Uşaqların yay tətilinin səmərəli keçirilməsi məqsədilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Şüvəlan və İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən ümumilikdə 37 uşağın iştirak etdiyi yay düşərgələri təşkil olunub.

Müharibə iştirakçısı və şəhid ailələrindən olan uşaqlar, təlim fəaliyyətində fərqlənən məktəblilər, Mərkəz benefisiarlarının cəlb olunduğu düşərgələrin təşkil olunmasında məqsəd uşaqların vətənpərvərlik və milli-mənəvi ruhda formalaşmasına töhfə verməkdir.

Bakının Xəzər rayonunda “Uşaqlar bizim gələcəyimizdir” devizi ilə keçirilən düşərgədə uşaqlar müxtəlif mövzularda təlimlərdə iştirak edib, psixoloji testlərdən keçib, müharibə iştirakçısı Roman Zeynalovla vətənpərvərlik və milli-mənəvi dəyərlər mövzusunda müzakirələr aparıblar. Müxtəlif interaktiv və əyləncəli oyunlar, rəsm və rəqs üzrə ustad dərslər, “face art” məşğələsi, Şağan Etno-Art mərkəzi və Suraxanı gəmi muzeyinə ekskursiyalar təşkil olunub.

İsmayıllıda təşkil olunan “Vətəni tanıyaq!” devizli düşərgənin iştirakçıları isə tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin iştirakı ilə “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğunda aparılan arxeoloji qazıntılarda maddi-mədəniyyət nümunələrinin aşkarlanmasının şahidi olub, hətta iki ədəd sikkə tapmağa da  nail olublar. Uşaqlar həmçinin ağac üzərində oyma sənəti üzrə tanınmış usta Qəhrəman Adgözəlovun emalatxanasını ziyarət edərək, onun əl işlərindən ibarət ev muzeyi ilə yaxından tanış olublar.

Düşərgə iştirakçılarına sertifikatlar təqdim olunub.

Lalə Kəbirova

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir