İsmayıl TARVERDİYEV – 60
Xoşbəxtlik deyəndə insanın ağlına cürbəcür fikirlər gəlir. Hamı xoşbəxt ömür yaşayırmı? Məncə, o insanları xoşbəxt saymaq olar ki, onlar ömür pillələrini bir-bir qalxdıqca arxada qalanlar üçün böyük bir cığır, böyük bir həyat qoyurlar və nəticədə dost-tanış, qohum-əqrəba, nəhayət, ünsiyyətdə olduğu insanlar tərəfindən sevilirlər, yaşadığı ömrə nəzər saldıqda xəcalət hissi keçirmirlər. Haqqında danışacağım incə qəlbli, həssas, sudan duru, əqli kamilliyə yüksəlmiş böyük mənəviyyat sahibi İsmayıl Emin oğlu Tarverdiyev belə insanlardandır. Mən də bir işıqlı insan haqqında, köhnə, sadiq dostum haqqında fəxarətlə danışıram, əlimdə qələm sevinc hissi ilə yazıram.
İsmayıl qardaşım çox nurlu adamdır. Mən elə düşünürəm ki, onun varlığına hopmuş bu nur onun xeyirxahlığının işığıdır. O, həmişə deyir ki, əgər bir gün bir adama təmənnasız yardımçı olmasan, kiminsə qolundan tutmasan, kiməsə bir yaxşılıq etməsən, deməli, həmin günü mənasız yaşamısan.
İsmayıl Tarverdiyev imkanları hüdudunda ancaq və ancaq haqqa, ədalətə və saflığa xidmət edib, eyni zamanda ətrafındakı özbaşınalığa qarşı çox barışmaz mövqe tutub və sözünü birbaşa deməyi bacarıb və bacarır. Ünsiyyətdə olduğu şəxslərlə səmimi, dost münasibətinin təmizliyini, saflığını qorumağa çalışan insandır. O, ilk növbədə özünə qarşı çox məsuliyyətlidir. Öz hərəkətlərini təhlil edərək düzü əyridən çox gözəl seçir və özü özündən hesabat alır. İsmayıl qardaşım heç vaxt yalnız özü üçün çalışmayıb, onun bütün həyat fəaliyyətinin əsasını məqsədi yox, həyat amalı tutub və öz rahatlığını kimlərəsə həyan olmağında tapıb. Bu da hər adama xas xüsusiyyət deyil.
Bəlkə də onun belə xeyirxah olması soy-kökündən, atasının ruhundan, anasının laylasından, xeyir-dualarından gəlir…
Onu tanıdığım 37 il ərzində ikinci sifətini (pərdələnmiş) görmədim. Zəhmətkeş, qayğıkeş və tələbkar xarakterli, mənalı həyat yolu keçən İsmayıl Tarverdiyev ailədə də çox xoşbəxt adamdır. O, övladlarının düzgün yolda olduqları səbəbindən həmişə fəxr edərək, ağızdolusu danışaraq öz zəhmətini onlara halal edir. Onlar da düzgün əməlləri ilə İsmayıl qardaşıma övladlıq borclarını qaytarırlar.
Bütün insani keyfiyyətləri özündə birləşdirən İsmayıl Tarverdiyev kimi adamlar həmişə hamı tərəfindən sevilir, cəmiyyətdə seçilirlər. Ailəsi, mənim kimi dostları onu olduğu kimi tanıyırıq, qəbul edirik. Tanımayanlara beynimdən bir bələdçilik etmək keçdi.
TANIŞLIQ:
İsmayıl Emin oğlu Tarverdiyev 1 dekabr 1963-cü ildə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olub. 1970-ci ildə rayonun Hacıhətəmli kənd orta məktəbinin əvvəlcə hazırlıq, bir ildən sonra 1971-ci ildə 1-ci sinfinə qədəm qoyub, 1979-cu ildə həmin məktəbin 8-ci sinfini bitirib. 8-ci sinifdə oxuyarkən respublika olimpiadasında yer tutduğuna görə Bakı şəhəri respublika 1 nömrəli fizika-riyaziyyat təmayüllü məktəbə dəvət alıb və 9-10-cu siniflərdə təhsilini bu məktəbdə davam etdirib. Orta məktəbi uğurla bitirdikdən sonra sənədlərini Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə gənclərin respublikada olmayan ixtisaslar üzrə keçmiş SSRİ-nin böyük şəhərlərində təhsil almaq layhəsi üzrə Belorusiya Kənd Təsərrüfatının Mexanikləşdirilməsi İnstitutunun mühəndis-pedaqoji fakültəsinə təqdim edib, o dövrdə tətbiq olunan eksperiment yolu ilə, yəni ilk iki imtahandan əla qiymət almaqla digər iki imtahandan azad edilib və tələbə adına layiq görülüb.
Təhsil illəri Avropanın Minsk şəhərində keçib.1981-1986-cı illərdə həmin institutu kənd təsərrüfatının texniki fənləri üzrə mühəndis-müəllim ixtisası üzrə bitirərək təyinatla Göyçay rayon 179 nömrəli kənd orta texniki-peşə məktəbində ixtisas-fənn müəllimi kimi işə başlayıb.
O dövrdə gənclər təşkilatı sayılan komsomola irəli çəkilib. 1987-ci ildə əvvəlcə doğulub boya-başa çatdığı Hacıhətəmli kəndində Kuybışev adına sovxoz komsomol komitəsinin, az müddətdən sonra isə İsmayıllı rayon komsomol komitəsinin katibi vəzifələrinə seçilib. Rayon komsomol komitəsində məktəblər üzrə katib olmaqla Rayon Pionerlər Şurasının sədri ictimai vəzifəsini daşıyıb. Sovet imperiyasının süqutu ilə gənclər təşkilatı olan komsomolda öz fəaliyyətinə xitam verdi, İ.Tarverdiyev isə daha öncə 1990-cı il Qanlı Yanvar hadisələrinə etiraz edərək komsomol sıralarını tərk etdi…
Yubiley yazısında fikirlərim tamam bir səmtə – gənclik illərimizə istiqamət aldı. O günləri yada salıb həm kədərlənirəm, həm də üzüm işıqlanır. Mən də komsomolçu olmuşam, o dövrdə Basqalda ilk dəfə yaradılmış “Kommunizm yolu” komitəsinin katibi vəzifəsində çalışmışam. 1986-ci ilin payızı idi. Bakıda idim, atam təcili olaraq kəndə qayıtmağı bildirdi. İşlərimi yarımçıq qoyub kəndə gəldim. Atam məsələnin nə yerdə olduğunu mənə anlatdı, əlavə etdi ki, səhər tezdən geyim-geçimim normal, ütülənmiş formada rayon komsomol komitəsində olmalıyam. RKK-nın birinci katibi Sevil xanım Əhmədova tanışlığa çağırmışdı. Vaxt-vədə çatdı, Sevil xanımın qəbulunda oldum. Mənimlə söhbət etdi, səviyyəmi bilib müəyyən təlimatlar verdi. Bizi rayon partiya komitəsinin birinci katibi mərhum İmran Mehdiyev də qəbul etməli idi. Qəbulda olarkən əvvəlcə bir azca təəccübləndi, Basqal kəndi hara, belə işlər hara? Nəsə, söhbətləşdik, məni bir neçə məsələ ilə bağlı sorğu-sual etdi. Danışığım və rəftarım xoşuna gəlmişdi. Belə gəncləri irəli çəkmək lazımdır. Sonuncu ifadəsindən ruhlanmışdım da.
Tez-tez PKK-ya gəlir, şöbələrlə əlaqə saxlayır, məsləhət və tapşırıqlarını alır, imkan daxilində bunlara əməl etməyə çalışırdım. Binada olduğum müddətdə ikinci katib Zöhrab Babayev, üçüncü katib Ağarza Zülfüqarov, məktəblilər şöbəsinin müdiri Amil Dosiyev, təşkilat şöbəsinin müdiri Elçin Mahmudov, işçiləri Esmira Lətifova, Sabir Alisgəndərov, uçot-qeydiyyat bölməsinin müdiri Rüstəm Səmədov, eləcə də qeydiyyatçı Qalibə Abdullayeva ilə sıx ünsiyyətdə olur, onları özümə doğma bilirdim. Hərdən mənimlə basqallıya xas dildə danışır, həmin məqamda ciddiliyimi görüb tezcə də özlərini yığışdırırdılar. Az sonra Rəvanə Mürvətovanı, Qadir Abduləzizovu, İsmayıl Tarverdiyevi, Qədim Mirzəliyevi, Feyruz Şirəliyevi, Sahib Abdullayevi, Xətai Əzizovu, Pərviz Bağırovu, Məharət Abbasovu və başqalarını tanımağa başladım. Bir az sonra bu dostluğa yerlim, ən yaxın sirdaşım Hacı İlqar Hüseynov da qoşuldu. Getdikcə bu yaxınlıq dostluğa, hətta ailə münasibətlərinə çevrildi. Ağarza Zülfüqarov başqa işə keçdikdən sonra üçüncü katib vəzifəsinə İsmayıl Tarverdiyev məsləhət görüldü və seçildi. Getdikcə onu da yaxından tanımağa və xoş münasibət saxlamağa başladım. Gördüm ki, qəlbimə yaxın insanlardan biridir. Özünün səmimiliyi, humanistliyi, nəcibliyi ilə qəlbimə hopmuşdu. Deyir insanın siması onun daxili aləmi haqqında çox şey deyir. Bir insanı tanımaq üçün onu dərindən öyrənmək, yaxın yoldaş olmaq lazımdır. Görünür, mən də onu yaxından tanıdığımdandır ki, haqqında xöş sözlər, fikirlər söyləməyə çalışıram.
Mən dəfələrlə qeyd etmişəm və indi də tam əsasla deyirəm ki, həyatımda komsomol dövründən yaxşısı olmayıb. Bu illərdə mən mehribançılıq, dosta sədaqət, etibar, vəfa gördüm. Və o dostluq bu gün də bizim aramızda davam edir. Komsomolda çalışdığım illərdə çətinliyim də çox olub. Basqal kimi bir kənddə yeni yaradılmış komsomol təşkilatının rəhbəri olmağın əziyyətini, çətinliyini həmişə duymuşam. Hətta elə vaxtlar olurdu ki, bu gərginlik mənimlə o dövrlərdə keçirilən iclaslara qədər gedirdi. Mənə isə təsəlli verən həmin dostlarım olurdu. Bu işdə təşəbbüskarlıq həmişə İsmayıl qardaşımdan gəlirdi. Məni o gərginlikdən çıxartmaq üçün dostlarla birlikdə binadan çıxmağa, gedib bir masada çay stolu arxasında oturmağa məcbur edirdi. Beləliklə, günlərimizi bir-birinə calaya-calaya gəlib 1990-ci illərə çatdıq. Mən də İsmayıl qardaşım ki, mənfur sovet ordusunun vəhşiliyinə etiraz olaraq komsomol sıralarını tərk etdim, təşkilat katibliyindən istefa verdim.
O illər unudulmaz, əlçatmaz xatirəyə çevrilsə də, İsmayıl Tarverdiyevlə bağlı günlərim, söhbətlərim yaddan çıxan deyil.
Tanışlığa əlavə:
Bir neçə ay rayon şahmat məktəbində direktor müavini işlədikdən sonra 1990-cı ilin may ayında İsmayıllı rayonu ət-süd emalı kombinatına mühəndis-mexanik vəzifəsinə dəvət olundu. Müəssisə fəaliyyətini dayandırdığı 1995-ci ilədək orada çalışıb. 1995-1999-cu illərdə E.Məmmədov adına İsmayıllı şəhər 3 nömrəli orta məktəbdə müəllim işləyib. Daha sonra 2004-cü ilədək fərdi əmək və bizneslə məşğul olub, 2004-2005-ci tədris ilində rayon uşaq-gənclər şahmat məktəbində məşqçi-müəllim işləyib.
İsmayıllı rayonunun rəhbərliyinin etimadı sayəsində 2005-2019-cu illərdə Mənzil İstismar Sahəsinin rəisi vəzifəsində çalışıb. Buradakı fəaliyyəti dövrdə MİS-in balansında və xidmətində olan 1000-dək mənzili özündə birləşdirən 45 ümumyaşayış binasının hamısında əsaslı təmir işləri aparıldı, dam örtükləri, fasadlar, girişlər ən müasir formada təmir edilməklə sakinlərin mənzil-kommunal şəraiti kökündən dəyişdirilərək onların rifahı daha da yaxşılaşdörıldı. Bu dövrdə 3-cü çağırış bələdiyyə seçkilərində 2014-cü ildə İsmayıllı Bələdiyyəsinə üzv seçilib və 2019-cu ilədək bələdiyyədə komissiya sədri kimi fəaliyyət göstərib. Eyni zamanda həmin dövrdə yenicə yaranmış İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecində saat hesabı ilə müəllim işləyib. 2019-cu ildə rayon rəhbərliyi bir daha etimad göstərərək İsmayıllı Sukanal Sahəsinə rəis vəzifəsinə irəli çəkilib. İki il yarımadək bu vəzifədə çalışandan sonra doğma ixtisasına qayıtmaq fikri ilə 2022-ci ildə Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin elan etdiyi peşə təhsili müəssisələrinə vakant yerlərə direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinə qatılaraq uğurlu nəticə əldə etməklə 2023-cü ilin yanvar ayında Şamaxı Peşə Liseyinin direktoru vəzifəsinə təyin olunub.
Ailəlidir, bir oğlu var, subaydır. Qızı isə ailəlidir, bir övladı var.
Bəli, ömür keçir bir su kimi… Yaşından çox-çox cavan görünməsi onun daxili saflığından, xeyirxahlığından, insansevərliyindən xəbər verir. Çoxdan bəri haqqında ürək sözlərimi demək istəyirdim, amma elə bir məqamın gəlişini gözləyirdim. Geniş təqdimatdan sonra bu qənaətdəyəm ki, İsmayıl Tarverdiyevin istər şəxsi ailə həyatındakı, istər cəmiyyətdəki, istərsə də yaxınları və dostları arasındakı uğurlarda böyüyüb tərbiyə aldığı ailənin xüsusi rolu var. İnsanlar bir-birilərindən barmaq cizgiləri ilə deyil, xarakterləri və cəmiyyətdə davranışları ilə də fərqlənirlər. Elə insanlar var ki, onların barəsində bir neçə ürəkaçan söz tapıb demək insana əzab verir. Lakin elələri də var ki, onların müsbət keyfiyyətlərini ifadə etmək üçün söz ehtiyatın səni qane etmir. İsmayıl Tarverdiyev də məhz belə insanlardandır.
Və sonda bu yazını belə yekunlaşdırmaq istərdim və bu fikir məncə, ismayılsevərlərin də ürəyincə olardı: Gənclik illərimin, elə bu günümün də ən yaxın dostu İsmayıllının İsmayılı sanballı yazılmış bir kitabdır. Doğrudan da onun insani keyfiyyətlərini tam əhatə etmək üçün çox yazmaq lazımdır. İsmayıl qardaşım elə bir ömür yaşayıb ki, onun yaxın dostları, qohumları, xüsusilə də ailə üzvləri onunla, onun xoş və nəcib əməlləri ilə fəxr edə bilərlər…
Daşdəmir ƏJDƏROĞLU