“2024-cü il Azərbaycanın tarixində, xalqımızın yaddaşında bir çox möhtəşəm hadisələrlə yadda qalacaq. Əlbəttə ki, ilk növbədə bu hadisələrdən ən önəmlisi kimi, fevral ayının 7-də keçirilmiş Prezident seçkilərini qeyd etməliyik. Müstəqil Azərbaycanımızın tarixində ilk dəfə olaraq bu seçkilər ölkənin bütün ərazisində keçirildi. Bu gün isə, Azərbaycan yenə də öz müstəqilliyini bərpa etdikdən sonra ilk dəfə olaraq ən əziz bayramı olan Novruzu istisnasız bütün ərazilərində qarşılayır. Novruz tonqalları bu gün Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və azad olunmuş bütün digər şəhər və rayonlarımızda, qəsəbə və kəndlərimizdə alovlanır. Hələ uzaq 1996-ci ildə Gənclər Meydanında, Qoşa Qala qapısı önündə keçirilən Novruz şənliyində xalqa müraciət edən ulu öndər Heydər Əliyev demişdir: “Biz torpaqlarımızın azadlığını, ərazi bütövlüyümüzü təmin edəcəyik, müstəqil Azərbaycanın hüdudlarını bərpa edəcəyik.” Bu tarixi sözlər 27 il sonra tam olaraq gerçəkliyə çevrildi. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev Ümummilli liderimizin bu vəsiyyətini də yerinə yetirdi. 2020-ci ildə cənab Prezident İlham Əliyevin qətiyyəti, rəşadətli Ordumuzun gücü, qüdrəti, xalqımızın dünyaya nümunə olan dəmir yumruq kimi birliyi və həmrəyliyi sayəsində 30 ilin işğalına son qoyuldu. Keçən il isə, ölkəmizin ərazi bütövlüyü bərpa olundu, Azərbaycan öz suverenliyini tam bərpa etdi. 2021-ci ildə, Azərbaycanın tarixi Qələbəsindən sonra qarşıladığımız ilk Novruzda dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev və ailə üzvləri Qarabağın tacı, Azərbaycanın döyünən ürəyi Şuşamızda, Cıdır düzündə bayram tonqalını alovlandırarkən xalqa müraciət edərək demişdi: “Bu gün Novruz bayramını Cıdır düzündə qeyd edərkən qürur hissi ilə deyirəm: “Şuşa, sən azadsan!”, “Şuşa Azərbaycandır!”, “Qarabağ Azərbaycandır!” Bu gün isə, artıq bir vaxtlar ölkəmizi təhdid edən separatizmin yuvasına çevrilmiş Xankəndi də da daxil olmaqla Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsi azaddır”.
Bu sözləri Novruz bayramı ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.
Daha sonra deputat Novruz bayramının fəlsəfəsi və mahiyyəti ilə bağlı fikirlərini bölüşərək bunları deyib: “Novruz sözünün mənası yeni gün deməkdir. Hələ lap qədim dövrlərdən insanlar canlı aləmin yaşamına böyük çətinliklər yaradan qarlı-şaxtalı qış fəslinin başa çatmasını, yazın gəlişini müxtəlif adlar, mərasim və rituallarla qarşılayıblar. Bəşər sivilizasiyasının ilk etnoslarından olan türkdilli xalqların, o cümlədən azərbaycanlıların Novruz adı ilə qeyd etdiyi bu bayramın tarixi də qədim dövrlərə, Azərbaycanda İslamın meydana gəlməsindən xeyli əvvəllərə təsadüf edir. Novruzun mahiyyətində duran fəlsəfi prinsiplərdən biri də dörd ünsür – dörd bayram çərşənbəsi bağlılığıdır. Azərbaycanlılar Novruzdan əvvəl 4 çərşənbəni – su, od, yel və torpaq çərşənbəsini də bayram kimi qeyd edirlər. Bu gün Novruz artıq siyasətdə də bayramlaşma təcrübəsinə səbəb olmuşdur. Novruz bayramı münasibətilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalarının rəhbərləri arasında qarşılıqlı bayramlaşma ölkədə yeni, mütərəqqi siyasi mədəniyyətin təşəkkül tapmasına zəmin yaradıb. Sevindirici haldır ki, Novruz bu gün artıq həm də beynəlxalq statusa malik olan bir bayramdır. Belə ki, 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan olunub. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın böyük səyləri nəticəsində Novruz bayramı UNESCO tərəfindən təşkilatın Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısına daxil edilib. 28 noyabr – 2 dekabr 2016-cı il tarixlərində Efiopiyanın Əddis-Əbəbə şəhərində keçirilmiş UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin 11-ci sessiyasında İraq, Qazaxıstan, Tacikistan, Türkmənistan və Əfqanıstan da Novruz bayramı nominasiyasına qoşulublar. Beləliklə, Azərbaycanın beynəlxalq təşəbbüsləri bütün bəşəriyyətin rifahına xidmət edir” –  deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir