Yaş insanı müdrikləşdirir, yoxsa insan yaşı… Üzlərinə, gözlərinə arxada qalan bir əsrə yaxın tarixin dərin şırımlarla iz saldığı Əkrəm babaya, Hənifə nənəyə baxdıqca qeyri-ixtiyari bunu düşünürsən…

Rayonun sayılıb-seçilən, nümunəvi ailələrdən söz düşəndə adı birincilər sırasında fəxrlə çəkilən Əkrəm və Hənifə Əhmədovlar İsmayıllı rayonunun ən gözəl kəndlərindən birində – adı böyük şair Səməd Vurğunun poeziyasında əbədiləşmiş məşhur Talıstan kəndində yaşayırlar. Əkrəm baba 89 yaşında, Hənifə nənə isə 88 yaşında belə gümrah qalmalarının səbəbini elə ilk əvvəl kəndlərinin səfalı olması və bir ömür boyu fiziki əməklə məşğul olmalarında görürlər.

Əkrəm Əhmədov orta təhsil aldıqdan sonra Leninqrad (indiki Peterburq) şəhərində Meşəçilik Akademiyasına daxil olur. İkinci kursda oxuyanda kənd ağsaqqallarının təklifi ilə Azərbaycana qayıdır və Kənd Təsərrüfatı İnstitutunda təhsil alır. Uzun illər müxtəlif vəzifələrdə çalışır, kolxoz sədri, sovxoz direktoru olur. Ömür-gün yoldaşı Hənifə xanımla birlikdə 9 övlad böyüdürlər, təəssüf ki, onların bir neçəsi artıq dünyalarını dəyişiblər. Ailənin ilk övladı, ilk güzarı Ramiz atasının vaxtilə yarımçıq qoyduğu yolu davam etdirərək Leninqradda Meşəçilik Akademiyasını bitirir, təyinatla Kəlbəcərdə işləyir. Qarabağ hadisələri başlayanda atasının hər sözündən, anasının laylasından canına, qanına Vətən sevgisi hopmuş Ramiz əlinə silah alaraq Vətənin müdafiəsinə qalxır və bu yolda şəhid olur. Ata-ana bu gün igid oğullarından da, onun yadigarları olan nəvələri Orxan və Ayxandan da fəxrlə danışırlar – Orxan müəllimdir, ”İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibidir, Ayxan Azərbaycan Dövlət İqtisad Universitetinin Zaqatala filialında şöbə müdiridir. Ümumilikdə, Əhmədovların 14 nəvəsi, 4 nəticəsi var. 9 nəvə babaları kimi ali təhsillidirlər və müxtəlif işlərdə çalışaraq dövlətə xidmət edirlər. Əhmədovların övladlarının, nəvələrinin də gözəl ailələri var və təkcə ailə quranda yox, həmişə onlar böyük kimi, həyat dərsi almış biriləri kimi övladlarına, nəvələrinə güclü ailə sahibi olmağın sirlərini öyrədirlər. Əkrəm müəllim deyir ki, ailə kiçik dövlətdir, bu dövləti quranda hökmən böyüklərlə məsləhətləşmək, dönə-dönə götür-qoy etmək lazımdır ki, o dövlət möhkəm, uzunömürlü olsun. Hənifə nənə deyir ki, tərəflər bir-birini işarədən anlamalı, başa düşməli, bir narahatçılıq, bir problem olanda öz aralarında həll etməlidirlər – evin sözü evin eşiyindən o üzdə eşidilməməlidir. Aramızda inciklik olub, ancaq uzağı yarım saatdan sonra barışmışıq, kiçik bir incikliyi böyüdüb boşanmaya gətirməmişik, ailəni qorumaq üçün hər iki tərəf güzəştə getməyi bacarmalıdır – deyir Hənifə nənə.

Əkrəm Əhmədov torpağa bağlı insandı, bu onun aqronom olmasından çox, qanından, əmdiyi Ana südündən, yediyi Vətən çörəyindən, aldığı tərbiyədən irəli gəlir. Torpağı ana bilir, ana kimi sevir, əzizləyir. Övladlarına da ağılları söz kəsəndən  belə deyib: Anasını sevən ilk əvvəl torpağını, Vətənini sevməlidi, yoxsa nə o torpaq Ana Torpaq olar, nə o Vətən Ana Vətən olar. Bir vaxtlar övladlarını bu ruhda böyüdüblər, bu gün nəvələr, nəticələr onlardan Vətən, torpaq dərsi alırlar. Şəhid Ramizin ömür yolu da bacı, qardaş uşaqları üçün də, Talıstan gəncləri üçün gözəl örnəkdir. Və bunu Əkrəm baba ilə Hənifə nənə nağıllaşan söhbətləri ilə sonrakı nəslə ötürürlər, ötürürlər ki, onlar da torpağın, Vətənin ana, ata qədər qiymətli, əziz olduğunu bilsinlər, bu ruhda böyüsünlər, Talıstandan – doğulduqları evdən başlayan Vətən sevgisi bütov Azərbaycanla bir olsun, Ananı Vətən, Vətəni Ana bilsinlər..

Bu zəhmətkeş, uzun və nümuməvi ömür yolları ilə tanışlıq üçün gəliblər ağsaqqal və ağbirçəyə uzun ömür arzulayıblar. Ümidvar olduqlarını bildiriblər ki, inşallah gənc nəslin nümayəndələri ailənin ənənələrini layiqincə davam etdirəcəklər.

Çay süfrəsi kənarında söhbətdən və görüşdən yaddaşlarda şirin xatirələr hopub və xatirə şəkli qalıb.

Lətifə Əliyeva

 

Bir yanıt yazın