Azərbacan Respublikası Elm və Təhsil Nazirliyinin keçirtdiyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VII qrant müsabiqəsində İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülçöhrə Fərəcova “Çağırışaqədərki hazırlıq müəllimlərin ininkişaf düşərgəsi” adlı layihə ilə qalib olub.
Layihənin icrasına 15 sentyabr 2023-cü ildən start verilib. 26 sentyabr 2023-cü il tarixdə “Çağırışaqədərki hazırlıq müəllimlərinin inkişaf düşərgəsi” adlı layihənin İsmayıllı rayon üzrə açılış tədbiri keçirilib.
Tədbirdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan layihə rəhbəri G.Fərəcova həyata keçiriləcək layihənin əhəmiyyəti barədə iştirakçılara ətraflı məlumat verib, layihənin əsas məqsədi və layihə çərçivəsində həyata keçiriləcək işlər barədə danışıb. O qeyd edib ki, layihənin həyata keçirilməsində əsas məqsəd ümumtəhsil məktəblərində çağırışaqədərki hazırlıq dərslərinin keyfiyyətini yüksəltmək üçün həmin fənn müəllimlərinə metodika, pedaqogika və psixologiyadan təlimlər keçməklə peşəkarlıq imkanlarının inkişafını təmin etməkdir.
Layihənin icrası üç rayonun – İsmayıllı, Şamaxı və Ağsu rayon çağırışaqərki hazırlıq müəllimləri ilə birgə aparılacaq.
Tədbirdə çıxış edən İsmayıllı Rayon Təhsil Sektorunun baş məsləhətçisi Rahim Baxışov, Əməkdar müəllim, Təhsil Şurasının İsmayıllı rayon üzrə sədri Şəfaqət Rəsulov, mövzu üzrə ekspert və layihənin təlimçisi, Əməkdar müəllim Əsgər Manafov layihənin müasir dövr üçün aktuallığından, həyata keçirilməsi nəzərdə tutulan işlərin əhəmiyyətindən danışıblar. Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.
15 sentyabr 2023-cü il tarixdə icrasına başlanılmış layihə 15 dekabr 2023-cü il tarixində yekunlaşdırılacaq.
Bu əhəmiyyətli işin uğurla başa çatdırılacağına əminik və layihə üzərində çalışanlara uğurlar diləyirik.
Gülçöhrə Fərəcova,
Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, layihənin rəhbəri