Oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə cənab İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Mübarək bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndində, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı. Sübut etdi ki, Azərbaycan xalqı və onun qurduğu dövlət güclüdür, yenilməzdir, torpaqlarının sahibidir və öz ərazisindən bir qarış da kimsəyə verən deyil.
Bu, doğrudan da, Azərbaycan xalqının, bütün azərbaycanlıların həyatlarında yaşadıqları ən sevincli, ən qürurlu andır. Həmin anları bizə qürurla yaşadan bir digər məqam isə, əlbəttə ki, bu hadisələrin 15 oktyabr tarixində baş verməsidir. Məhz 15 oktyabr 2003-cü il tarixində keçirilmiş seçkilərdə Prezident seçilmiş İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin siyasi irsini ləyaqətlə davam etdirərək, onun yaratdığı möhkəm təməl əsasında dövlətimizi strateji hədəflərə doğru uğurla apardı. Nəticədə regionda aparıcı dövlətə, dünyada çəkisi və nüfuzu olan, söz sahibinə çevrilən Azərbaycanın müstəqil siyasəti, ərazi bütövlüyünün və suverenliyin bərpası təmin olundu. Keçdiyimiz çətin yolda Prezident İlham Əliyev müstəqilliyimizin simvolu, Azərbaycanın dünyadakı səsi, bütün dünya azərbaycanlılarının hüquqlarının və təhlükəsizliyinin qarantına çevrildi.
Prezident İlham Əliyev iyirmi illik fəaliyyəti dövründə xalqa verdiyi vədləri bütünlüklə yerinə yetirib. Bu müddət ərzində ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olunub, insanların rifah halı daha da yaxşılaşıb. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirilib, müasir Ordumuz yaradılıb, ölkəmizin beynəlxalq arenadakı mövqeləri möhkəmləndirilib. Bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı, onun milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Ən əsası isə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü tam təmin edilib və Ulu Öndərin torpaqlarımızın azad olunması ilə bağlı müqəddəs arzusu həyata keçirilib.
Prezidentimiz Xankəndi şəhərində çıxışı zamanı bəyan etdi ki, bu gün burada olmağımızın əsas səbəbkarı Azərbaycan xalqıdır. Həqiqətən də, 2003-cü ilin 15 oktyabr tarixində müdrik qərarı ilə cənab İlham Əliyevi dövlət başçısı seçən uzaqgörən xalqımız Zəfər yoluna qədəm qoydu.
Dövlətimizin başçısı Xankəndində bayraq qaldırmaqla yazdığı Qarabağ dastanının nöqtəsini qoydu, bilavasitə 20 illik fəaliyyətinin hesabatını verdi.
Təcavüzkar dövlətin və onun havadarlarının bütün cəhdlərinə baxmayaraq, cənab İlham Əliyev sözünün üstündə durdu və bu mübarizədən qalib ayrıldı.
Bugünkü reallıqlarımız bir daha Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, onu mən bilirəm” çağırışının əməli işdə öz təsdiqini tapmasıdır.