Hörmətli həmvətənlər!
Sizi qədim tarixə, zəngin mədəniyyətə malik olan, Azərbaycan xalqının mənəvi dəyərləri sırasında özünəməxsus yer tutan Milli bayramımız – Novruz bayramı münasibətilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatınızda, xalqımızın rifahı, dövlətimizin inkişafı yolunda fəaliyyətinizdə uğurlar arzulayıram!
Bildiyiniz kimi, Novruz bayramı çox qədim tarixə malik olmaqla Azərbaycan xalqının varlığını, milli-adət ənənələrini, düşüncə tərzini, inam və etiqadını, milli mədəniyyətini, folklorunu özündə ehtiva edir. Bu bayram müsəlman tarixində yeni ilin başlanmasını, yazın gəlişini bildirir.
Gözəllik, nur, işıq, bərəkət rəmzi olan Novruz bayramı bütün bölgələrdə, eyni zamanda doğma Azərbaycanımızın bir parçası olan İsmayıllıda da yüksək səviyyədə qeyd olunur. Lahıc sənətkarlarının əl işləri, Basqal kəlağayısı, müxtəlif naxışlı xalılar, İsmayıllı mətbəxində hazırlanan nemətlər bu bayramın məzmununu daha da zənginləşdirir, ona yeni çalar verir.
Əziz həmvətənlər!
Qeyd etməyi vacib sayıram ki, ölkə Prezidenti cənab İlham Əliyevin xalqımızın milli-adət ənənələrinə diqqət və qayğısı, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi səyləri nəticəsində milli bayramımız olan Novruz bayramı 2009-cu ildə UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub.
Novruz Bayramında göyərdilən səməni yazın gəlməsinin, təbiətin canlanmasının rəmzidir.
Bir daha bayramınız mübarək olsun. 2024-cü ilin baharı ölkəmizə əmin-amanlıq, ruzi-bərəkət, yüksəliş yetirsin. Ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında daha sıx birləşərək, müstəqilliyimizi, Azərbaycanın əbədi baharını qoruyub saxlayaq.
Bayramınız mübarək olsun!