Müstəqilliyin ilk illərindən erməni silahlılarının Dağlıq Qarabağa və həmsərhəd ərazilərə hücumu, işğalçılıq siyasəti vəziyyəti daha da gərginləşdirdi. Azərbaycan ordusu isə ilk vaxtlar yox səviyyəsində idi. Ordumuz Ermənistanla müharibənin gedişində formalaşırdı. Erməni işğalçılarının yaşayış məntəqələrimizi viranə qoyması, paytaxta köçkün axını, mürəkkəb ictimai-siyasi və hərbi şəraitdə ölkəyə olan təhdidlər Azərbaycanın müstəqilliyini də təhlükə altında qoyurdu.
Xalqı bu bəladan xilas edə biləcək güclü bir liderə ehtiyac duyulurdu. Odur ki, 1993-cü il iyunun 15-də ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdı. Qısa müddətdə ayrı-ayrı siyasi qüvvələrə xidmət edən hərbi birləşmələr əvəzinə, vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Ulu öndərin ölkə rəhbərliyinə qayıdışı Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında və beynəlxalq əlaqələrində əsl dönüş yaratdı. Azərbaycanın milli maraqlarını qorumağa hazır olan silahlı qüvvələrin yaradılması və torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də atəşkəs əldə edildi. Ölkədə nisbi sakitlik bərpa edildi və Milli Ordu quruculuğu ilə bağlı genişmiqyaslı islahatlara başlanıldı. Tezliklə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin sistemləşdirilməsi işi başa çatdırıldı. Ordunun maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı. Şəxsi heyətin mənəvi-psixoloji hazırlığına, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı. Gənclər arasında hərbi-vətənpərvərlik hisslərinın artırılması istiqamətində işlər görüldü. Ordu quruculuğunun müxtəlif sahələri ilə bağlı zəruri olan qanunlar qəbul edildi.
Əgər 1993-cü ildə ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtmasa, Milli Ordu quruculuğuna başlanılmasaydı, nələrin baş verəcəyini ağıla gətirmək mümkünsüzdür. Qısa zamanda bütün silahlı qüvvələr vahid komandanlıq altında birləşdi və güclü ordu quruculuğu prosesi başladı. Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin bəhrəsi oldu. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev ulu öndərin ideyalarını layiqincə yerinə yetirərək ordu quruculuğu sahəsində səylərini daha da artırdı. Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən və düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail oldu.
Azərbaycan Ordusunun bugünkü durumu, maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi ovqatı və ordu ilə xalqın sıx birliyi bunu deməyə əsas verir ki, ordumuz işğal altında olan torpaqlarımızı azad etməyə tam hazır səviyyəsinə gətirilmişdi. Ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə apardığı ardıcıl siyasət, ordumuza göstərilən diqqət sayəsində, Silahlı Qüvvələrimiz müasir silah-sursat, döyüş texnikası, o cümlədən təyyarə, helikopter və artilleriya sistemləri vasitəsi ilə keyfiyyətli təminatı, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqladı.
Azərbaycan son 17 il ərzində günü-gündən inkişaf edərək böyük uğurlar qazandı. Əhalinin sosial rifahı daha da yaxşılaşmış, şəhər və rayonlarımız abadlaşmış və təhsilimiz inkişaf etmişdir. Bu illər ərzində ölkəmizin iqtisadiyyatı dəfələrlə yüksəlmiş, Avropaya inteqrasiya prosesi baş vermiş və dünya dövlətləri arasında nüfuzu artmışdır. Bununla da Azərbaycan dünyada etibarlı tərəfdaş kimi qəbul edilmişdir. Bütün bunlar ölkə prezidenti Cənab İlham Əliyevin fəaliyyətinin nəticəsi olmuşdur. Uzun illərdir dövlət büdcəsindən ən çox vəsait məhz müdafiə xərclərinə ayrılmışdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın güclü ordusu formalaşmışdı. Bu gün qürurla deyə bilirik ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer tutur. Torpaqlarımızın işğal altında qaldığı 30 ildə, xüsusilə son 17 ildə hərbçilərimizdə döyüş ruhu, psixoloji hazırlıq və vətənpərvərlik hissi daha da yüksəlmişdir. Bu illərdə rəhbər əzmi, xalqımızın ordumuza olan güclü dəstəyi, bir sözlə, rəhbər, xalq və ordu, birliyi dəmir yumruq kimi birləşmişdi. Vətən müharibəsi günlərində bu birlik və həmrəylik dəmir yumruq olaraq nümayiş etdirildi. Cənab Prezident İlham Əliyevin təbirincə desək düşmənin başına elə yumruq vurduq ki, uzun müddət özlərinə gələ bilməyəcəklər.
Sentyabrın 27-də səhər saatlarında Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribat törədərək, iri çaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəş açmaları nəticəsində Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının kəndlərində mülki əhali və hərbi qulluqçular həlak oldu və yaralandılar. Azərbaycan Ordusu Ermənistanın təxribatına cavab olaraq, əks hücuma keçdi. İşğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində ciddi irəliləyişlərə nail olunması, düşmənə ağır zərbə vurulması son 30 ilin ən böyük tarixi hadisələrindən biri idi.
Ermənistanın sərhədboyu ərazilərdə törətdikləri təxribatların qarşısını alan Azərbaycan Ordusunun uğurlu əks hücum əməliyyatı davam etdirildi. 2016-cı ilin Aprel döyüşlərində və 2018–ci ilin iyulunda baş vermiş Tovuz əməliyyatı zamanı işğalçı Ermənistan ordusunun Azərbaycanın Silahlı Qüvvələri qarşısında çox zəif olduğu özünü açıq şəkildə biruzə vermişdi. Lakin xarici havadarlarına güvənən və işğalçı siyasətdən əl çəkə bilməyən işğalçı Ermənistan dövləti sərhəd boyu ərazilərdə təxribatlar törətməklə qonşu dövlətlərin əraziləri hesabına “böyük Ermənistan” yaratmaq xülyasını reallaşdırmaq istəyindən əl çəkmədilər. Ancaq qəhrəman Azərbaycan Ordusu erməni faşistlərinin bu çirkin niyyətini ürəyində qoydu. Belə çətin və ağır bir məqamda, Vətənimizin, xalqımızın taleyüklü problemlərinin həllində kimliyindən və siyasi əqidəsindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşdi və ordumuza dəstək verdi. Müzəffər Ordumuz isə düşmənə layiq olduğu yerini göstərdi. Azərbaycan Ordusunun qoşun növləri və bölmələrinin həyata keçirdiyi uğurlu əks-həmlə əməliyyatı nəticəsində işğal altında olan bir sıra kəndlərimiz, əhəmiyyətli yüksəkliklər və əlverişli ərazilərimiz bir-birinin ardınca işğaldan azad olundu. Cəbhənin Füzuli, Cəbrayıl istiqamətində aparılan hərbi əməliyyat nəticəsində uzun illər ərzində düşmən işğalı altında olan Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, kənd Horadiz, Yuxarı Əbdürrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndlərinin və Goranboy istiqamətində qoşunlarımızın keçirdiyi hərbi əməliyyat nəticəsində Murov zirvəsinin düşməndən azad edilməsi xəbərlərini Cənab prezidentimiz İlham Əliyev verdikcə xalqımızın qələbəyə inamı daha da artırdı.
Cəbhə bölgəsində Azərbaycanın ərazilərini qoruyan, ölkəmizin təhlükəsizliyinin keşiyində dayanan ordumuzla yanaşı, onunla daim bir olan, əldə etdiyi qələbələrlə fəxr edən xalqımız hamılıqla ayaqda idi. Xalq, ordu və rəhbər birliyi düşmən üzərində qələbəni daha da yaxınlaşdırır və ordumuzun qələbə əzmini daha da artırırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, bütün hərbi hissələrimizdə, hərbi birləşmələrimizdə ruh yüksəkliyi vardı. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edirdi. Bu da xalqımızın öz dövlətinə sadiqliyinin göstəricisi idi.
Möhtərəm Prezidentimiz hər zaman xalq-ordu və milli birliyin qələbə çala-cağını əminliklə bildirirdi. Təbii ki, hər zaman xalqının yanında olan, onun daha yaxşı, təhlükəsiz şəraitdə yaşamasını istəyən, Azərbaycanı bütün dünyada tanıdan ölkə Prezidenti İlham Əliyevə milyonların sevgisi və dəstəyi 44 günlük Vətən müharibəsi günlərində bir daha da artdı. Xalq-iqtidar birliyi fonunda hər bir çətinlik dəf edildi. Bu birlik və yüksək xalq məhəbbəti bu günə qədər də ardı-arası kəsilməyən təşəkkür məktublarında bir daha qabarıq görünür.
Ölkə Prezidentinin cəsarəti, uzaqgörən siyasəti, Azərbaycan Ordusunun gücü, qüdrəti və xalqımızın dəstəyi nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapdı. Soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, ölkəmizin həyatında və inkişaf tarixində yeni bir mərhələ başlayacaqdır. Dövlətimizin başçısı cənab İlham Əliyev daim çıxışlarında xalqa arxalandığını bəyan edərək deyir ki, “Mən həmişə Azərbaycan xalqının dəstəyini hiss etmişəm və hiss edirəm. Bu dəstək mənə güc verir. Mən bu dəstəyə arxalanıram və xalqı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da xalqa və Vətənə ləyaqətlə xidmət edəcəyəm”. Azərbaycan xalqı isə bu çətin günlərdə bir daha göstərdi ki, Prezidentinə, Dövlətinə, Ordusuna güvənir. Hər bir Azərbaycan vətəndaşı silaha sarılıb işğal altında olan torpaqlarımızı azad etmək üçün səfərbər olmağa hazır olduğunu bildirdi. Xalqımıza, mədəniyyətimizə qarşı soyqırımı törədən, məscidlərimizi, məzarlarımızı dağıdan, mədəni irsimizi öz adlarına çıxarmağa çalışan işğalçı Ermənistan hakimiyyətinin avantürist, məkrli planı rəhbər- xalq-ordu birliyi sayəsində baş tutmadı. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğal altındakı bütün kənd və qəsəbələrimizi, şəhərlərimizi düşmən tapdağından azad etdi. Azərbaycan bayrağı Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Ağdamda, Kəlbəcərdə, Şuşada, Laçında və digər yaşayış məntəqələrimizdə dalğalandı.
Azərbaycan xalqı 30 illik torpaq həsrətindən sonra tarixi zəfərə imza atdı. Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsi nəticəsində təcavüzkarı 10 noyabr tarixli Rusiya-Azərbaycan-Ermənistan bəyanatına imza atmaq məcburiyyətində qoydu. Noyabr bəyanatı Ermənistanın hərbi-siyasi məğlubiyyətini etiraf etməsi, Azərbaycanın bu ölkənin kapitulyasiyası üçün irəli sürdüyü şərtlərin rəsmiləşdirilməsi oldu.
Qələbəni şərtləndirən amillərdən ən başlıcası Azərbaycan Ordusunun misilsiz qəhrəmanlığı ilə Şuşanı işğaldan azad etməsi oldu. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Vətən müharibəsi dövründə ciddi beynəlxalq təzyiq və təhdidləri, məhz xalqın inam və iradəsinə, birliyinə güvənərək dəf etdi. Ermənistan Ordusunun 30 il müddətində formalaşdırdığı “yenilməz ordu” mifi darmadağın edildi. Qısa dövrdə Ordumuzun endirdiyi sərrast zərbələr nəticəsində Ermənistanın 3 milyard ABŞ dolları məbləğindəki hərbi texnika və silah-sursatı sıradan çıxarıldı. İmzalanmış üçtərəfli bəyanatla Ermənistanın işğalçı qoşunlarının Ağdam, Laçın və Kəlbəcər rayonlarından qan tökülmədən, bir güllə atılmadan çıxmağa məcbur olunması birmənalı olaraq Azərbaycan Ali Baş Komandanının və Ordumuzun tarixi qələbəsi oldu.
Vətən müharibəsi Azərbaycan xalqının vətənpərvərliyini, milli birliyini, həmrəyliyini və böyük xalq olduğunu bütün dünyaya sübut etdi. Ermənilərin təxribatlarına baxmayaraq, Azərbaycanın Tərtər, Bərdə, Goranboy, Ağdam və Gəncə şəhərinin sakinləri sonadək yüksək vətənpərvərlik, iradə, əzm nümayiş etdirdilər. 44 günlük müharibə dövründə qırğın və dağıntılara məruz qalmış şəhərlərin sakinləri öz yerlərini tərk etmədilər. Ev-eşiyimiz əsgərlərimizə, vətənə qurban olsun dedillər.
Ölkə Prezidenti İlham Əliyevin Vətən müharibəsi günlərində xarici informasiya vasitələrinə, təmkin və soyuqqanlıqla verdiyi 30-dan çox müsahibələri Azərbaycanın diplomatik və informasiya cəbhəsində də üstünlüyünü təmin etdi. Düşmənə informasiya cəbhəsində ciddi zərbə vurmaqla yanaşı, dünya kütləvi informasiya vasitələrinin görünməyən və qərəzli üzünü də hamıya göstərdi. Azərbaycan ordusu BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan dörd qətnaməsini cəmi 44 gün ərzində icrasına nail oldu. Möhtərəm Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, biz bu qələbəni döyüş meydanında qazandıq. 300-ə yaxın yaşayış məntəqəsi, o cümlədən Füzuli şəhəri, Cəbrayıl şəhəri, Zəngilan şəhəri, Qubadlı şəhəri, Şuşa şəhəri, Hadrud qəsəbəsi, Suqovuşan qəsəbəsi və digər qəsəbələr döyüş meydanında azad edildi. Rəhbərdən və xalqdan güc alan Müzəffər Ordumuz hədəfinə çatdı. Torpaqları danışıqlar, müzakirə yolu ilə yox, hərbi yolla azad etdi. Döyüşərək, qan tökərək, şəhidlər verərək ədaləti bərpa etdilər. Şəhidlərimizin qanı yerdə qalmadı. Düşməndən intiqamımız döyüş meydanında alındı. Rəhbər, ordu və xalq birliyinin sayəsində Cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır və nida” şüarı Azərbaycanın qələbəsinin rəmzinə çevrildi.
Vasif Cabbarov
İsmayıllı şəhər E.Məmmədov adına 3 nömrəli məktəb-liseyin tarix müəllimi