Qrip – qrip virusu tərəfindən törədilən nəfəs yollarının kəskin infeksiya xəstəliyidir. Bu xəstəliyə əsasən insanlar yoluxur. Bu xəstəliyə bütün il boyu rast gəlinsə də, əsasən mövsümi dəyişikliklər dövrü, yəni payız-qış ayları və yazın əvvəlində sürətlə çoxalır.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 25 may tarixli 413 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi haqqında Əsasnamə”nin 8.14-cü yarımbəndini və Ümumdünya Səhiyyə Təşkilatının “2019-2030-cu illər üçün qriplə mübarizəyə dair Qlobal Strategiyası”nı rəhbər tutaraq, respublikada 2024-2025-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik tədbirlərin həyata keçirilməsi məqsədi ilə 4 sentyabr 2024-cü il tarixində 3-28/3-1-461/2024 saylı əmr verilmişdir. Əmrə əsasən 2024-cü ilin 10 sentyabr tarixindən 4 ay müddətinə qrip əleyhinə vaksinasiya tədbirləri həyata keçiriləcəkdir. Eyni zamanda Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən “2024-2025-ci ilin payız-qış mövsümünün başlanması ilə əlaqədar əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əks epidemik, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə 20 sentyabr 2024-cü il tarixli 3-28/3-1-508-2024 nömrəli əmr imzalanmışdır.
Qrip kəskin şəkildə olduqda sətəlcəm ilə nəticələnərsə ölümə səbəb ola bilər. Xüsusilə sətəlcəmə tutulma halları az yaşlı və qoca insanlarda daha çox baş verir. Qrip digər qripə bənzər xəstəliklərlə, məsələn zökəm ilə tez-tez qarışdırılsa da, qrip daha ağır formalı xəstəlik hesab olunur, fərqli virusla yoluxma nəticəsində baş verir. Adətən, qrip öskürmə və asqırma yolu ilə ötürülür. Qrip virusu gün şüası, dezinfeksiya edici və təmizləyici vasitələrin təsiri altında aktivliyini itirir. Mütəmadi olaraq əllərin sabunla yuyulması qripə yoluxma riskini azaldır. Qrip bütün dünyada mövsümi epidemiya şəklində yayılır. Qrip simptomları virusa yoluxmadan 1 və ya 2 gün sonra başlayır. Adətən ilk siptomlar asqırma olur, lakin qızdırma da bura daxil edilir. Belə ki, yoluxmadan az sonra bədən temperaturu 38-39 dərəcəyə kimi qalxır.
Bəzi insanlar qripi çox ağır formada keçirir, günlərlə yataqda qalır, bütün bədəndə xüsusilə ayaqlarda və beldə kəskin ağrılar olur. Qripin əsasən aşağıdakı simptomları olur:
– Qızdırma, titrətmə, öskürək;
– Bədəndə ağrılar (xüsusilə boğaz və baş ağrıları);
– Halsızlıq, gözlərin yaşarması;
– Gözlərin, boğazın, ağzın, sifət dərisinin, burnun qızarması.
Qripə tutulmuş xəstələrin böyük bir qismi evdə müalicə olunur. Lakin qrip ağır forma aldıqda xəstəni evdə saxlamaq onun vəziyyətinin daha da pisləşməsinə səbəb ola bilər. Xəstə qızdırmalı dövründə yataq rejmində qalmalıdır, vitaminlə zənginləşdirilmiş məhsullar onun əsas qidası olmalıdır. Qripin qızdırmalı dövründə bol maye içmək məsləhətdir. Çünki yüksək qızdırması olan insan böyük həcmdə maye itirir. Xəstə olan otağın mütləq havası dəyişdirilməlidir. Xəstəliyin profilaktikasında orqanizmin müqavimətinin artırılması əsas şərtlərdən biridir. Bunun üçün səhərlər idman etmək, tez-tez təmiz havada olmaq, bədəni yaş dəsmalla silmək lazımdır. Eyni zamanda proflaktika məqsədilə fitonsidlərlə zəngin olan soğan və sarımsaqdan istifadə edilməlidir. Bir daha əhalinin nəzərinə çatdırırıq ki, qrip xəstəliyinin əlamətlərini hiss edən kimi mütləq həkimə müraciət edin.
X.Qəmbərov,
İsmayıllı rayon GEM-nin direktoru

