Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının təşəbbüsü və İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələri və qazilər üçün tibbi müayinə aksiyası keçirilib.
Aksiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin rayon mərkəzindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Sonra Şəhidlər xiyabanı ziyarət olunub, Qarabağ müharibəsi şəhidlərinin xatirəsi anılıb. Şəhid məzarları üzərinə qızılgüllər düzülüb.
Daha sonra İsmayıllı Rayon Mərkəzi Xəstəxanasında şəhid ailələrinə, qazilərə və onların ailə üzvlərinə professor Tofiq Cahangirov və onun rəhbərliyi altında çalışan həkim heyəti tərəfindən kardioloji, nevroloji və endokrinoloji müayinələr keçirilib. Həmçinin müasir rəngli Doppler exokardioqrafiya, qarın boşluğunun ultrasəs müayinələri də aparılıb.
“Qarabağ Azərbaycandır! Zəfər Azərbaycanındır!” şüarı altında keçirilən və iki gün davam edən aksiya zamanı ümumilikdə 200-dən artıq şəhid ailəsi üzvü və qazi müayinə olunub. Onlara müxtəlif müalicələr təyin edilib.

