İsmət və qeyrət…
Hörmətli dostlar, əminəm ki, Azərbaycan xalqının, millətimizin əsrlərdən bəri şərəfini və ləyaqətini əks etdirən dəyərlərə bu gün daha kəskin ehtiyac var. Kənardan gələn qüsurlu mənəviyyat millətimizdə əxlaqsızlıq və pozğunluq mühitini formalaşdırmaqdadır.
Dağ kimi ata-babalarımızın saf, təmiz və duyğulu irsi günü-gündən daha ciddi təhlükə ilə üzləşir. Gənclik əxlaqsızlıq həmlələrinə məruz qalır. Təəssüf çoxsaylı telekanallar, KİV-lər maddi maraq naminə əxlaqsızlığın, mənəvi pozğunluğun təbliği ilə canla-başla məşquldurlar.
“Dayan!” – deyən yox. Nə edək? Əxlaqını itirmiş insanlar Vətənə, dövlətə ciddi, məhfə aparan təhlükədir.
Əminəm ki, xalqımız naminə cəmiyyətə deməyə hər birimizin sözü var. Bu Vətən və Dövlət üçün etdiyimiz xidmət hər birimizə haqq verir ki, bacardığımız qədər və daha çox cəmiyyətimizin mənəvi tərəqqisinə öz töhfəmizi verək. Axı bu Vətəndə uşaqlarımız, nəvələrimiz, gələcəyimiz yaşayacaq.
Diqqətinizə təqdim etdiym yazı əsil Azərbaycan qadınına aiddir… ona xas olan köklü xüsusiyyətlərə – onun ismətinə və qeyrətinə aiddir.
Tək bir görüntüdə:
…Mənalı və təsirli teatr tamaşası sona çatırdı.
İnsanlar ayaq üstə aktyorları alqışlayırdılar. 4-5 cərgə qabaqda, yaşlı qadınlar xüsusi həvəslə əl çalırdılar. Hamısı lap anam kimi geyinmişdilər: enli, dirsəyə qədər qolları olan geniş rəngbarəng, güllü şifon, kripjojert donlar. Gözəl, həsrətli bir mənzərə idi.
Nəhayət, pərdə bağlandı. İnsanlar cərgələrdən keçidə çıxırdılar. Gözüm yaşlı xanımların cərgəsində idi. Soldan birinci xanım keçiddə pilləni görmədən ehmalca çıxdı cərgədən. Dərhal boşluğa düşən ayağı büdrədi. Müvazinətini itirən xanım yıxılmaqda idi. Ətrafındakılar özlərini itirmişdi. Qadın başı aşağa yıxılırdı. Yıxılaraq, iki əli ilə donunun ətəyindən bərk yapışmışdı. Ani bir təhlükədə, başından, bədənindən xəsarəti kənara buraxıb dizlərini örtürdü. Qadın isməti, qadın qeyrəti ona canından üstün idi… O, əsil-nəsilli Azərbaycan qadını idi.
Bu səhnə gözümün qarşısından getmirdi.
Kaş yaxında olaydım.
Bakı küçəsində isə tam əks görüntü idi. Adamın gözlərini ağrıdan mənzərə üzücü idi. İfrat dərəcədə arsız geyinənlər kiminsə qızı, bacısı, həyat yoldaşı, bir məsum uşağın gənc anası idi…
Düşünmək və maarifləndirmək vacibdir.
Zahid Teymurov,
hərbi polkovnik


