Mən şəhidlərə “Allah rəhmət eləsin” sözünü yaraşdırmıram. Onların rəhmə ehtiyacı yoxdur. Rəhmə ehtiyacı olanlar bizlərik. Qoy Allah bizlərə rəhm eləsin. Qoy bizlərə rəhm edib, elə şərəfli bir ömür nəsib eləsin ki, olduqları yerlərdən bizlərə baxıb, bizlərlə eyni torpağın vətəndaşı olduqlarından utanmasınlar. Allahın rəhməti bizim üzərimizdən əskik olmasın ki, günlərin bir günü bir saniyəlik belə olsa, onların haqqını danıb vicdanımızı itirəcək qədər cani olmayaq. Onlar zatən Allah qarşısında öz borclarını yerinə yetirə biləcəkləri ən yüksək səviyyədə yerinə yetiriblər.

Allah bizə rəhm eləsin, rəhm eləsin ki, şəhidlərimiz haqlarını bizə halal etsinlər, yoxsa Allah qarşısında da, Vətən qarşısında da, şəhidlərimizin qarşısında da ölərik… Məncə, şəhidlərimizə deyə biləcəyimiz ən gözəl söz “Ruhu şad olsun”dur. Çünki bir şəhidin ruhu o vaxt şad olar ki, onun uğrunda qan tökdüyü, can verdiyi torpaq azad nəfəs alsın, bizlərə, dövlətə əmanət qoyub getdikləri ailələri layiqincə qorunub himayəyə alınsın ki, onların gözləri arxada qalmasın, adları, haqları unudulmasın, danılmasın. Və məncə, bir şəhid üçün bunlardan gözəl arzu ola bilməz.. Bütün şəhidlərimizin ruhu şad olsun…

Röya Mirtalıbova

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir