İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının Ginekologiya və Doğum şöbəsində doğuşdan sonra hər bir ana və körpə mütəmadi müayinə olunur, onların sağlamlığı və qida rasionu ilə bağlı məsləhətlər verilir. Eyni zamanda xəstəxanadan çıxdıqdan sonra da, sağlam uşaq böyütmək üçün həkimlərimiz analara öz dəyərli məsləhətlərini verir.

Baş həkim Nərgiz Rəhimova anaların və körpələrin ümumi vəziyyəti ilə maraqlanır, şöbənin müdiri Tibb üzrə fəlsəfə doktoru, cərrah-ginekoloq Sevinc Seyidəliyeva zahı qadınların sağlamlığına nəzarət edir, Yenidoğulmuşların intensiv terapiyası bölməsinin müdiri Gülər Babayeva, neonatoloq Dürdanə Qasımova yenidoğulmuşlar və körpələrin sağlamlığının qayğısına qalır, qidalanmanın əhəmiyyəti haqqında məlumat verirlər.

Yenidoğulmuşlar və körpələr üçün əvəzolunmaz qida ana südüdür. Ana südü körpələr üçün lazımi miqdarda qida maddələrinə malikdir və asanlıqla həzm olunur. Süddə olan qida maddələri ananın qidalanmasından, eləcə də onun orqanizminin qida ehtiyatlarından əldə edilir. Ana südünün tərkibi, körpənin sağlamlığı üçün zəruri olan karbohidrat, zülal, yağ, kalsium və dəmirlə zəngindir.

Ana südünün ən mühüm xüsusiyyətlərindən biri, doğuşdan ilk aya qədər olan dövrdə onun qida tərkibinin körpənin mədə-bağırsaq sisteminə uyğun olaraq dəyişməsidir. İlk bir neçə gündən sonra körpənin mədəsi böyüdükcə ananın orqanizmi daha çox süd istehsal etməyə başlayır.

Ana südü ilk 6 ay boyunca yenidoğulmuş körpəni lazım olan bütün qida maddələri ilə təmin edir, körpənin virus və bakteriyalarla mübarizə aparmasına kömək edir, körpənin bir çox xəstəliklərə tutulma riskini azaldır, körpədə sağlam çəki artımına kömək edir və piylənmənin qarşısını alır, beyin inkişafına əhəmiyyətli dərəcədə müsbət təsir göstərir, körpələr daha yüksək intellektə malik olurlar və böyüdükcə öyrənmə çətinliyinə, eləcə də davranış problemlərinə daha az məruz qalırlar.

 

Bir yanıt yazın