Heç bir insan bu dünyada əbədi deyil. İnsanlar bu dünyada yalnız əməlləri, xalqa olan sevgisi və göstərdiyi xidmətlərlə yaddaşlarda qalır. Ona görə də hər bir insan çalışmalıdır ki, ömrünü daha məhsuldar və şərəflə yaşasın, doğulduğu və boya-başa çatdığı elə-obaya, xalqına və dövlətinə layiqli xidmətlə yadda qalsın.
Belə şərəfli və sevgi dolu həyat tarixçəsinə malik olanlardan biri İsmayıllımızın təsviri sənətin formalaşmasında və inkişafında xüsusi əməyi olan İkram İsmayılovdur.
Həyatın bir anını müxtəlif rəng çeşidləri ilə məharətlə əks etdirmək hər “rəssam” deyənə nəsib olmur. Sənətkarlıq-həm də möcüzə yaradan sənət, sanki ilahi tərəfindən yalnız seçilmiş insanlara verilir. Qısaca desək, rəng, fırça, kətan adi rəssamlıq əşyaları olsa da qadir sənətkar onlardan eczakar sənət əsərləri yaradır, insanları ovsunlayan inciləri araya-ərsəyə gətirir. Bunun üçün rəssamdan rənglər aləminin dürlü-dürlü sirlərindən xəbərdar olmaq, onlardan bacarıqla istifadə etmək tələb olunur.
Sizə təqdim edəcəyim eloğlumuz rəssam İkram Cahan oğlu İsmayılov məhz rənglərin “dilini” bilən, onları “danışdıran” sənətkarlardandır. O, 1965-ci ilin fevral ayında İsmayıllı rayonunun Mollaisaqlı kəndində dünyaya göz açmışdır. 1982-ci ildə Mollaisaqlı kənd tam orta məktəbini bitirmişdir.
1982-ci ildə keçmiş V.İ.Lenin adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunun Bədii Qrafika fakultəsinə daxil olur. 1983-85-ci illərdə ordu sıralarında hərbi xidmətdə olur. Tərxis olunduqdan sonra yenə həmin inistitutda təhsilini davam etdirir və 1989-cu ildə institutu bitirir. 1989-90-cı illərdə ixtisası üzrə Mollaisaqlı və Hacıhətəmli kəndlərində rəsm və rəsmxət müəllimi işləyir. Müəllim kimi özünü təsdiqləyə bilir. Gənc olmasına baxmayaraq müəllim və şagird kollektivində dərin hörmət qazanır.
İkram İsmayılov 1990-cı ildən Mədəniyyət sahəsində çalışmağa başlayır. 1990-2013-cü illərdə İsmayıllı rayon Tarix –Diyarşünaslıq muzeyində müxtəlif vəzifələrdə çalışır. Bərpaçı rəssam, baş fond mühafizəçisi və muzeyin direktoru vəzifəsində uğurlu işlər görür. İşlədiyi müddətdə muzey fondunun zənginləşməsində səmərəli faəliyyət göstərmişdir. Muzeydə işə başladığı vaxt muzeyin fondunda cəmi 100-ə qədər muzey əhəmiyyətli əşya olmuşdur ki, bu eksponatların da heç biri tarixi əhəmiyyəti olmayan əşyalardan ibarət idi. Bu gün isə İkram müəllimin 23 illik muzey fəaliyyətində 2500-ə qədər tarixi və muzey əhəmiyyətli maddi mədəniyyət nümunələri toplanmış və muzeyin əsas fonduna daxil edilmişdir. Əşyaların toplanmasında dövlət vəsaitindən istifadə olunmamışdır.
Ürəyi sevgi ilə dolu İkram müəllim həyata bağlı insandır. İşini, peşəsini, ətrafındakıları, həyatı, bir sözlə, dünyanın bütün gözəlliklərini sevir. Onun yaratdığı sənət nümunələri özünün məna, məzmun dolğunluğu, ifadə yığcamlığı, incə rəng bitkinliyi ilə diqqəti cəlb edir. Rəssamın əsərlərinə tamaşa edərkən onun klassik Şərq ədəbiyyatına yaxından bələdliyi və qəlbən klassik şeir sənətinin vurğunu olduğu aydın hiss olunur. Onun dahi Nizami Gəncəvinin ölməz “Xəmsə” poemalarına həsr etdiyi uğurlu illüstrasiyalar muzeyin ən mükəmməl eksponatlarındandır.
İkram İsmayılov muzeyşünaslıq fəaliyyətinin inkişafına layiqli töhfələr bəxş etmişdir. Onun uğurlu bədii yaradıcılıq fəaliyyəti dəfələrlə diplom, fəxri fərman və müxtəlif mükafatlara layiq görülmüşdür.
Rənglər dünyasında yaşayan İkram İsmayılov rayonun siyasi-iqtisadi inkişafında və ictimai-siyasi həyatında da fəal iştirak edir. O, Yeni Azərbaycan Partiyasının üzvüdür. İkram yurduna bağlı, dost qədri bilən eloğludur. Bacarığı, zirəkliyi ilə seçiləndir. Hamı ilə ünsiyyət yaradan, kömək edən və bacardıqca gərək olan insandır. Öz sənətini yüzdən çox gəncə öyrətmişdir və öyrədir. Onun haqqında çalışdığı kollektiv də, şagirdləri də həmişə xoş sözlər deyirlər. Onun sənəti sirli bir dünyadır. Onu bu sirdən agah olanlar duyar və bilər. Onun sehirli fırçası məni də öz kəməndinə aldı. Odur ki, sevimli nəvəmi onun yanına rəssamlığı öyrənməyə qoydum. Artıq portret şəkillər çəkməyə başlayıb. Odur ki, İkram müəllimə “çox sağ olun” deyirəm, təşəkkür edirəm. Tanrı ona elə çəkdiyi rəsmlər qədər ömür versin.
İkram müəllim gözəl ailə sahibi və yaxşı müəllim, rəssamdır. Üç övlad atasıdır. Onu tanıyanların hamısı bilir ki, İkram sadədir, səmimidir, mehribandır, öz ixtirasını və işini yaxşı biləndir. Odur ki, İkram müəllim hörmətə və ləyaqətə layiq insandır. Ona bundan sonra sağlam ömür, yaradıcılığında uğurlar arzulayırıq.
Hacıməmməd Məmmədov