Azərbaycan energetikləri 20 oktyabrı öz peşə bayramları günü kimi qeyd edirlər. Bu tarix Azərbaycanın həyatında xüsusi əhəmiyyət kəsb edən əlamətdar bir hadisəyə əsaslanır. 1981-ci il oktyabrın 20-də “Azərbaycan” İstilik Elektrik Stansiyasının (İES) birinci enerji bloku ulu öndər Heydər Əliyevin təşəbbüsü və bilavasitə rəhbərliyi ilə istifadəyə verilib, bununla da Azərbaycan energetikasının inkişafında yeni bir mərhələnin əsası qoyulub. Prezident İlham Əliyevin 2004-cü il 13 oktyabr tarixli Sərəncamı ilə həmin tarixin ölkəmizdə Energetiklər Günü kimi təsis edilməsi isə milli energetika salnaməmizin daha bir şanlı səhifəsi, ölkə rəhbərliyinin bu sahədə çalışan insanların fədakar əməyinə verdiyi böyük dəyərin ifadəsidir.
İsmayıllı energetikləri öz peşə bayramları günündə Ulu öndərin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə təe güllər düzüblər.
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayev Energetiklər Günü münasibətilə rayonumuzda bu sahədə çalışanları təbrik edib, onlara həyat və fəaliyyətlərində yeni-yeni nailiyyətlər arzulayıb. O, əmin olduğunu bildirib ki, energetiklərimiz üzərilərinə düşən şərəfli missiyanı bundan sonra da ləyaqətlə davam etdirəcəklər.
E.Məmmədov

