Bu ada bağlıdır Qələbə, uğur

 

Allahım, min şükür böyüklüyünə,

Şuşanı bir daha azad görürəm.

Dünyada milyonla adın içində,

Müzəffər, sevimli bir ad görürəm.

 

Bu ad rəhbərimin əziz adıdır,

Ayağa dururuq gələndə bu ad.

Bu ad mərd xalqımın qol-qanadıdır,

Şuşa azaddırsa, ruhumuz azad!

 

Bu adın birləşdi el ətrafında,

Düşmənin başına vuruldu zərbə.

Səbr edib saxladıq qılıncı qında,

Çatdı qisas günü, başladıq hərbə.

 

Bu ada göylərdən ulduz dərərik,

Nəğmələr qoşarıq, saray tikərik.

Bu adla toplara sinə gərərik,

Keçilməz sədləri yarıb keçərik.

 

Bu adı ədalət sevdirdi mənə,

Ziyarət yerimdir şəhid məzarı.

Bu adla yüksəlib çıxdıq biz önə,

Unutduq kədəri, qəmi, azarı.

 

Bu adda birləşib qüdrət, cəsarət,

İlhamdır, inamdır, zəfərdir bu ad.

Bitdi torpağımda işğal, əsarət,

Aldı öz payını düşmən, yağı, yad.

 

Bu addan əsgərim aldı gücünü,

Şuşa qalasına sancıldı bayraq!

Bu ada bağlıdır Qələbə günü,

Şanlı tariximdə o daha parlaq!

Şahməmməd Dağlaroğlu

 

 Silinməz

 

Xalqımızın bir sevimli oğlu var,

Tarixlərə saldığı iz silinməz.

Sərkərdədir, millətini oyadıb,

Dalğalanan dərya, dəniz silinməz!

 

Hər kəlməsi düşmənlərə ox olub,

Mərd meydanda yağıları yox olub.

Onun xalqa məhəbbəti çox olub,

Daim olub xalqa əziz, silinməz!

 

Haraylayıb, arxasınca getmişik,

Biz onunla min arzuya yetmişik.

İlhamını seçib öndər etmişik,

Əqidəsi, eşqi təmiz, silinməz!

Mövlud Teymur

 

Sevgim sənə əmanətdir

 

Son anımda bu dünyaya,

Baxıb bir də güləcəyəm!

Sonra yumub gözlərimi,

“Gülüm” – deyib, öləcəyəm!

 

Qalacaqdır arzularım,

Yoxluğumun nəğməsində.

Bitəcəkdir ağrılarım,

Alnımdakı nəfəsində!

 

Ruhum göydən boylanacaq,

Sən olduğun məkanlara.

Qayıdacam kölgə kimi,

Ümidlərə, gümanlara.

 

Mən qəlbində var olacam,

Qoymaram ki, tənha səni.

Bitirəcəm göz yaşınla,

Yazmadığım nəğmələri.

 

Dan ulduzlu gecələrdə,

Girəcəyəm pəncərəndən.

Sənə işıq gətirəcəm,

Gülər üzlü al səhərdən.

 

Bitəcəyəm həsrət kimi,

O kədərli baxışında.

Əmanətdir sevgim sənə,

Gözlərinin yağışında!

Murad Məhərrəm

 

Mənim

 

Eh, bilmirəm heç nə deyim,

And-amanım çoxdu mənim.

Ömür-gündü, gəlib keçir,

Bir ananım yoxdu mənim.

 

Sən olaydın kaş sevgilim,

Bağçamızda açan gülüm.

Sənsiz keçən bircə günüm –

Bircə anım yoxdu mənim.

 

Sənə bağlı hər diləyim,

İnsafa gəl, ay mələyim.

Alım səni, çıxım gedim,

Çox zamanım yoxdu mənim.

X.İsmayıllı

 

Könlüm himni olubdur

 

Can evimin divarları Vətəndir,

Ürəyimin hasarları Vətəndir,

Sevgimizin açarları Vətəndir,

Vətən eşqim, könlüm himni olubdur.

 

Türk oğluyuq, bizə kəfən biçilməz,

Vətənindən, qeyrətindən keçilməz,

Anamızdan Vətənimiz seçilmız,

Vətən eşqim, könlüm himni olubdur.

 

“Heyratım”, “Şüştərim”, xarı bülbülüm,

Çəməndə süsənim, lalə, sünbülüm,

Könül bağçasında Vətən bir gülüm,

Vətən eşqim, könlüm himni olubdur.

 

İsa bulağının suyu bal, noğul,

“Zəfər” nəğməsində bir dastan, nağıl,

Qalxanım  gerbimdir, igid, mərd oğul,

Vətən eşqim, könlüm himni olubdur.

 

Vətən eldir, igidlərlə güləcək,

Hər dərdini qardaş kimi böləcək,

Düşmən elə ayaqlarda öləcək,

Vətən eşqim, könlüm himni olubdur.

Surə Ziyadqızı

 

Qəlbini qırmışam, məni bağışla…

 

Barlı ağac olub bitdin könlümdə,

Kölgəsi şam olub, yanıb üstümdə.

İndi , o günlərin durub önümdə,

Qəlbini qırmışam, məni bağışla…

 

İllərlə əzaba dözdün hər yaşı,

Səbirli olmusan, sən mənə qarşı.

Gözümdə əksindir hər addım başı,

Qəlbini qırmışam, məni bağışla…

 

Gizlətdin qəlbini acı, o yaşdan,

Qapandı kirpiklər, dondu, o qışdan..

Necə pis olmuşam, ürəyi daşdan,

Qəlbini qırmışam, məni bağışla…

 

Necə sən sevmisən, kor olub gözüm,

Aldanıb şeytanla bir olub sözüm..

Qalmışam, ölmüşəm, bilmirəm özüm,

Qəlbini qırmışam, məni bağışla…

Qəlbini qırmışam, məni bağışla…

Xəzər Miraj Məsimov

 

Elə bil

 

İlahi, ruhlara bir fərəh gətir,

Dünyanın sevinci bəs harda itib?

Elə bil kabusun əlləri gəzir,

Ömrün mənası da sonuna çatıb.

 

Bir ağ gün gətirsin bahar gəlişi,

Mənasız olmasın keçən ömür, gün,

Donmasın üzlərdə təbəssüm, gülüş,

Olmasın insanlar dərdlərdən üzgün.

 

İnsanlıq yoluna çal-çağır gətir,

Xeyir əməllərdən sıra düzülsün.

Şərin əllərindən nəyi var götür,

Novrağı biryolluq haqqdan pozulsun.

 

Günəşın nuruna boyansın aləm,

Dünyamız cənnətin bağına dönsün.

Getsin ürəklərdən bu qəm, bu ələm,

Mələklər uçuşub, yerlərə qonsun.

 

İlahi, ruhlara bir fərəh gətir,

Dünyanın sevinci bəs harda itib?

Elə bil kabusun əlləri gəzir,

Ömrün mənası da sonuna çatıb.

Mehriban İbrahimova

 

Əminə

 

Leyla Əliyevanın qızı Əminəyə

 

Yer üzünün, məsum mələyi,

Göylər də bu məsumluğa həsəd aparır.

Böyüdükcə, öyrənəcəksən sevməyi,

Arzuların böyüyəcək günbəgün.

Ananı sevəcəksən,

Atanı sevəcəksən.

Əlifbanı “A”- dan “Z”-yə,

Əzbər deyəcəksən.

Həyatı eniş-yoxuş

Biləcəksən…

İndi bunları düşünmə nə,

Gülümsə,

Həyatın üzünə,

Əminə…

Alik Dənizsevər

 

 İrəli gedin

 

Gedin, irəli gedin,

Yurdun mərd igidləri.

Düşməndən geri alın,

Tapdaqdakı yerləri.

 

Kəndimin qoçaq oğlu,

Sübhi balam mayordu.

Onun xidmət etdiyi –

Müqəddəs, şanlı ordu.

 

Fəxr edirik adınla,

Ucasan dağlar qədər.

Sənin olduğun yeri

Tərk edir qorxu, kədər.

 

Anan ağardıb saçın,

Atan qocalıb bir az.

Silahını al ələ,

Bir uğurlu tarix yaz.

 

Ola bilsin görmərəm,

Qazandığın zəfəri.

Düşmənə qalib gəlin,

Sevindirin elləri.

 

Silahını saz saxla,

Ay mənim mayor oğlum!

Sevənlərin sevinsin,

Düşmən olsun kor, oğlum!

Sayad Abulova

 

Gözlərimin içinə bax

 

Gözlərimin içinə bax,

ürəyimi görərsən-

ilahi bir məhəbbətlə çırpınan ürəyimi.

Gözlərimin içinə bax,

diləyimi görərsən-

yol kimi düz sənə qədər uzanan diləyimi.

Gözlərimin içinə bax,

mələyimi görərsən-

gözlərimdən gözlərinə boylanan mələyimi.

 

Xocalı

Bir sözdü üç hecalı-
Gülləbaran edildi,
Uşaq, qadın, qocalı…

Tərlan Saleh

 

Kəlağayı

 

Adi baş örtüyü sayılmadın sən,

Namussan, ismətsən, ay kəlağayı.

Anama, bacıma qaldın nənəmdən,

Oldun ən dəyərli pay, kəlağayı.

 

Əsən yaz  yelində qol-qanadlısan

Neçə naxışlısan, neçə qatlısan.

Qız-gəlin bəzəyi, toy-büsatlısan,

Bir ruhda qış, payız, yay kəlağayı.

 

Səni ilk baxışdan sevdi Şərqiyyə,

Gözəllər içində gözəlsən deyə,

Sən böyük dəyərsən, zərif hədiyyə,

Heç nə deyil sənə tay, kəlağayı.

Şərqiyyə Balacanlı

 

Bilmərəm

 

Əzəldən mən elə özüm kimiyəm,

Dəyişib başqa cür ola bilmərəm.

Saflığa möhtacdır könül aləmim,

Çirkinə heç meyil sala bilmərəm.

 

Bayağı olana vermirəm fikir,

Neynirəm, kim nəyin dərdini çəkir!

Olsa bir qananım, ona min şükür!

Nadan umuduna qala bilmərəm…

 

Taledən eşq umdum, Allahdan ətək,

Ürəyimcə sevim sevəndə gərək.

Dupduru olmasam bulaq suyutək,

Təmiz ürəklərə dola bilmərəm.

 

Bu yol varlığımdır, olsa da çətin

Mən ki aşiqiyəm saf məhəbbətin.

Dönsəm əsirinə nəfsin, şöhrətin

Həyatdan daha zövq ala bilmərəm.

Şahlar Hacıyev

 

Mənim ömrüm

 

Mənim ömrüm şair ömrü,

Şeir ömrü, söz ömrüdür.

Palıd ömrü, çayır ömrü,

Sənət ömrü, saz ömrüdür.

 

Mənim gözüm bir bulaqdır,

Haqlı sözlə dolacaqdır.

Hər zaman tər qalacaqdır,

Çiçək ömrü, yaz ömrüdür.

 

Mənim ömrüm çən ömrüdür,

Göl ömrü, gülşən ömrüdür.

Yaşın gəncləşən ömrüdür,

Gənclik işvə, naz ömrüdür.

Elnarə Günəş

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir