İdeya müəllifləri Yusif Məhəmmədoğlu, Vüqar Məmmədxanlı, korrektorlar Qəribə Məmmədxanlı, Şəhla Məmmədova, texniki redaktor və dizayner Həzi Hacıyevin təşəbbüsü ilə yenicə çapdan çıxmış ” Xəyal kimi ömür” adlı kitabın təqdimatı keçirilib. Təqdimat mərasimində “İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvləri də iştirak edib.
Kitabda beynəlxalq hüquq və sığorta mütəxəssisi, hüquqşünas, ictimai xadim Xəyal Məmmədxanlının 42 illik şərəfli ömür yolundan bəhs olunur.
Təqdimatda Xəyalın ailə üzvləri, dostları, yaxınları iştirak ediblər. Tədbirdə qısa, lakin mənalı bir ömrün səhifələri vərəqlənib, haqqında xatirələr və ürək sözləri söylənilib.
Çıxışlardan bir daha bəlli olub ki, bu gün Xəyalın əməlləri yaşayır, ruhu şaddır ki, onu sevənlər, yaşadanlar var. Təqdimatın İsmayıllıda keçirilməsi isə heç də təsadüfdən yaranmayıb. Xəyal İsmayıllı təbiətinin, bu yurdun gözəlliklərinin vurğunu olub.
Əslinə qalsa, belə insanlar ölmür, sadəcə qeybə çəkilirlər. Yaşasaydı 45 yaşı olacaqdı, bu kiçik yubley yaşını ruhu ilə birlikdə keçirtdik, əzizləri, doğmaları və dostları ilə…
Cənnətdəki yubiley yaşın mübarək, Xəyal!
Tədbir təşkilatçılarına və olduqca nəfis bir şəkildə buraxılmış kitabın işıq üzü görməsində əməyi olanlara təşəkkür edirik!
“İsmayıllı xəbərləri”