İyirmi il bundan əvvəl ulu öndər Heydər Əliyevin dediyi bu sözlər yaddaşıma həmişəlik həkk olunub. Biz Azərbaycan deyəndə onun sərvətini, gözəl təbiətini nəzərdə tuturuq. Lakin bütün bunlarla yanaşı, respublikanın ən başlıca sərvəti qədimdən bu torpaqda yaşayan, öz taleyini, öz həyatını bu torpağa bağlayan müxtəlif millətlərdən olan, müxtəlif dinlərə qulluq edən adamlardır. Ölkə nə qədər çox xalqı birləşdirərsə, bir o qədər zəngin olar.
Respublikamızda yaşayan azsaylı xalqlardan biri də mənsub olduğum Haput xalqıdır. Haputlar Qafqaz dil ailəsinin ləzgi dil qrupunun Şahdağ yarımqrupuna daxil olan xalqlardan biridir. VII əsrə qədər özlərini “hər” adlandıran bu xalqın İori çayı ətrafında Gürcüstan Azərbaycan sərhədində “Hereti” dövləti olub. Ərəblər Qafqaz Albaniyasına gəldikdən sonra bu dövlət məhv edilib.
Müasir dövrdə bu dildə danışan haputlar İsmayıllının Mollaisaqlı və Hacıhətəmli kəndlərində 4000-ə yaxın, Quba rayonunun Haput kəndində yaşayırlar. Amma Albaniyanın bir çox yerlərində bu xalqın nümayəndələri yaşayıblar. Əksər yerlərdə bu dili itiriblər. Goranboyda Harhaput, Ağdaşda Haput, Qəbələdə və Zərdabda Sileyli, Məlikli, İsmayıllıda, Aşıqbayramlı, Qarakolluq, Hapıtdı və başqa kəndlər İmişli rayonunda qədim Haputlu qəbristanlığı var.
Keçən əsrin 70-ci illərində Şamil Cəmşidovun “Elimizin” söz boxçasından (redaktor – İslam Sadiq) kitabında belə bir bayatı var:
Ay sənə qurban aşıqlı,
Əli çömçəli, qaşıqlı.
Ay sənə qurban Hapıttı,
Öküzü çatı, çaputtu.
Bayatıdan sonra yazılır ki, Sovet hökuməti gələnə qədər Beyləqan, Qarabağ çöllərində tərəkəmə tayfaları yaşayırdı. Sovetlər gəldikdən sonra onlar zorla oturaq həyata keçirildilər və dillərini itirdilər. Bütün bunları nəzərə alaraq, bu dilin itməməsi üçün 2010-cu ildə – “Haputlular”, 2019-cu ildə Haput elləri və 2021-ci ildə Hapıt elləri Haputərə elmi kitabım Haput əlifbası ilə Haput dilində və Azərbaycan dilində çap olunmuşdur.
2021-ci ildə Mollaisaqlıdan 50 nəfər və Hacıhətəmlidən 50 nəfərdən ibarət Haputların adından Təhsil Nazirliyinə ibtidai sinidlərdə bir saat bu dilin tədrisinin zəruriliyi haqqında müraciət etdim. Qubanın Haput kəndindən 50 nəfər müraciət etdilər.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin yaratdığı imkanların nəticəsidir ki, Təhsil Nazirliyindən bizə müsbət cavab verildi.
Mənim və Qubadan Şərəf müəllimin müəllifliyi ilə 2023-cü ildə yazdığımız “Haputçimız” kitabı əlifbda 2023-cü ilin sentyabından Mollaisaqlı, Hacıhətəmli, Qubanın Haput məktəblərinin 1-ci siniflərində tədris olunur.
İkinci sinif üçün kitabımız da bu yaxında çap olunacaq və üçüncü, dördüncü siniflər üçün də dərslik yazacağıq.
Azərbaycan tolerantlığa görə dünyaya nümunədir.
Danışdığımız dili qorumaq hər birimizin borcudur. Çünki dil bizim mənəvi sərvətimizdir.
2021-ci ildə İctimai televiziya ”Bura Vətəndir sıradan birimiz – Haputlu İldırım Məsimoğlu” adlı sənədli film çəkmişdir.
İldırım Məsimov,
Mollaisaqlı kəndi, ali kateqoriyalı coğrafiya müəllimi