İLHAM ƏLİYEV: – “Ulu öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda bu gün Xankəndidə olmağım, əlbəttə ki, böyük rəmzi məna daşıyır. Onu da bildirməliyəm ki, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı.
Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılmışdır. Bizə qarşı soyqırımı törədilmişdir, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət almışdır. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq. Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərmişdir, ulu öndər Heydər Əliyevə dəstək vermişdir, onu prezident vəzifəsinə seçmişdir və o vaxtdan bu günə qədər inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir”.