Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən “Vətəni tanıyaq!” devizi ilə keçirilən yay düşərgəsinin ikinci günündə iştirakçılar ağac üzərində oyma sənət ustası Qəhrəman Adıgözəlovun emalatxanasını ziyarət ediblər.
40 ildən artıq bir müddətdə sənəti ilə tanınan, respublikada keçirilən sərgilərdə əl işləri maraqla izlənən Qəhrəman usta məktəbliləri səmimi qarşılayıb, onları evinin birinci mərtəbəsindəki muzeylə tanış edib. Muzeydə sərgilənən, ağacdan yonulmuş portretlər, müxtəlif fiqur və əşyalar, işləmələr uşaqların böyük marağına səbəb olub.
Məktəblilər ustanın emalatxanadakı iş prosesi ilə də yaxından tanış olublar.
Usta Qəhrəman həm də yaradıcı insandır, şeir yazır, gözəl saz çalır. “Buludsuz leysan” adlı kitabından söylədiyi şeirlər, sazda ifa etdiyi xalq mahnıları ürəkdən alqışlanıb.