Enişli-yoxuşlu yollardan uğurla keçərək ömrünün mənalı illərini yaşayıb-yaradan Murad Allahverən oğlu Məhərrəmov – şair Murad Məhərrəm bu gün böyük nüfuz sahibidir.

Köməklik etdiyi insanların xeyir-duaları onu həyata bağlayır, fərəhləndirir, sevindirir. Allah tərəfindən müstəcəb olan bu dualar onu ömrünün bu çağında gəncləşdirir.

Kamil qələm sahibi kimi tanınan Murad Məhərrəmin “Mənim payız kədərim” və “Durnalar qayıtmadı” kitabları bu gün oxucu kütləsi qazanmış kitablar sırasındadır desək, yanılmarıq. Bu kitabların müxtəlif sahələrdə təqdimatları keçirilmiş müəllif və kitablar haqqında müsbət fikirlər söylənilmişdir.

Gözəl qələm sahibi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “İsmayıllı Yazaları” ədəbi-ictimai birliyinin sevimlisi Murad müəllimin 70 yaşı tamam olur.

Dərin məna çalarları ilə zövq oxşayan, insan ürəyini riqqətə gətirən sətirləri, ölməz poetik inciləri ilə M.Məhərrəm çağdaş ədəbiyyatımızda müasir şeirin böyük dünyasını yaratmışdır. Onun sənət dünyasına baş vuranda həqiqət, böyüklüyünün şahidi olursan.

Murad Məhərrəm mənimçün, ilk növbədə, bütöv bir şəxsiyyət, şair, müəllim və dövlət adamıdır. 70 illik mənalı, şərəfli bir ömür yolu keçmiş bu qəlbi işıqlı insanla düz 70 ildir yol gəlirik. Murad müəllim olduqca sadə, yerini bilən, çox bilib az danışan, düz, riyakarlıqdan və yaltaqlıqdan uzaq, xeyirxah, mehriban, vətənini, elin-obasını sevən, dövlətçiliyə daim sədaqətli, yüksək və dərin biliyə malik, istedadlı, zəkalı, olduğu kimi görünən, sözü mərd-mərdanə çəkinmədən üzə deyən bir insandır, dəyərli söz sərrafıdır. Bütün bunlar onun “Durnalar qayıtmadı” kitabında öz əksini tapıb.

Ömrünün müdrik çağlarını yaşayan Murad Məhərrəm öz yaşıdları arasında da məhsuldar yaradıcılığı ilə seçilir. Şair əvvəlki kitabında olduğu kimi, bu kitabda da öz ədəbi ənənəsinə, dəst-xəttinə sadiq qalır. Xalq ədəbiyyatının ruhu ilə köklənmiş M.Məhərrəmovun şeirlərində dünənimizin, bu günümüzün ağrı-acılarından doğan yanğının hərarəti oxucunu da düşündürür. Oxucu şairi narahat edən, onu düşündürən sualların axınına düşüb, şairlə birgə bu sonu görünməyən suallara cavab axtarır.

Bir az bəxt istədim, bir qədər ömür,

Qələm tutanımdan, tale yazandan.

Hicrandan savayı nəyi verdi ki,

İndi nəyi umum, mən indi ondan?!

(“Doğum günümdə”)

Murad müəllim dünyanı dərk etməyə, bu dünyadan nə qalıb deyərək, qəlbində doğan etiraflarını poetik şəkildə əks etdirir. “Söylə, Tanrım, söylə görüm nə qalıb?!”

Daha mənə kar eləməz bu ahlar,

Çiynim  üstə savab ilə günahlar.

Çinarlarım yarpaq-yarpaq qəm ağlar,

Gəlib payız, göy çəmənim saralıb,

Söylə, Tanrım, söylə görüm nə qalıb?!

(“Nə qalıb?!”)

“Nə söyləyim” şeirindən:

Bu dünya ki, oyunbazdır, oyunbaz,

Dar köynəyi heç əynindən soyunmaz.

Çalıb-çapar, amma heç vaxt yorulmaz,

Divan tutar ötən aya, illərə,

Nə söyləyim bu açılan güllərə?!

Poetik ürək sahibi olan Murad müəllim ilk növbədə lirik şairdir. Onun şeirləri öz axıcılığı, lirizmi ilə seçilir.

Əllərim yetməyən, gözümə dolan,

Bir qaya döşündə tər bənövşəsən.

Üz tutub getdiyim yollar boyunca,

Həzin nəğmə kimi ürəyimdəsən.

Və yaxud:

Gələn gün, gedən gün nə verəcək, nə?

Yazılan pozulmaz milyonlar olsa.

Mənim ruhum ölər, qanadım sınar,

Qaya döşündəki bənövşəm solsa!

(“Bənövşəm solsa”)

Şeiri özünə bir kainat bilən şair əsərlərdə Ulu öndərə və onun yoluna davam etdirən cənab prezident İlham Əliyevə də şeirlər həsr etmişdir.

Bu ölümə ağı deyir,

Bütün dünya, bütün cahan!

Rəhmət sənə Ulu öndər,

Rəhmət sənə böyük insan!

 

Dünya özü heyran qalıb,

Sənin dərin düşüncənə.

Yaraşmayır, xilaskarım,

Ayrılıqlar, ölüm sənə!

(“Rəhmət sənə”)

Cənab Prezident İlham Əliyevin İsmayıllıya səfərləri ilə əlaqədar:

Qədəmlərin mübarəkdir.

Xoş gəlmisən, Prezidentim!

Gözün aydın, İsmayıllım,

Addımların dönməz, mətin!

 

Bu sıçrayış, bu tərəqqi,

Xalqa inam yoludur bu!

Dünənimiz, sabahımız,

Heydər, İlham yoludur bu!

Yazıların çoxdunda Murad müəllim dövlətçiliyə sədaqət, xalqa sevgi ilə yanaşmaq çağırışı özünü göstərir.  Vətənə, xalqa, torpağa bağlılıq onun şeirlərinin qayəsini təşkil edir.

Torpağı qızıldır, düzləri lalə,

Vüqarı dağlardır, saçı şəlalə.

Gedirik sabaha biz varlı əllə,

Düşüncəm, əqidəm, məsləkim canım,

Azərbaycanım!

           

Şeiri, nəğməsi, sözü tükənməz,

İşıqlı sabahı, izi tükənməz.

Azad, müstəqildir, özü tükənməz,

Əbədi bahardır, çiçək hər yanım,

Azərbaycanım!                    

(“Azərbaycanım”)

Murad müəllimin şeirlərində əks olunan ictimai zərurətlər anı ayrı-ayrılıqda bir həyat hadisəsinin obrazlı ifadəsidir, ən diqqətçəkən də odur ki, müəllif özü bu hadisələrin gah iştirakçısı, gah da müşahidəçisidir. O, zaman-zaman müxtəlif xarakterlərlə qarşılaşıb, onlarla fərqli formalarda münasibət qurub. Odur ki, yazdığı şeirlər orjinallığı ilə seçilir.

Murad müəllimin satirik şeirlərində də talançılar, korrupsiyaya qurşananlar, yüksəliş və inkişafa qara yaxanlar, rüşvətxorlar kəskin tənqid olunur, onların iç üzləri açılır:

Gözün qalıbdır üzümdə,

Üfunətdir yol, izin də.

Yalan yoxdu ha sözümdə,

Sən “yeyirsən”, mən deyirəm.

Və yaxud:

Qarətçisən, talançısan,

Vərdişi boş yalançısan.

Kreslolu dilənçisən,

Sən “yeyirsən”, mən deyirəm.

(“Rüşvətxora”)

Qara yaxanlara Murad müəllimin sözü:

Ağa qara deyib, a tərsə yazan,

Xalqa canın yanır, ay sən öləsən!

Məramın, məqsədin bəllidir, bəlli,

Zatını el tanır, ay sən öləsən!

 

Duymursan sən axı vaxtı, zamanı,

Qatırsan palçığa köhnə samanı.

Bala, sil gözündən qatı dumanı,

Gəlir qara günün, vay, sən öləsən!

(“Ay sən öləsən”)

Korrupsiyaya qurşananlara isə belə deyir:

Quzu sifətində, qurd xislətində,

Guya ki, abırda, öz ismətində.

Dayanıb pusduqda ov qismətində,

Soyğunçu, qarətçi, bu yalançılar,

Milləti soyanlar bu talançılar!

 

Var bağı, villası, mədən, şaxtası,

Dənizdə sektoru, liman, buxtası.

Sanki miras qoyub dədə-babası,

Soyğunçu, qarətçi, bu yalançılar,

Milləti soyurlar bu talançılar!

Murad Məhərrəm poeziyası incə, zərif duyğular porziyasıdır, insana, həya böyük bir məhəbbətin ifadəsidir, humanist və müdrik bir şairin könül nəğmələridir. Murad müəllim bütün insani keyiyyətləri özündə cəm edibdir. Yüksək mədəniyyət, təmkinlik, sadə danışıq tərzi, sadə davranış qaydaları, sözü sakit və kəskin deməsi onun daxili aləminin psixologiyasını əks etdirir. Çünki Murad Məhərrəm müəllim ailəsində 1953-cü il avqustun 10-da İsmayıllı rayonun dilbər guşəsi olan Müdri kəndində anadan olmuşdur. 1970-ci ildə Təzəkənd tam orta məktəbini, 1974-cü ildə isə Azərbaycan Pedoqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Buynuz kənd, İsmayıllı şəhər 1 nömrəli tam orta məktəbində müəllim, İsmayıllı Rayon Təhsil Şöbəsində metodist və məktəb inspektoru, Yerli Radio Verilişləri Redaksiyasında təşkilatçı müxbir vəzifələrində çalışmışdır. 2003-cü ildən müsbət keyfiyyətləri nəzərə alınaraq İsmayıllı Rayon İcra Hakimiyyətində məsul vəzifəyə irəli çəkilmişdir. Sonralar İctimai-siyasi və humanitar məsələlər şöbəsində çalışmışdır. Hazırda təqaüdçüdür.

Murad Məhərrəmin şeirləri dövri mətbuatda, bir sıra almanaxlarda, “Türk şairləri antalogiya”sında, “Antaliya” dərgisində çap olunmuş, respublika radiosunda səsləndirilmişdir.

Bir insan, müəllim, şair kimi bənzərsizdir. O, danışanda insan daha da cavanlaşır, problemlərinin yoxluğuna inanmaq istəyir. Onun şəxsiyyəti sənətində tamamlanır. Söz sərrafıdır.

Aylar-illər ötəcək, şair Murad Məhərrəmin 80, 90 illik yubileyləri olacaq, neçə-neçə kitabları işıq üzü görəcək, ürəklərə yol tapacaq.

Hünərin böyük olsun, Murad müəllim! 70-ni başa vurmaq arzuların qovuşduğu zirvədi, 100-ü görmək arzuların çin olsun!

Hacıməmməd Məmmədov

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir