7 fevral 2024-cü ildə Azərbaycanda növbədənkənar Prezident seçkisi baş tutdu. Müstəqillik tariximizdə bu, tamamilə fərqli bir seçki oldu. Çünki 7 fevral seçkisi suverenliyimizin tam bərpa olunduğu şəraitdə, işğaldan azad edilmiş ərazilər daxil olmaqla, bütün ölkədə reallaşan ilk seçki idi. Keçirilən Prezident seçkilərinin nəticələri artıq məlumdur. İlham Əliyev seçicilərin böyük əksəriyyətinin səsini toplayaraq, növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.

Növbədənkənar Prezident seçkisi Azərbaycan tarixinin əhəmiyyətli səhifələrindən biri kimi qalib və qürurlu xalqımızın yaddaşına həkk olundu.

Xalqımız monolit birlik, yenilməz iradə nümayiş etdirərək bir daha dövlətin, Prezidentin yanında olduğun bütün dünyaya göstərdi. Vətəndaşlarımız yüksək siyasi fəallıqla ermənilərin və onları himayə edən ermənipərəst dövlətlərin ölkəmizə yönələn 200 illik işğalına son qoyan respublikamızın ərazi bütövlüyünü və suverenliyini təmin edən, 44 günlük Vətən müharibəsinin baş qəhrəmanı, müzəffər və qalib sərkərdə, mahir diplomat, dünya səviyyəli dövlət xadimi, ustad siyasətçi, vətənsevər, xalqına bütün varlığı ilə bağlı olan, bəşəri dəyərlərə sədaqətini bütün dünyaya məharətlə göstərə bilən, yer üzünə səpələnmiş 50 milyonluq azərbaycanlının dünya səviyyəli lideri cənab İlham Əliyevə səs verməklə, ona olan inam, ehtiram və etibarını bir daha tam parlaqlığı ilə nümayiş etdirdi.

Zəfərlər sevinci yaşayan Azərbaycan xalqının zəfər seçkisi elə zəfərlə də başa çatdı. Bu parlaq qələbə 2020-ci ilin 44 günlük Vətən müharibəsinin və 2023-cü ilin anti-terror əməliyyatının mükəmməl məntiqinin ifadəsi oldu.

Xalqımızın yüksək etimad və inamını qazanan və qarşıdakı illər üçün Prezident seçilən dövlət başçımız cənab İlham Əliyevi İsmayıllı rayon ictimaiyyəti adından səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı, gündəlik uğurlarla müşaiyət olunan fəaliyyətində yeni-yeni zirvələr arzulayırıq.

Zəfərlə bitən zəfər seçkisi İsmayıllıda əsil bayram əhval ruhiyyəsi ilə başladı.  İsmayıllı şəhərindəki 9 saylı seçki məntəqəsinin qapıları müəyyən olunmuş saatda açıldı. Həmin andaca Dövlət himni səsləndirildi, bu təmtəraqı bizlərə bəxş edən şəhidlərimizin ruhu ehtiramla yad olundu. Məntəqə qarşısındakı izdiham bir anın içində seçici axınına çevrildi. Burada müəyyən məqamları lentin yaddaşına köçürtdükdən sonra digər məntəqələrə üz tutduq. Seçki məntəqələrinin hər birində qələbəliyin, seçici əhvalının ürəkaçanlığını gördük. İsmayıllı rayonunda yaradılan 61 seçki məntəqəsinin hər birində seçici fəallığının olduqca yüksək olması barədə məlumatlar günün uğurla başa çatacağından xəbər verirdi.

Rayonun Topçu kəndində seçki günü 18 yaşı tamam olan tələbə – Quliyeva Əsmər  Amil qızının fərəhini müşahidə etmək, söylədiklərini eşitmək olduqca xoş oldu:

“Bu gün mənim üçün ikiqat əlamətdardır. Zaman keçəcək, amma bugünün sevinci bir ömür boyu mənimlə olacaq. Əminəm ki, səsimi verdiyim dəyərli insan Azərbaycanımız üçün bundan sonra da gəncliyimizi və gələcəyimizi daha mənalı edəcəkdir”.

Torpaqlarımız tamamilə işğaldan azad olunsa da, hələ də bölgələrdə kifayət qədər qaçqın və məcburi köçkün yaşamaqdadır. Doğma yurd-yuvalarına qayıdacaqları zamanı gözləyən vətəndaşlarımızın bir qismi İsmayıllıda, 124 saylı Şuşa-Ağdam-Xocavənd-Xocalı Dairə Seçki Komissiyası üzrə yaradılmış məntəqədə səs veriblər. Burada 100 yaşlı Ağdam sakini Zamanov Şura Xanlar oğlunun, ilk dəfə səs verəcək nəticəsi ilə bərabər seçkilərdə iştirakı da günün yaddaqalan hadisələrindən oldu. 100 yaşlı seçici səsini verməklə bərabər, ağsaqqal xeyir-duasını da əsirgəməyib.

Gün əzində ərazidəki 61 seçki məntəqəsinin hamısında ola bilmək mümkün olmasa da, hər bir məntəqədə seçici fəallığının yüksək səviyyədə olması xəbərini aldıq və buna yetərincə sevindik. Bu fikri 89 saylı İsmayıllı DSK-dan aldığımız yekun nəticələr də tam təsdiqləyir.

Şahməmməd Soltanov

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir