olaraq kəndlərində qalıb işləməyə nail olur. Bir müddətdən sonra gənc pedaqoqu rayonun “Zəhmətkeş” qəzetində əvvəlcə şöbə müdiri, redaktor müavini, Azərbaycan KP İsmayıllı rayon partiya komitəsində təlimatçı vəzifələrinə irəli çəkirlər. Burada da gənc partiya işçisinin işləri rəvan getmir. “Zəhmətkeş”də dərc olunan publisistik məqalələri, felyeton və digər yazılarının durmadan ona nüfuz qazandırması, rayonun Birinci Şəxsinin onunla hesablaşması, məruzə və çıxışlarını yalnız Qafar müəllimə etibar etməsi,  bir çoxlarının qıcığına səbəb olur. Qafarın intelektual, bacarıq və qabiliyyətini həzm edə bilməyənlər, onu gözdən salmaq üçün qarayaxma kampaniyasına başlayırlar. Fəhlə işləyən atasına rəğmən onu ironiya ilə vəzifələrə yaraşmayan “Cəfərin oğlu” adlandırırlar. Rayonda baş verən neqativ halları onun ünvanına çıxırlar, arxasınca ekstrasens, baxıcı salırlar. Bunlar da nəticə verməyəndə, nüvə silahından daha güclü dağıdıcı qüvvəyə malik olan qadın kartını dövriyyəyə buraxmaq istəyirlər, rayonun Birinci Şəxsinə ondan heç bir əsası olmayan donoslar çatdırırlar, nəticədə üz-üzə gəlməli olurlar. Artıq hər şeyin bitdiyini hesab edən 31 yaşlı Qafar müəllim, ərizə yazıb öz arzusu ilə işindən çıxmalı olur, qiyabi aspirant təhsili aldığı AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda laborant işinə girir. Rayon rəsmiləri öz səhvlərini bir qədər gec başa düşüb, Qafar müəllimə  geri qayıtması təklifini göndərirlər. Təsir mexanizmi olaraq, onu  illərlə rayon pasport və partiya qeydiyyatından çıxarmırlar. Qafar müəllim isə, artıq bu vaxt onu səmimiyyətlə qarşılayan yüksək elm mərkəzində öz dissertasiyası üzərində çalışırdı.

Bu misralar, tarix elmlər doktoru, professor, Respublikanın Əməkdar jurnalisti, AMEA-nın Albanşünaslıq Elmi Mərkəzinin rəhbəri, həmyerlimiz, fəxr və qürurumuz Qafar Cəfər oğlu Cəbiyevin bu yaxınlarda işıq üzü görmüş “Mənim Azərbaycanım, yaxud ömrün yadda qalan anları” kitabından qaynaqlanan, heç vaxt unudulmayan uşaqlıq və gənclik xatirələrinin yalnız kiçik bir hissəsidir. 650 səhifəlik monumental əsəri oxuduqca, Qafar müəllimi sonralar istər daxildə, istərsə də xaricdə öz dövlətinin suverenliyi, öz millətinin hüquqları uğrunda daha geniş müstəvidə mübarizə aparan həqiqi bir vətəndaş obrazında görürük. “Mənim Azərbaycanım” kitabı eyni zamanda professorun gözlə görünməyən bir çox incə insani keyfiyyətlərini üzə çıxaran bir mənbədir.

Qafar müəllim  doğulduğu məkanın hər bir daşını, hər qarış torpağını sevən bir el oğludur. Adam var müəyyən səbəblərdən doğma kəndini, el-obasını tərk edib,  taleyin hökmü ilə dünyanın müxtəlif guşələrinə səpələnirlər. Kimi sosial vəziyyətindən asılı olaraq qoyub getdiyi yurd-yuvanı heç zaman unutmayır, oranı özünə Qibləgah bilir. Kimi də üzüdönüklük edib tez unudur. Qafar müəllim birincilərdəndir. Onun, kitabının ilk fəsillərdən birinə “Mənim Talıstanım” adını verməsi, mənə Rəsul Həmzətovun “Mənim Dağıstanım” kitabını xatırlatdı. Bununla Qafar müəllim Rəsul Həmzətov kimi el-obasına nə qədər bağlı insan olduğunu bəyan edir. Müəllif Talıstanı, ömür yollarında həyatın şirinliyini daddığı ilk məkan adlandırır. Kirovabadda qəbul imtahanı götürən müəllim, qarşısındakı gəncin İsmayıllı rayonunun Talıstan kəndindən olduğunu biləndə, ondan biletdəki sualları yox,  məhz S.Vurğunun “Talıstan” şeirini soruşmuşdu. Abiturient isə bütün poemanı bülbül kimi birnəfəsə söyləyib, “əla” qiymət almışdı.

Qafar müəllim ona dar ayaqda qahmar çıxan xeyirxah insanların adlarını dəfələrlə kitabında xatırlayaraq, onlara öz minnətdarlığını bildirir, öz gələcək uğurlarını onların adları ilə bağlayır. “Necə aspirant oldum?” xatirəsində Qafar müəllim yazır ki, Bakıya ilk gəlişim məhz aspirant olmaq üçün gəlişim idi. Bakını tanımırdım, burada qalıb gecələməyə heç qohumlarımız da yox idi. Yola düşərkən atam mənə cəmi 50 manat pul vermişdi. Bu pulla Bakı kimi nəhəng bir şəhərdə mehmanxanada qalıb yaşamaq qeyri mümkün idi. Rayondan adını tutub gəldiyim, mətbuatda məqalələrini oxuduğum Fazil Osmanovu tapıb, ona filosof olmağımı bildirdim. O, məni o dövrün görkəmli tarixçi-arxeoloq alimləri olan İqrar Əliyev, Qara Əhmədov, Rəşid Göyüşov, İdeal Nərimanov, Cabbar Xəlilov, Rəhim Vahidov, Teymur Bünyadov, İlyas Babayev və b. tanış edib söhbət etdilər. Mənə məsləhət  verib dedilər ki, ay oğul, sən filosof yox, arxeoloq olmalısan. Axşam olub getməyə yerim olmayanda, Fazil müəllim məni evlərinə apardı, işlərim sahmana düşənə kimi onlarda qaldım. Mənim bugünkü gündə tanınmış bir alim olmağımda, düzgün yol seçməyimdə zəhməti olmuş bu insanlara ömür boyu borcluyam.

Qafar müəllim ABŞ, Misir, İtaliya, Çin, İspaniya, Rusiya, Ukrayna, Qazaxıstan, Monqolustan, Şotlandiya, Türkiyə, Kipr, Şimali Makedoniyada və Norveçdə keçirilən beynəlxalq konfrans və simpoziumlarda məruzələrlə çıxış etmiş, panel müzakirələrə rəhbərlik etmişdir. Haralarda olur olsun, Qafar müəllim hər zaman vətən sevgisi ilə yaşayır, gördükləri hər cür yenilik və tərəqqini öz respublikasında görmək istəyir. Məsələn, Belçikada səfərdə olarkən orada yaradılan Muzeylər şəbəkəsi və adi bilet satmaqla ölkəyə gələn milyonlarla sərmayə axını, Qafar müəllimdə maraq doğurur. Atılmış köhnə kömür şaxtalarının, onlara xidmət edən müəssisə və qurğuların, iflasa uğramış tikiş və toxuculuq fabrikləri olduğu kimi saxlanılmaqla o yerlərin muzeyə çevrilməsi çox təqdirəlayiqdir. Əgər 30-40 il əvvəl Belçika dövləti o müəssisələrdən gəlir götürürdüsə, indi turist axınından daha çox mənfəət qazanır. Müəllif ürək ağrısı ilə qeyd edir ki, mən bu nümunələri gördükdə Bakı, Gəncə, Sumqayıt, Şəki, Mingəçevir, Ordubad, İsmayıllı və digər yerlərdəki müxtəlif təyinatlı iri istehsal müəssisələri gözlərim önünə gəldi. Bu müəssisələrin konveyerləri, dəzgahları, hətta daş və kərpicləri də sovet quruluşunun son illərində yaranmış xaos və özbaşnalıq şəraitində talan edilib qonşu dövlətlərə daşındı. Məgər o yerləri muzey etmək olmazdımı?

Kitabda maraq kəsb edən məqamlardan biri də müəllifin İtaliya səfərindən aldığı təəssürat və bir də Vatikanda gördüklərindən vəcdə gəlib qapandığı hisslərdir. Romanın Borgezi parkı turistlərin ən gur axışdığı yerlərdən biridir. On hektarlarla ərazisi olan bu park, Borgezi adlı bir xeyriyyəçi tərəfindən salınıbdır. Parkın girişində ucaldılan Şərq dünyasının karifeylərindən sayılan Firdovsinin heykəlinin bir neçə metriyində olan xalqımızın fəxri ulu Nizaminin heykəlini görən hər bir şəxsin keçirdiyi hiss və duyğuları yalnız Qafar Cəbiyev qələmi təsvir edə bilər. Vatikan səyahəti  isə bunun əksi olaraq, Qafar müəllimə XX əsrin ən dəhşətli soyqırımı olan Xocalı faciəsini bir daha xatırlatmışdı. Sahəsi 0,44 kvadrat kilometr, sərhədlərinin uzunluğu 2,6 km., əhalisi bir neçə min olan Vatikan xristian aləminin din mərkəzi olmaqla bərabər, həm də məşhur əlyazmaların saxlandığı yerdir. Kitabi-Dədə Qorqudun 6 boyu, Şah İsmayıl Xətainin “Divan”ı əlyazmaları da buradadır. Sahəsi 15160 kvadratmetr, hündürlüyü 132,5 m. olan müqəddəs Pyotr kilsəsi də buradadır. İnsan zəkasının, insan əlinin yaratdığı bu qeyri-adi möcüzə görüntülü məbədin əslində nə ilə məşğul olduğunu biləndə, istər-istəməz Xocalı qırğınını yada salmışdı müəllif. Xocalıda südəmər uşaqlar, qadınlar, qocalar qışın sərt soyuğunda öldürülüb tanınmaz hala salınanda, Vatikanın sabiq papası İkinci İohan Pavel ermənilərin bu vəhşiliklərini “din uğrunda savaş” adlandırmışdı. Üstəlik gizli məktubunda Xocalıya gəlib orada həlak olan erməni qardaşların ruhu qarşısında baş əyəcəyini vəd etmişdi. Qafar müəllim kəsərli qələmi ilə ictimaiyyətə müraciət edib belə yazır: ”İlahi, bir gör bu nəhəngliyində Vatikan və onun başında duranlar nəyə və kimə xidmət edirlər?”.

Qafar müəllimin tariximizə yeni iz salan elmi nailiyyətlərindən, onun 10 il fəaliyyət göstərdiyi Milli Televiziya və Radio şurasının üzvü və sədr müavini olmasındakı, habelə digər sahələrdə xidmətlərindən bəhs etməyə bir qəzet səhifəsi bəs etməyir. Qarşıdan böyük alimin 75 illik yubileyi gəlir. Ömrünün növbəti baharında Qafar müəllimə böyük yaradıcılıq uğurları arzulamaqla bərabər, uzun ömür sürməyi də diləyirik. İstəyirik ki, həyatındakı düz xətt sonsuzluğa qədər davam etsin. Bir düz xətt milyonlarla əyri xətləri doğrayır.

Vaqif Məmmədov

Bir yanıt yazın