“Boz qurd” adlandırılan bu  kitabda dünyasını yaradıcılığının ən məhsuldar çağında dəyişmiş, türk dünyasının çox böyük, lakin təvazökarlığı üzündən olduqca az tanınmış vətənpərvər  şairi Oqtay İsmayıllının hələ işıq üzü görməmiş, ürək-ürək gəzməyə, dillər əzbəri olmağa layiq şeirlərinin bir qismi verilmişdir.

Bu kitab mərhum şairin sayca 8-ci, vəfatından sonra ailə üzvləri tərəfindən çap olunan 4-cü kitabıdır.

Qüdrətli qələm sahibi Oqtay İsmayıllının gələcək nəsillərə miras qoyduğu əsərlərinin təkrarlanmadan, hələ neçə-neçə müxtəlif adlı kitablarda oxuculara təqdim olunacağına əminik.

Ümidvarıq ki, “Boz qurd”u diqqətlə oxuyan hər bir oxucu şairin növbəti kitabının tezliklə çap olunması arzusu ilə yaşayacaqdır.

 

Üç  söyüçıxıbdır  qulaq  falına

 

Orada – talanın lap bərisində

Ay ki şəfəq səpir meşə yoluna,

Şirin bir həyəcan içərisində

Üç söyüd çıxıbdır qulaq falına.

 

Bir bulaq oxuyur nə vaxtdan bəri:

“Sabah görüşümə qızlar gələcək”.

Sevincdən uçunur söyüdün biri;

Deməli, arzusu, eşqi güləcək.

 

Çayın dodağından nəğmə süzülür:

“Öpür sularımı məhəbbətim Ay”.

İkinci söyüdün gözləri gülür;

Onun ürəyindən deyir axı çay.

 

Külək bir bayatı çəkir: “Nə qədər

Bəxtəvərəm, yarım gözləyir məni!”

Üçüncü söyüdün yanağında tər…

Görüş həvəsilə hörür telini.

 

Oraq kimi biçir səmanı qəmər,

Üç kölgə düşübdür meşə yoluna.

Üç söyüd – üç nazlı, utancaq dilbər

Çıxıbdır bu axşam qulaq falına.

                                       11.08.1978

 

Göy qurşağı

 

Göy qurşağı –

səmanın bulud çuxasının

yeddi rəngli vəznəsi,

damlaların rənglərə çevrilmiş

səsi, nəğməsi.

Göy qurşağı –

şəfəq içən qətrələrin

ilahi təbəssümü,

Təbiətin sazının

yeddi simi.

Göy qurşağı –

Günəşin

minlərlə su zərrəsinin güzgüsündə

əks olunan yanağı,

xoşbəxtliyə gedən yolun üstündə

səadət tağı,

Baharın

Torpaqdan öpüş istəyən dodağı.

                                      14.08.1978

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir