İyunun 14-də bütün respublikada olduğu kimi İsmayıllı rayonunun məktəblərində də “Son zəng” tədbirləri keçirilib. Rayonun ümumtəhsil məktəblərində keçirilən “Son zəng” tədbirlərində idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Ağahüseyn Aslanov adına İsmayıllı şəhər 2 nömrəli tam orta məktəbdə keçirilən “Son zəng” tədbirində İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradov iştirak edib.

Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin məzun şagirdləri məktəb önündəki meydana alqış sədaları altında çıxıblar.

RİH başçısı N.Bağırov məzunları, onların müəllim və valideynlərini son dərs günü münasibətilə təbrik edib, ölkədə təhsil sahəsindəki inkişafdan, aparılan islahatlardan söz açıb.

Digər çıxış edənlər də məktəbi bitirən məzunlara, eləcə də məktəbin birinci sinfinə qəbul olunanlara xoş arzularını bildiriblər.

Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev məlumat üçün bildirib ki, İsmayıllı rayonunda 46 tam orta məktəb fəaliyyət göstərir. Bu il XI sinifi 723 məzun bitirib. Buraxılış imtahanlarında 69 məzun 200-dən çox bal toplayıb. Həmçinin XI sinif şagirdlərindən 13 nəfəri fənn olimpiyadasının qalibi olub.

Məktəbin direktoru Ramil Dadaşov məktəbin son illərdə, xüsusilə cari dərs ilində qazandığı uğurlardan danışıb.

Təhsil ilindəki nailiyyətlərinə görə  şagird və müəllimlərdən bir qrupuna Fəxri fərmanlar və Təşəkkürnamələr verilib.

Məzunlar çıxışlarında məktəbə və müəllimlərə minnətdarlıq ediblər. Onlar məktəblə vida günündə kövrək şeirlər səsləndirib, şən mahnılar oxuyub, oynaq rəqslərlə məharətlərini nümayiş etdiriblər.

Ş.Soltanov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir