Gənclik hər bir xalqın gələcəyini  və inkişaf yolunu müəyyənləşdirən, cəmiyyətin ictimai-siyasi həyatında böyük əhəmiyyəti olan aparıcı qüvvədir. Dahi siyasi xadim, ümumilli lider Heydər Əliyev gəncliyə dövlətin əsas kapitalı kimi baxmış və ona daim böyük qayğı və diqqətlə yanaşmışdır. Təsadüfi deyil ki, bu gün ölkədə bir çox insanlar artıq gənclik yaşlarından nailiyyətlərə imza atır, uğurlu gələcəyin yollarını müəyyənləşdirirlər.

Ümumiyyətlə, Azərbaycan dövləti gənclərin inkişafı, onların potensialının üzə çıxarılması, təhsili, cəmiyyət həyatında gedən proseslərə fəal cəlb olunması üçün hər zaman kompleks tədbirlər həyata keçirib. Gənc nəsilin inkişafını xüsusi diqqət mərkəzində saxlayan Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə dövlət-gənclər siyasəti daha da təkmilləşdirilərək, məzmunca yeni mərhələyə qədəm qoyub. Xaricdə təhsillə bağlı dövlət proqramları qəbul olunub. Beləliklə, uğurlu dövlət siyasətinin nəticəsidir ki, indiki gənclik hər bir sahədə fəal təmsil  olunur.

Məqsədim sizlərə zəngin daxili aləmi, yüksək intellektual səviyyəsi, qibtə olunacaq nəzakəti ilə seçilən, dövlət gənclər siyasətinin fəal daşıyıcısı olan – İsmayıllımızın dilbər guşəsi Cülyan kəndində doğulub boya-başa çatmış Elvin Qismət oğlu İsazadə haqqında bir qədər ətraflı bilgi verməkdir.

Elvin 1992-ci il iyun ayının 6-da dünyaya göz açıb. Həmyaşıdları kimi 6 yaşında Cülyan kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2009-cu ildə həmin məktəbi əla qiymətlərlə bitirib. Yüksək balla Azərbaycan Tibb Universitetinin müalicə işi fakültəsinə daxil olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə universiteti qırmızı diplomla bitirdikdən sonra yenidən təhsilin davam etdirmək üçün qardaş Türkiyə ölkəsində Hacettepe Tibb Universitetinin cərrahlıq fakültəsinə daxil olub. 2022-ci ildə orada təhslini uğurla başa çatdıraraq uzman cərrah adına layiq görülüb.

Elvin orta təhsil illərdə həmişə fəallığı ilə seçilib. Keçirilən müsabiqə və yarışların rayon, həmçinin respublika turlarında qalibi olub, çoxsaylı uğurlara imza atıb. Azərbaycan və türk gəncliyi arasında əməkdaşlığın genişləndirilməsində də Elvinin böyük rolu var. O, bütün istiqamətlərdə həyata keçirdiyi tədbirlərdə hər zaman Azərbaycan və türk gəncliyi arasında dayanıqlı iş aparıb və həmişə nailiyyətlər qazanıb. O, iki qardaş ölkə arasında olan dostluq və hərtərəfli əməkdaşlıq münasibətlərinin möhkəmləndirilib inkişaf etdirilməsinə həmişə önəm verib və bu sahədə əməli fəaliyyəti ilə seçilib.

Elvin İsazadə gənc olmasına baxmayaraq, sadəliyi, insanpərvərliyi, vətəncanlı olması ilə həqiqətən fərqlənir. Onun zəngin mənəvi dünyası var. Olduqca diqqətlidir. Ona görə də hamı onu çox sevir, onunla təmasda olmağa, həzin, mehriban səsini eşitməyə həmişə can atırlar.

44 günlük Vətən mühasibəsində neçə-neçə gəncimizin qəhrəmanlıqlarını görüb, eşitdik.  Həmin günlərdə cərrah həmyerlimiz də öz üzərində və praktik fəaliyyətinin yüksəlməsinə çalışdı. Zəfərlə bitən müharibədə fərqlənən gənclərdən biri də Elvin İsazadə oldu. 2020-ci ildə könüllü olaraq işini dayandırdı. Azərbaycana gəldi və cəbhə bölgəsində yaralı əsgər və zabitlərimizə tibbi xidmət göstərdi. Onun Vətən sevgisi gənc nəslə bir nümunədir. Neçə-neçə yaralı əsgər və zabitlərimizi yenidən sağaldaraq cəbhəyə, həyata  qayıtmasına yardımçı oldu. Yorğunluğa məhəl qoymadan daim döyüş zonalarında oldu, yaralılara kömək əlini uzatdı. Bir gənc həkim kimi iradəli oldu, qarşıya çıxan çətinlikləri aşmaq üçün özünü psixoloji və fiziki baxımdan hazırladı. Təcrübəli həkimlərlə birlikdə çoxlu yaralı əsgər və zabitimizin həyatını xilas etdi.  Fəaliyyəti diqqətdən kənarda qalmadı. Göstərdiyi kömək və xeyirxahlıq qiymətləndirilərək Diplom və Fəxri fərmanlar halında özünə qayıtdı.

2023-cü ildə qardaş Türkiyədə baş vermiş zəlzələ zamanı da Elvin zəlzələ bölgələrinə yollandı. Yaralılara əlindən gələn tibbi köməklikləri göstərdi. Əməyi Türkiyə dövlətinin səlahiyyətli nümayəndəlikləri tərəfindən layiqincə qiymətləndirildi.

Eloğlumz Elvin Qismət oğlu İsazadə hazırda Hacettepe və Ankara böyük şəhər xəstəxanasında uzman cərrah kimi fəaliyyət göstərir. İşinin öhdəsindən layiqincə gəlir. Təcrübəsinin çoxalması üçün öz üzərində işləməkdən yorulmur. Bilir ki, gənclərimiz işıqlı sabahımızdır.

Bildiyimdən həkimlərə “Tanrının dostları” da deyirlər. İnsanlara sağlamlıq bəxş etməyi, ömürlərinə ömür calamağı yalnız bu müqəddəs peşə sahibləri bacarırlar.

Söhbət əsasında E.İsazadə deyir ki, həkim gərək öz peşəsinin məsuliyyətini dərk etsin. Xəstə ilə etibarlı dost münasibəti qurmalıdır. İlk növbədə həkim xəstəni özünə inandıra bilməlidir. Bu, əsas şərtdir, müalicə sonrakı işdir. Əgər xəstədə sağalmasına inam yarada bilmirsənsə, anlamalısan ki, zəhmətin hədər gedəcək.

Çoxları üçün gənc yaşlarından ideal insana çevrilən Elvin Türkiyədə “Azərbaycanlı Həkimlər” dərnəyinin də faəl üzvlərindən biridir. O, tez-tez bu dərnəyə gəlir. Hamkarlar ilə fikir mübadiləsi aparır.

Elvin qeyd edir ki, hər şey insan üçün ailədən başlayır. Sonradan mühitlə formalaşır. Orta məktəbdən sonra əhatəmdə elmli, bilikli, vətənpərvər, çətinliklərə baxmayaraq təhsilini davam etdirmək istəyən iradəli gənclər olub. Yaxşıları, sənə əziyyət çəkənləri, əzizləri doğmaları sevməkdən yorulmamalısan. Həyatın mənası bundadır. Böyüdüyüm ailədə bu cür tərbiyə olunmuşam. Ata-anamı, qardaş-bacılarımı, müəllimlərimi və bütün xeyirxah insanları çox sevirəm. Bu, mənə güc verir.  İnsan sevdikcə saflaşır, kamilləşir.

Elvin İsazadə həmçinin yenilikçidir, ideya adamıdır. Bu, onun tariximizə, Azərbaycanın inkişafda olan istiqlalına bağlılıqdan irəli gəlir. O, bu gün təcrübəli həkimlərdən öyrənir, ölkəmizin istiqlalına, milli dövlətimizə xidmət missiyasını fəaliyyətində davam etdirir. Bu işində biz də ona can sağlığı və yeni-yeni uğurlar arzulayırıq.

Ömrünüzün qürur, iftixar zirvələrində görüşmək ümidi ilə, Elvin!

Hacıməmməd Məmmədov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir