Siz hələ belə kitab oxumamısınız və ya: Sağlam həyata, uzun ömrə yol bu kitabdan keçir
“Sağlam həyat, sivil cəmiyyət” kitabı Respublikanın Əməkdar həkimi, həmyerlimiz Şahmurad Şirəliyevin uzun illər tibb sahəsində əldə etdiyi geniş təcrübə və apardığı elmi axtarışlar hesabına qələmə alınıb. Kitabda həkimin elmi axtarışları, iş təcrübəsi, xalq təbabətindən bilgilərlə yanaşı, onu yaxından tanıyanların fikirləri, ürək sözləri də daxil edilmişdir. Kitabın bir özəlliyi odur ki, oxuculara təqdim olunan elmi məqalələrdən bir neçəsi Azərbaycan dili ilə yanaşı, rus və ingilis dilləridə də verilmişdir. Kitabın maraqla qarşılanacağına və sevilə-sevilə oxunacağına, bir çoxlarının stolüstü kitabına çevriləcəyinə tam əminik.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Azərbaycan Dövlət Tibb Universitetinin birinci cərrahiyyə kafedrasının müdiri Nuru Bayramovun kitaba verdiyi rəy bu əminliyi bir qədər də artırır:
Respublikanın Əməkdar həkimi Şahmurad Şirəliyevin “Sağlam həyat, sivil cəmiyyət” adlı kitabını diqqətlə gözdən keçirdim. Kitabda müəllif təbabətin və mənəviyyatın müxtəlif məsələləri ilə əlaqədar öz şəxsi təəssüratlarını qələmə almışdır. Özəlliklə mənəviyyat, həkim etikası, şəkərli diabet, hipertoniya, insan həyatı, xalq təbabəti, transdermal müalicələr, uzunömürlülük, ədviyyat, sular, tərəvəz və meyvələr barədə məlumatlar qeyd edilmişdir. Həmçinin Şahmurad həkim haqqında dostlarının və müalicə etdiyi xəstələrin fikirləri yer almışdır. Kitabın maraqlı və dəyərli cəhəti ondan ibarətdir ki, müəllif təbabətin önəmli problemləri barədə bilinənlərlə yanaşı, özünün çoxillik təcrübəsinə və məntiqinə əsaslanaraq, orijinal fikirlərini də qələmə almışdır. Hesab edirəm ki, bütün cəhətlərinə görə bu kitab sağlam, uzunömürlü olmaq arzusunda olan hər kəs, həmçinin gənc və təcrübəli həkimlər üçün də maraqlı olacaqdır.
Kitabın redaktoru kimi, “Sağlam həyat, sivil cəmiyyət” kitabının soraqlanan, oxunaqlı, stolüstü kitablar sırasında duracağına şübhə etmirəm.
Şahməmməd Dağlaroğlu