16 mart 2024-cü il tarixdə İsmayıllı Olimpiya İdman Kompleksində “AFFA U-14 Qızlar Liqası”nın Mərkəz Regionu üzrə onuncu turun ikinci dövrə üzrə oyunları keçirilib. Yazın gəlişinə təsadüf edən onuncu turda 6 komanda üz-üzə gəlib.
Rayonumuzu təmsil edən “İsmayıllı FK” – Göyçay rayonunun “Çinar FK” komandasını qəbul edib. Gerçəkdə qonaqpərvər olan ismayıllılar oyunda tam fərqli mövqe tutublar. Qonaqların qapısından 13 cavabsız top keçirən qızlarımız oyunun sanki bir qapıya oynanıldığını nümayiş etdiriblər. 13:0 hesabı ilə bitən oyun İsmayıllı futbolçularının daha güclü olduğunu təsdiqləyib.
İmişli rayonunun “Bəhramtəpə” komandası qapısının toxunulmazlığını qoruyaraq Ağcabədinin “Olimpiya” komandasını 5 dəfə oyunu mərkəzdən başlamağa məcbur edib.
Günün üçüncü oyunu İsmayıllının “Babadağ” komandası üçün uğursuzluqla bitib. İmişli rayonunun “Mil-Muğan” komandasını qəbul edən qızlarımız qapılarında gördükləri 4 topun acısını yaşayıblar.
“İsmayıllı FK”-nu təbrik edir, “Babadağ” komandasının növbəti mərhələlərə ciddi hazırlaşacağına ümid bəsləyirik.
Nərmin Məmmədli