Könlümdə mərhəmət, sevgi doğulandandır. Zaman-zaman Vətən sevgisi ilə şəhid, qazi olan oğulları düşünürəm. Yazdıqlarımdan kədərim, nisgilim duyulur. İllərdi çəkdiyi acılarla qovrulan həyat yoldaşımı gördükcə məyus oluram.Arada xəlvətə çəkilib ağlayıram. Bir qazinin həyat yoldaşı olmaq heç də asan iş deyil. Onun ağrındıqda əsəblərinə hakim ola bilmədiyi anları, çəkdiyi acıları öz canımda hiss etmişəm.
Qeyrətli, qorxmaz Vətən oğulları gənc çağlarında torpaqlarımız uğrunda gedən döyüşlərin içindən keçiblər. Şəhid olan da olub, yaralanan da, heç burnu qanamayan da. Bu da bir qismətdir…
Birinci Qarabağ müharbəsndə də sinəsini düşmən gülləsinə sipər edən oğullar çox olub. Namərd düşmən gülləsinə tuş gələn oğullardan biri də 30 il əvvəl Qarabağ müharibəsindən qazi kimi qayıdan Səmədov Fərman Ağasən oğludur. O, 1992-ci ildə hərbi xidmətə çağrılıb. Oktyabr ayının 9-da Laçın uğrunda Hoçaz dağı ətrafında gedən döyüşlərdə ağır yaralanıb. Bakı şəhərinə gətirilib. Gözlərini açanda həyatda olduğuna inanmayıb. Yaralandığını bu gün də gözəl xatırlayır. Bu xatirələr onu aldığı yaralar qədər incitməkdə idi. Xain düşmənin mərmi qəlpələrini canında gəzdirir, ondan əziyyət çəkirdi. Bədəni qəlpələrin bir qismindən təmizlənsə də 3-cü dəfə əməliyyata girməli oldu.
Əməliyyatı həyata keçirən tibb üzrə fəlsəfə doktoru Elçin Ramazanova bu ağır missiyanın öhdəsindən məharətlə gəldi. Qazinin həyat yoldaşı kimi, İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Vidadi Rəhimova göstərdiyi xüsüsi diqqət və qayğıya görə, onun rəhbərliyi altında xəstəxananın tibb heyətinə dərin təşəkkürümü bildirirəm. Vidadi həkim tutduğu vəzifəni şərəflə daşıyır. Şəhid və qazi ailələrini xüsusi olaraq diqqətdə saxlayır. Var olun, Vidadi həkim! Vətən hər zaman qeyrətli, şərəfli oğulları ilə fəxr edir. Belə anlarda bir daha əmin oluruq ki, canımızı etibar etdiyimiz ağ xalatlı həkimlər uca Yaradandan sonra bizləri həyata bəxş edənlərdir.
Zərifə Səmədova