Füzuli şəhəri və rayonun böyük hissəsi 23 avqust 1993-cü il tarixində erməni silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Ermənistanın silahlı qüvvələri ilə mübarizədə rayon sakinlərindən 400 nəfərədək müharibə əlili, 663 nəfər şəhid olmuşdur, 181 nəfər əsir və itkin düşmüşdür.
İşğaldan əvvəlki Füzuli rayonu. Füzuli rayonunda işğaldan əvvəl 2 şəhər, 16 qəsəbə, 82 kənd və başqa yaşayış məntəqələri mövcud olmuşdur. Füzuli Qarabağ dağ silsiləsinin cənub şərq ətəklərindən Araz çayına qədər maili düzənlik və alçaq sahələri əhatə edir. Rayon Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları,habelə Araz boyunca İranlçayı həmsərhəddir. Füzuli rayonunun ərazisi 1386 km², əhalisi isə təxminən 144 min nəfərdir. Ərazidə axan Quruçay, Köndələnçay, Çərəkən çayları Araz hövzəsinin çaylarıdır. Azərbaycanın iri yaşayış məskənlərindən olan Füzulinin əsası 1827-ci ildə qoyulmuşdur. Qarabulaq adlanan yaşayış məskəninin əsasında 1930-cu ildə rayon təşkil olunmuş və Qaryagin adlandırılmışdır. 1959-cu ilin aprelində böyük Azərbaycan şairi Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə Qaryagin rayonunun adı dəyişərək Füzuli rayonu adlandırılmışdır. İşğaldan öncə Füzuli rayonu tarixi-dini abidələrlə, xüsusən də türbələrlə zəngin bir ərazi olmuşdur. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babi Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrin Cəlil türbəsini aid etmək olar.
Ulu Öndər Heydər Əliyevin əmri ilə qazanılmış ilk Qələbə. 5 yanvar 1994-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hücumu nəticəsində Füzuli rayonun 22 yaşayış məntəqəsi işğaldan azad olunmuşdur. O zaman işğaldan azad olunmuş ərazilərdə hazırda rayon əhalisinin 50%-ə qədəri yaşayırdı.
Füzuli rayonunun azad olunması.
Füzuli rayonunun Qoçəhmədli, Çimən, Cuvarlı, Pirəhmədli, Musabəyli, İşıqlı, Dədəli kəndləri və Füzuli şəhəri şanlı Ordumuz tərəfindən 17 oktyabr tarixində işğaldan azad edilmişdir. Ermənistanın təxribatlarına cavab olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin komandanlığı ilə 2020-ci il 27 sentyabr tarixində başlayan Vətən müharibəsində Füzuli şəhəri daxil olmaqla rayonun 62 yaşayış məntəqəsi işğaldan azad edilmişdir. Füzuli əməliyyatı Azərbaycan Ordusunun müharibəsində cənub-şərq cəbhəsində baş vermiş ən əhəmiyyətli döyüşlərdən biri olub.
Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Füzuli uğrunda aparılmış döyüşlər Vətən müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. 30 il ərzində düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt lazım olacaq.
Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son mərhələdə öz silahlarını yerə qoyub qaçmışdı. Hərbi mütəxəssislər artıq açıq-aydın bildirirlər ki, Azərbaycan Ordusu böyük döyüş qabiliyyətinə və texniki təminata malik olan bir ordudur. Düşmən və bütün dünya artıq Azərbaycanın gücünü görüb və bunu etiraf edib.
Füzuli uğrunda döyüşlərdə iştirak edənlərin qəhrəmanlığı. 2020-ci il noyabrın 26-da “Füzulinin azad olunmasına görə” nedalı təsis edildi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25301 hərbi qulluqçusu “Füzulinin azad olunmasına görə” medalı ilə təltif olunmuşdur.
Rəsmi İrəvan törətdiyi hərbi cinayətlərə görə məsuliyyət daşımalıdır. Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına, infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görüləcəkdir. Dağıntı və ziyanın müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılacaqdır. Yerli və xarici ekspertlərin iştirakı ilə aparılacaq bu işlər nəticəsində erməni vandalizminə adekvat qiymət veriləcəkdir. Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş rayondur – yüz mindən çox mina basdırılıb.
Füzuli rayonu dövlətin diqqət və qayğısı ilə daim əhatə olunub. Rayonun işğaldan azad olunmuş ərazisində tikinti-quruculuq abadlıq işləri davam edir. Əhalinin sağlamlığının qorunmasının və göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi məqsədi ilə rayonun Bala-Bəhmənli kəndi ərazisində müasir tipli Mərkəzi rayon Xəstəxanasının inşası hal-hazırda davam etməkdədir.
Yerli RİH-dən verilən məlumatda deyilir ki, bununla yanaşı kənd təsərrüfatı məhsullarının istehsalı və emalı istiqamətində iri miqiyaslı, müasir standartlara cavab verən Aqroparkın, Horadiz şəhərində Dövlət Bayrağı Meydanının ərazisində Bayraq Muzeyinin, Heydər Əliyev Fondunun hesabına Bala Bəhmənli kənd tam orta məktəbinin, Arayatılı, Əhmədbəyli və Mahmudlu-2 kəndlərində uşaq bağçalarının, Aşağı Yağlıvənd kəndi ərazisində barama qurutma məntəqəsinin, Əhmədalılar kəndində 35 fərdi yaşayış evinin, kərpiç evlər adlanan ərazidə məskunlaşan məcburi köçkün ailələri üçün 95 evin tikintisi davam edir.
Füzulililər, göstərilən bütün diqqət və qayğıya, görülən bütün işlərə görə ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz dərin minnətdarlığlarını bildirirlər.
Azad olunan torpaqlarımızda yaradılan infrastrukturun əsas tərkib hissələrindən biri də Füzuli Beynəlxalq Hava Limanıdır. Təməli bu il yanvarın 14-də qoyulan Füzuli Aeroportuna ilk sınaq uçuşu sentyabrın 5-də həyata keçirilib. AZAL-ın ən böyük sərnişin təyyarəsi – “Airbus A340-500” buraya eniş edib. “Silk Way” aviaşirkətinin “Boeing 747-400” tipli təyyarəsi isə bu hava limanı vasitəsilə Qarabağa ilk dəfə yüklər çatdırıb.
Beləliklə, ən müasir tələblərə cavab verən beynəlxalq hava limanının qısa müddətdə və yüksək keyfiyyətlə inşası Azərbaycan dövlətinin qüdrətini göstərməklə yanaşı, həm də işğaldan azad edilmiş rayonlarımıza həyatın tezliklə qayıdacağından xəbər verir. Bu hava limanı, eyni zamanda işğaldan azad olunmuş torpaqlarımızda aparılan quruculuq işlərinin daha da sürətlənməsinə töhfə verəcək, ümumilikdə, bölgənin sosial-iqtisadi inkişafında müstəsna rol oynayacaq.
M.Əzimov adına Təzəkənd kənd tam orta məktəbin tarix müəllimi Mirzəli Səltənət