11 Oktyabr – Beynəlxalq Qızlar Günü kimi dünyanın əksər ölkələrində qeyd olunur. BMT-nin Baş Assambleyasının qərarı ilə 2012-ci ildən təsis olunan bu gün qızların hüquqlarının müdafiəsi, onlar üçün səhiyyə, təhsil və digər imkanların müyəssərliyinin, eyni zamanda cəmiyyətdə gender bərabərliyinin təmin olunmasına diqqətin artırılması məqsədinə xidmət edir.
Azərbaycanda uşaqlar, xüsusilə də qızlarla bağlı məsələlərə dövlət tərəfindən həmişə diqqət yetirilir. Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, uşaqların yüksək təlim-tərbiyə alması üçün ölkədə hər şərait mövcuddur. Bu gün Prezidentimiz cənab İlham Əliyevin sayəsində Azərbaycanda ailələrin rifahının yüksəldilməsi, qadınların ictimai-siyasi həyata daha çox cəlb olunması və uşaq hüquqlarının təmin edilməsi üçün zəruri şəraitin yaradılmasına əsaslanan ciddi işlər görülür. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər il bu günün əsas devizi və çağırışlarına uyğun olaraq müxtəlif layihələr reallaşdırır. Ölkəmizdə erkən nikahların, təhsildən yayınma, qızlara qarşı ayrı-seçkilik hallarının qarşısının alınması məqsədi ilə bir sıra sistemli işlər həyata keçirilir.
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov əlamətdar gün münasibəti ilə rayonun təhsildə, idmanda, mədəni-kütləvi tədbirlərdə fəallıqları ilə seçilən qızlarımızdan bir qrupunu qəbul edib. Onları və onların timsalında qız övladlarımızı təbrik edib.
Təhsilli qadın, güclü cəmiyyət və xoşbəxt gələcək deməkdir!
Beynəlxalq Qızlar Gününüz mübarək!
“İsmayıllı xəbərləri”