Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 12 il ötür. Hərbi sahədə aparılan islahatların nəticəsi olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2012-ci il 13 fevral tarixli Fərmanı ilə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti yaradılıb.
Əlamədar günün qeyd olunması üçün İsmayıllı rayon hüquq-mühafizə orqanlarının rəhbərləri İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovla birgə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidə önünə tər qızılgüllər düzüblər.
RİH-nin başçısı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon şöbəsinin əməkdaşlarını peşə bayramları günü münasibəti ilə təbrik edib. Üzərilərinə düşən vəzifə borclarının – gənc nəslin yüksək vətənpərvərlik ruhunda tərbiyə olunmasında və hərbi xidmətə çağırışın, bu məsələdən irəli gələn digər tələblərin məsuliyyətlə yerinə yetirilməsində əməkdaşların hər birinə uğurlar arzulayıb.
Başçı qeyd edib ki, 44 günlük Vətən müharibəsində çağırışçılar arasında fərarilik halının tamamilə baş verməməsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin də özünəməxsus fəaliyyəti olmuşdur. Əminəm ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şəxsi heyəti ümummilli liderimiz Heydər Əliyev ideyalarına hər zaman sadiq qalacaq, Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin etimadını doğruldacaq, bundan sonra da qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi üçün var qüvvələri ilə çalışacaq.
“İsmayıllı xəbərləri”