Böyük Qafqaz sıra dağlarının Niyal silsiləsində dağlar qoynunda bir oğlan hər zaman dağların döşünə çıxar və ordan üzü dərələrə baxardı. Dərələr nə qədər dərin, dağlar necə də əzəmətli, vüqarlı olduğunu düşünər və uca dağların sinəsinə qarın çökdüyünü, sıx meşələrin, güllü yamacların çiçəkli təpələrin gözəlliyini görər hər yerində bir iz qoyar, xəyallar qurardı. O xəyallar onun nə kiçik birotaqlı evinə, nə də könlünə sığardı. Anasına uğurlu gələcəyindən vədlər verərdi.
Əlləri qabarlı atasının çətinlik çəkdiyini gördükdə ona həyan olmağa can atardı. İşləyib ev tikmək, dörd nəfərdən ibarət ailəsini bu kiçik komadan ora köçürmək arzusundaydı. Dağlar qədər arzusu vardı. Ana, mən səni çox işləməyə qoymayacam – deyirdi.
Nədənsə nakam oğullar biri-birinə bənzər? Nədəndir gənc ikən dünyalarını dəyişəcək oğullar analarına gen-bol vədlər verərlər? Arzuları, xəyalları bir olar qədərləritək. Kişiləşməyə başladıqları gündən anlayarlar anlarını. Amma zalım fələk bu arzulara çatmağa macal verərsə! Sən saydığını say, gör fələk nə sayır…
– Kim idi bu oğul?!
– Alman faşizminə qarşı döyüşən, 1944-1945-ci illərin müharibə veteranı olan qəhrəman bir kişinin nəvəsi. Azərbaycanın, vətəninin keşiyində duran, ona yetərincə sadiq bir əsgər – Allahyarov Teymur Allahi oğlu. O, 2000-ci ilin sentyabr ayının 5-də İsmayıllı rayonunun Ərəgit kəndində kasıb, zəhmətkeş mərd, vətənpərvər, saf bir ailədə dünyaya göz açıb. Teymur iki uşağı olan ailənin yeganə oğlu idi.
Anası Dilarə xanımın dediyinə görə oğlu vətənpərvər ruhda böyüyüb, orta məktəbi də yüksək qiymətlərlə bitirib. Çox ağıllı, savadlı bir şagird – müəllimlərin sevimlisi olub. Tərbiyəsi, davranışı, məntiqi düşüncəsi ilə çoxlarına nümunə olub. Ali təhsil almağa yetərincə səviyyəsi olsa da, ailənin maddi vəziyyəti çətin olduğundan o işləməyə, ailəyə kömək etməyə üstünlük verib. Oxumağı, təhsil almağı təxirə saldığı arzulara əlavə edib.
Anası onun hərbi xidmətə necə həvəslə getməyindən, vətənpərvər olmağından fəxr və qürur hissi ilə danışır. Teymur 2018-ci ilin oktyabrında həqiqi hərbi xidmətə çağırılıb. Altı ay Goranboy, Ağdam rayonlarında topçu kimi xidmət edib. Bu sahənin sirlərini öyrənir, tapşırıqları fəallıqla yerinə yetirib. Düşmənlə üz-üzə dayanıb Vətənin bir qarış torpağın yağılara verməmək üçün hərbi borcunu yerinə yetirib. Komandirlərindən ailəyə belə bir oğul yetişdirdikləri üçün təşəkkür də gəlib.
Teymur düşmənin hər hiyləsinin qarşısın almaq üçün bütün istiqamətlərdə ayıq-sayıq dayanıb. O həm də hərbi xidməti bitirdikdən sonra, orduda müddətdən artıq xidmət etmək istəyib. Düşmən təxribatının
qarşısının alınmasında dəfələrlə iştirak edib. Bu mərd, mübariz əsgər xidmət etdiyi “N” saylı hərbi hissədə 2020-ci ilin yanvar ayının 8-də qəfil dünyasın dəyişib və bir-birindən doğan arzularından əbədi olaraq uzaq düşüb…
Teymurun bu xəbəri Lahıcı dövrəyə alan dağlara səs saldı. Teymurun bu acısı daşların bağına yağmış qardan daha ağır yük oldu. Dağlar uçulub tökülmək istədi bu xəbərdən. Bəlkə də yolların bağlanacağından ehtiyat edib dözdülər. Dağılıb gəlib-gedənlərə mane olmadılar. Dağların başına yağan qarlar əriyəcək, amma bu dərd nə əriyəndi, nə tükənən…
Bu arada Niyalın zirvələri sanki biri-biri ilə danışırdı: Axı bu oğlanın bizimlə ürək dolusu arzuları vardı. O hərbi xidmətə gedərkən bizim qarımız yox idi. Bu gün sinəmiz həm qarlı, həm də dağlıdı. Balaca Teymur qışda bizə həmişə deyərdi: Siz üşümürsüz? Sonra da özü tez balaca daxmalarına qaçar, əllərini isti peçə sarı tutardı. Dağlar belə sirdaşları olduğundan qürur duydular. Bir qədər də dikəldilər. Teymurun uşaqlıq, yeniyetməlik çağlarını xatırlayıb kövrəldilər…
Dağın hansındansa səda gəldi: Can, ay Teymur, can, ay bala! Üçcə ay qalmışdı xidməti borcunu ödəyib qayıtmağa. Gözümüzü yolda qoydun…
Teymur arzularını yarıda qoyaraq, böyük qürurla, qüdrətlə, üçrəngli bayrağa bürünərək, son dəfə əl yelləyib ayrılırdı dağlardan, uşaqlıq xəyallarından, anasına gül topladığı yamaclardan, qoyun-quzu dalınca qaçdığı günlərdən, məhlə uşaqlarından…
O, qısa bir ömür yaşasa da, tarixin bir parça yaddaşına döndü sanki..
Onu Ərəgit kəndinin qəbristanlığında uyuyan şəhidlərlə bir sırada dəfn edirlər.
Şəhidlərə qonşu oldu Teymur. Uyudu Ayaz, Əkrəm, Tələt, İmran, Ayaz, Elxan dəfn olunmuş torpaqda.
Gedəsi oldum, dağlar
Qalan əbədi dağlar.
Bir od tutar ürəyim
Alışar, könlü dağlar!
Teymurun bu dərdi onun tək valideyinlərinə deyil, qoynunda gəncləşdiyi dağların da sinəsinə dağ çəkdi və o gündən dağların sinəsi bir ana fəryadına meydan oldu. Susdu dağlar. Yas tutdu körpəsinə. Utandı ananın fəryad səsindən. Girdiman belə dilə gəldi:
Dağa çıxmaram, Teymur,
Yola baxmaram, Teymur.
Sən ki; gələn deyilsən
Donub, axmaram, Teymur.
O gündən tək dağlar yox, axıb gedən Girdiman da bir qədər lallaşdı, susdu. Bu igidlərin dərdindən. Anaların fəryadını rahat eşitmək üçün coşub-daşmadı ana təbiət. Yol kənarındakı tənha qovaq da, yarpaqlarını küləklərdə yellətmir, Girdiman da əvvəldəkilər kimi selləri, suları ilə ətrafdakıları vahimələndirmir. Səssiz-səmirsiz, dərdli-dərdli axmaqdadır. Teymur tez-tez anasının yuxularına girir. Yuxulardan birində anasının qucağına ağ bir quzu verib, onu tərk edir. Gözlə, yenə gələcəyəm, – deyir.
Ana yuxusunda Teymuru ağ atın üstündə görür. Yuxularla təsəlli tapan ana deyir ki, onu hər dəfə yuxuda gördüyümdə məndən ağlamamağı xahiş edir. Mən ölməmişəm, – deyir…
Teymurun ruhu pıçıldayır… Mən qalib ordunun əsgəriyəm. 44 günlük Zəfər yolundan keçmişəm. Dağlarım, çaylarım, bulaqlarım – əzizlərim mənsizlikdən sıxılmasın, üzülməsin. Mən şəhidlərin qonşusuyam. Ən uca dağın zirvəsindən də bir qədər yüksəkdəyəm. Məni sevənlərdən yeganə xahişim odur ki, ağlamasınlar…
Dilə gəldi cığırlar,
Sinəmizdə izin var!
Yolunu gözləyir yar,
Getmə, Teymur, nə olar?!
Girdiman hələ laldı,
Coşmağı bir sualdı.
Dilarə ağlar qaldı,
Getmə, Teymur, nə olar?!
Bağışla məni, ana! Nakam bir oğulun ilk və son sevgisi olan ana! Mən sənin arzularını yerinə yetirə bilmədim!..
Bağışla məni, ata! Qabarlı əllərindən tutmaq, dayaq olmaq əvəzinə, çiyninə ağır yük qoydum. Ailəmiz üçün münasib bir ev tikmək arzusunda ikən belini qırdım!..
Bağışla məni, Zəhram. Sənə bir qardaş toyu sevincini yaşada bilmədim…
Belə olmasaydı, sənin körpələrinin rahat gələcəyi olmayacaqdı. Heç vaxt istəmədim ki, körpələrin beşiyində düşmənin top-tüfəng, güllə səsindən səksənə, diksinə.
Əmi, dayı, bibi, xala mən sizə toyumun xonçası yerinə bayraqlar verdim. Qürur duyun, bağışlayın məni!
Bu yazını çətinliklə ərsəyə gətirdim. Bu, bir ananın arzusuydu sadəcə. Ona təsəlli olar deyə, qələmə aldım.
Sətirləri Teymurun şəkillərinə baxaraq yazdım. Xüsusilə şəkilə ki, Teymurun valideynləri ilə çəkdirdiyi son şəkildir. Biri-birini tamamlayan bu baxışlarda ünvanına yetməyən arzular, həyatın hər cür çətinliyi, ehtiyac, kasıbçılıq var. Birdə Teymurun gözləri isə deyir: Bağışla məni, ana! Mən səndən doymadım! Mənim ilk və son məhəbbətim!
Sən də məni bağışla, qəhrəmanım! Haqqını halal et! Dağlar qoynunda böyüyən oğlan…
Mən əminəm ki, sən Haqqın dərgahında öz rahat yerini tutmusan. Torpaq igid oğulların qanıyla qarışıb Vətən olur. Biz torpaqdan yaranmışıq deyə torpağı bu qədər çox sevirik. Odur ki, son məqamda gözümüzə bir çimdik torpaq tökülür ki, gözümüz doysun. Haqqınızı halal edin, tarix boyu Vətən yolunda qurban gedən igidlər!
Dünyaya gələn insanın dünyadan nə vaxt, necə gedəcəyi yalnız Yaradana bəllidir. Övladlarının nakam ölümündən analar nə qədər narahat olsalar da, Allaha qarşı asi olmamalıdırlar. Bu, müdriklərin, uluların məsləhət və tövsiyəsidir. On səkkiz il böyüdülən oğulun itkisi, dünyadan köçməsi bir ömür boyu əzabdır. Amma ölənlə ölmək olmur deyiminə söykənib dözmək, səbir etmək ən düzgün yoldur. Çünki Allah səbir edənlərin, dözənlərin mükafatını əsirgəmədən verir. Əminəm bu yazım və ululardan eşidib, qeyd etdiklərim bu məqamda ana üçün bir təsəlli olacaqdır. Elə bu məqsədlə də anaya qoşulub Teymurun məzarını ziyarət etdim.
Məzar daşının qoyulması, kənd küçələrindən birinə adının verilməsi, şəhidlər sırasında dəfn edilməsi – bütün bunlar dövlətimiz tərəfindən olunub. Teymurun həyatdan köçməsinə hələ də inanmaq istəməyən valideynlərinin vəziyyəti çox da ürəkaçan deyil.
– Gəldim məzarına, sənlə görüşə,
Kövrəltdi bu bu məzar aləmlə məni.
Dedim, salam olsun, sənin ruhuna,
Dağlar qarşıladı salamla məni.
Bir igid evinə pənah gətirdim,
Bir ana ağlayır, həyanam ona.
Bilmirəm, qalımmı, yoxsa ki, gedim,
Getsəm, salam olsun sənin ruhuna.
Deyirəm, ay Teymur, acıdır həyat,
Kimi yarımamış, kimi yarımış.
Torpaq ana qoynu – rahat uyu, yat
Hərənin bir cürə qisməti varmış.
Dağlar qoynundadır gözəl Ərəgit,
Ruhuna yoldaşdır aldığın öyüd.
Burada doğulub Teymurtək igid,
Səninçün yas tutur əkdiyin söyüd.
Dağlar arxasına enməkdə günəş,
Deyir: Gəl, səninlə bir an görüşək.
Yoxluğun qəlblərdə bir od, bir atəş,
Dağlar dilə gəlib deyir: Dərdləşək.
Gözümdə canlanır gəzdiyin yerlər,
Anasın səsləyər, mələr quzular.
Dərin dərələrdən gur səsin gələr,
Təmiz ürəklərə adın yazılar…
Zərifə Səmədova,
Ərəgit kəndi