Dünyada ənənəvi enerji mənbələrindən “yaşıl enerji”yə keçid müasir dövrün əsas hədəflərindən biridir. Azərbaycanda da bu sahəyə xüsusi diqqət göstərilir. 2030-cu ilədək elektrik enerjisi qoyuluş gücündə bərpa olunan enerji mənbələrinin payının 30 faizə çatdırılması, işğaldan azad olunmuş ərazilərin “Yaşıl Enerji” Zonasına çevrilməsi ölkəmizin enerji siyasətində bir nömrəli prioritetdir.

Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür.

Beynəlxalq Bərpa olunan Enerji Agentliyinin (IRENA) müvafiq hesabatından görünür ki, ötən il istismara verilmiş yeni elektrik enerjisi qoyuluş güclərinin 80 %-dən çoxunu bərpa olunan enerji təşkil edib, bunun 91 %-i isə günəş və külək enerjisinin payına düşüb. Ümumilikdə, ötən ilin sonunda dünyada bərpa olunan enerjinin qoyuluş gücü 2 799 QVt təşkil edib, bu isə ümumi qlobal qoyuluş güclərinin üçdə biri deməkdir. Günəş və külək enerjisinin sürətli inkişafına baxmayaraq, hidroenerji hələ də 1 211 QVt qoyuluş gücü ilə ən böyük paya sahibdir.

Azərbaycan da bərpa olunan enerji mənbələrindən istifadənin inkişaf etdirilməsi üzrə geniş potensiala malik olan ölkələrdəndir. Hazırda bərpa olunan enerji mənbələri üzrə potensialımız 27 000 MVt həcmində qiymətləndirilir. Külək enerjisi potensialı 3 000 MVt, günəş enerjisi potensialı 23 000 MVt, bioenerji potensialı 380 MVt, dağ çayları üzrə potensial isə 520 MVt həcmindədir.

Respublikamızın müxtəlif bölgələrində ümumi gücü 66 MVt təşkil edən külək, 40 MVt olan günəş, 38 MVt bioenerji elektrik stansiyaları, həmçinin 32 MVt gücündə kiçik su elektrik stansiyaları istismar olunur. 2020-ci ildə respublikada ümumi elektrik enerjisi istehsalı 25,8 mlrd kVt/st olub ki, bunun 1,3 mlrd kVt/st-ı böyük su elektrik stansiyaları da daxil olmaqla bərpa olunan enerji mənbələrinin payına düşüb.

Bərpa olunan enerji mənbələrindən istifadənin genişləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən prioritet vəzifə olaraq irəli sürüldüyü və 2030-cu ilədək elektrik enerjisinin qoyuluş gücündə payının 30 %-ə çatdırılmasının (hazırda 17 % təşkil edir) hədəf kimi müəyyənləşdirildiyi nəzərə alınmaqla bu istiqamətdə bir çox işlər görülür. Bu sahədə ilk normativ sənəd kimi “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” qanun layihəsi hazırlanıb, müvafiq prosedurlardan sonra 31 may 2021-ci il tarixində Azərbaycanın Milli Məclisində üçüncü oxunuşda qəbul edilib. Qanunda sahənin inkişafına özəl, o cümlədən xarici investisiyaların cəlbi istiqamətində mexanizmlər nəzərdə tutulub ki, bunlardan biri bərpa olunan enerji hərraclarının təşkilidir. Bu istiqamətdə Avropa Yenidənqurma və İnkişaf Bankının dəstəyi ilə “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi həyata keçirilir. Layihə çərçivəsində hərrac qaydaları işlənilib hazırlanır.

Bununla yanaşı, Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliyinin “Masdar” şirkəti ilə qoyuluş gücləri müvafiq olaraq 240 MVt olan külək elektrik stansiyası və 230 MVt gücündə günəş elektrik stansiyasnın tikintisi ilə bağlı pilot layihələrin həyata keçirilməsinə başlanılıb. Şirkətlərlə bu istiqamətdə “İnvestisiya müqaviləsi”, “Enerji alqı-satqı müqaviləsi” və “Ötürücü şəbəkəyə qoşulma müqaviləsi” imzalanıb. Bu 470 meqavatlıq stansiyaların təxminən 500 mln ABŞ dolları məbləğində tam xarici investisiya hesabına tikilməsi planlaşdırılır.

BP şirkəti ilə isə Zəngilan-Cəbrayıl zonasında 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.

Eyni zamanda, Asiya İnkişaf Bankının dəstəyi ilə “Üzən günəş panellərinin inkişafına dair biliklərin mübadiləsi və texniki yardım dəstəyi” layihəsi həyata keçirilməkdədir. Bu layihə çərçivəsində Azərbaycanda ilk dəfə Böyükşor gölü üzərində 100 kVt gücündə pilot üzən fotovoltaik sistemin quraşdırılması nəzərdə tutulur.

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”dən biri kimi “Təmiz ətraf mühit və “yaşıl artım” ölkəsi”nin müəyyənləşdirildiyini nəzərə alaraq qeyd etmək olar ki, qarşıdakı dövrdə bərpa olunan enerji mənbələrindən istifadəyə diqqət daha da artırılacaq. Prioritetin “yaşıl enerji məkanı” adlı alt məqsədinə uyğun olaraq eyni zamanda elektromobillərdən istifadə və enerji səmərəliliyi də diqqət mərkəzində saxlanılacaq.

İşğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq işlərində məhz “yaşıl enerji” layihələrinə üstünlük verilir. Həmin ərazilərdə 4 000 MVt-dan artıq günəş, 500 MVt-dək külək enerjisi potensialı mövcuddur. Eyni zamanda, Qarabağ Azərbaycanda yerli su ehtiyatlarının formalaşdığı əsas rayonlardan biridir. Azərbaycanın yerli su ehtiyatlarının 25 %-i bu ərazidə formalaşır. Regionun Tərtərçay, Həkəri kimi əsas və digər kiçik çayları kifayət qədər əhəmiyyətli enerji potensialına malikdir.

Regiondakı digər mühüm enerji obyektləri “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarıdır. Qoyuluş gücü 200 MVt olan “Xudafərin” və 80 MVt gücündə “Qız Qalası” su elektrik stansiyalarının inşasının 2-2,5 il ərzində yekunlaşdırılması nəzərdə tutulur.

Məhz Enerji məsələlərinin son durumu və vəziyyəti ilə bağlı dövlət başçısı 16-cı Zirvə toplantısında bir sıra məsələrə toxunub. Çıxış zamanı Azərbaycanda enerji sektoru barədə bilgilərdən ən önəmliləri qeyd edirik.

“Son 20 il ərzində Azərbaycan iqtisadiyyatına 310 milyard ABŞ dolları həcmində sərmayə qoyulub və bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə olan münbit sərmayə iqliminin nəticəsidir.

Məmnuniyyətlə qeyd etmək istərdik ki, Azərbaycan ECO-nun Təmiz Enerji Mərkəzinin ev sahibi kimi rəsmi olaraq təsdiqlənib.

Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, biz bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetiririk. Azərbaycanın bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir.

Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzaladığımız sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatacaq.

Bu ilin oktyabr ayında Azərbaycanda “Masdar” şirkəti tərəfindən inşa edilmiş 230 meqavat gücündə Qaradağ Günəş Elektrik Stansiyasının açılışı olub. Bu, Xəzər dənizi və Qafqaz regionunda ən böyük günəş elektrik stansiyasıdır.

Azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatacaq.”

Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.

Hazırda işğaldan azad edilmiş ərazilərdə “Yaşıl Enerji Zonası” Konsepsiyası və Baş Planının hazırlanması məqsədilə Yaponiyanın bu sahədə ixtisaslaşmış TEPSCO şirkəti ilə müqavilə imzalanıb. Hazırda bu istiqamətdə işlər həyata keçirilir.

Qumru Abdullayeva,

İsmayıllı şəhər 7 nömrəli tam orta məktəbinin tarix müəllimi

 

 

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir