Armud ağacı

 

Duyğular içində bir ölü dəniz,

Sahili olmayan ümman kimiyəm.

Bilmirəm, bu mənəm, ya mən deyiləm,

Yalanam, gerçəyəm, güman deyiləm.

 

Könlüm – coşan dalğa, cumur sahilə,

Qovur dalğaları dəli küləklər.

Yaşa dolub gəlib, darıxıb gəlib,

Kənddən apardığım körpə diləklər.

 

Gəldim, doğma kəndim, qayıtdım sənə,

Dəyişib çöl-çəmən, o həyət-baca.

Heyrətlə baxıram altdan yuxarı,

Əlimlə əkdiyim körpə ağaca.

 

Sən nə tez böyüdün, armud ağacı,

Bir zərif pöhrəydin, nazik bir fidan.

Meyvəli, kölgəli budaqlarınla,

Sən mənə gör nələr deyirsən bu an.

 

Sən ata yurduna vəfalı çıxdın,

Barlı-bəhərlisən, yar-yaraşıqlı.

Gecə pəncərəmi döyür budağın,

Səhərlər nurlusan, yaşıl işıqlı.

 

İndidən əyilib barlı budağın,

Şirin meyvələrin bal dadacaq, bal.

O ötən illərə qaytarır məni,

Acılar yaşamış hər şirin xəyal.

 

Mən də bir fidandım, kənddən gedəndə,

Qürbət Vətən deyil, armud ağacı.

Arzu-istəyimin içində heç nə,

Sən tək bitən deyil, armud ağacı.

 

Eh, ata yurdunda yovşan da şirin,

Yad yerdə bal yesəm, acıdan acı.

Sənin həsrətini çəkib gəlmişəm,

Mümkünsə, bağışla, armud ağacı.

 

Səndən ayrılanda uşaq idim mən,

Yadında qalıbmı, yoxsa bir yadam.

Mən dinən qurumuş ağac kimiyəm,

Sən köklü-budaqlı, susan bir adam.

 

 

Bir də dönməyəcəm heç zaman sənə

 

“Əlvida!” –  demədim ayrılanda mən,

“Hələlik!” – söylədim, keç o ümiddən.

Qoy deyim, sən də bil təkrar, yenidən,

Bir də dönməyəcəm heç zaman sənə.

 

Gəncliyim, şuxluğum orda qalsa da,

O ünvan səsləyən, şirin olsa da,

Baxışın, gülüşün könül alsa da,

Bir də dönməyəcəm heç zaman sənə.

 

Diksən də gözünü getdiyim yola,

Bir gündə düşsən də neçə cür hala,

Qoymaram qürurum, hissim alçala.

Bir də dönməyəcəm heç zaman sənə.

 

Ayları, illəri bitirəcəksən,

Ahını Tanrıya yetirəcəksən.

Sən məni ömürlük itirəcəksən,

Bir də dönməyəcəm heç zaman sənə.

 

Ümidlər, gümanlar boş, faydasız, heç,

Etdiyin  günahdan əvvəl özün keç.

Bacarsan, özünə həmdəm, yolçu seç,

Bir də dönməyəcəm heç zaman sənə.

 

Daha sənin deyiləm

 

Boylanıb bu qədər baxma geriyə,

Gələnin gedibdir, dönən deyildir.

Yol vermə üstünə qəmlər yeriyə,

Ayrılıq atəşi sönən deyildir.

 

Bəxtinə gün kimi doğan o qismət,

Daha sənin deyil, yorma özünü.

Dünyamsan! – dediyin almadı qiymət,

İndi oda-közə vurma özünü.

 

Mən mələk bənzəri, zərif çiçəkdim,

Sən qarlı, şaxtalı bir qışa döndün.

Qəlbində yer versən, isinəcəkdim,

Əfsus, gözlərimdə yağışa döndün.

 

Əlçatmaz, ünyetməz xəyallar ilə,

Qalmısan baş-başa, məndən aralı.

Sevirəm sözünü gətirmə dilə,

Səndə dil, məndəsə, ürək yaralı…

 

Son zəng

 

Son zəng çalınan gün – sinif boşalıb,

Sahibsiz qayığa bənzəyir xəyal.

O susan suallar indi baş alıb,

Eşit, gör nə deyir baxışları lal?

 

Həsrətin yandırır susan dilimi,

Nə tez keçdi günlər, mən o uşağam?

Tapdım, itirdim də ilk sevgilimi,

İlk zəngin səsitək səndən uzağam.

 

Söylə yadındamı ilk dərs saatı?

Yoxsa unutmusan olub-keçəni?

Mənimlə etdiyin ilk zarafatı –

“Bilsəydin nə qədər sevirəm səni!”

 

Hardadır o günlər, o şirin anlar,

Yüz yol zəng çalına, geriyə dönməz.

Yanan bir ocaqdır bir vaxt olanlar,

Tüstüsü kəsilər, istisi sönməz.

 

Bəlkə çalmayasız o zəngi hələ,

Bir az da oynayaq, dəcəllik edək.

İllərin dostutək tutub əl-ələ,

Ayrılıq günündə bir “Yallı” gedək.

 

Bizə qucaq açır həyat bu səslə,

Həyata çağırış səsidir bu səs.

Yaşasın, yaratsın – uğur, həvəslə,

Yaşamaq gözəldir! – söyləyən hər kəs!

Xavər İsmayıllı

Bir yanıt yazın