Belə də olur
Analar balalarını “daha çox” istəməkçün sanki bir bəhanə arayarlar: ilk övladlarını “ilk” olduğu üçün – “ilk güzarım” deyib boyuna qurban gedərlər. İlkdən sonrakına başqa bir ad qoyarlar… və hər birini də bir başqa sevərlər. Bu sıralamada sonbeşiyin – analar demişkən, “təknədibinin” başqa bir yeri olar həmişə – Analar onu nə yaşda olur-olsun uşaq görərlər, uşaq bilərlər. O Ana da elə bilirdi, onun üçün də artıq böyük oğlan olan sonbeşiyi elə uşaq idi… O uşaq bir gün əsgər getdi… Anasına “səni hamıya tanıdacam, Qarabağı alacam, səni Şəhid anası edəcəm”, – deyib getdi… Söz Ananın bağrını dəlib keçdi… Söz Ananın dincliyini göyə sovurdu… Əlləri haqqa uzanılı qaldı Ananın… Amma…
Amma… istək elə ürəkdən gəlmişdi ki, Yaradan onun mövqeyinə çatmaq arzusunda olan oğulun duasını eşitdi: Qarabağı da aldı, Şəhid də oldu…
Sonbeşik itkisi ananın bağrını param-parça etdi. Göz yaşı axar selə döndü… İlk güzarını, yeganə qızını dərdinə ortaq etməsin deyə, çox vaxt gizli ağladı, yuxuda nalə çəkdi… daşı-divarı ağlatdı, gizli yandı, gizli qovruldu…
İşlədiyi bağçada onu hamı deyən-gülən, hazırcavab bir ana kimi tanıdı – yenə gizli ağladı – öz dərdini özü çəkdi…
O gün balacaları öz əlləri ilə soyundurdu, hərəsini bir dillə oxşayıb yatırtdı. Hamının yatdığına əmin olandan sonra oyun otağına keçib küncə çökdü. Və bir anda, bircə anda təbəssüm dolu sifətini qara buludlar bürüdü, bir anda leysan tökdü – göy səssiz guruldadı, ildırım işiqsız çaxdı – balacalar oyanmasın deyə. Ancaq sən demə, müəlliməsini hamıdan çox sevən elə şəhid balası kimi qarayanız olan uşaq oyaq imiş, səs çıxarmadan qapıdan göz yaşı sel olan müəlliməsini süzürmüş
O baxışdan həmin gün nə Ananın, nə də bağçanın digər işçilərinin xəbəri oldu… Ertəsi gün isə… Qarayanız bala bağçaya həmişəkindən də tez gəlmişdi o gün. İçəri girən kimi Ananın üstünə yüyürdü, çatar-çatmaz arxasında gizlətdiyi balaca oyuncağı Anaya uzadıb “bacım ağlayanda anam bunu ona verir ki, ağlamasın. Al, Könül xala, bu oyuncaq sənin olsun, daha heç vaxt ağlama”, – dedi.
Ana heyrət içində uşağı bağrına basdı, qoxladı, qoxladı, bu uşaq necədə onun Turalına bənzəyirdi, o da anasının ağlamasına dözməz, anasını gözü yaşlı görən kimi bir bəhanə tapıb onu oyalayardı. Ana göz yaşı olmayan gözləri ilə uşağı doyunca seyr etdi, təkrar bağrına basdı – indi göz yaşı ürəyinə axırdı…
Qələmə aldı:
Lətifə Əliyeva