İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tibb bacısı (qardaşı) işi ixtisasında tələbələr beş semestr boyu nəzəri biliklərə yiyələndikdən sonra son semestrdə nəzəri biliklərin təcrübədə möhkəmlənməsi üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanası Publik Şəxsində, eləcə də ona tabe olan müəssisəsinə və strukturlarda təcrübə keçirlər.
Təcrübələr bütün şöbələr daxil olunaraq rotasiya edilməklə keçirilir. Bu il 16 fevral-15 mart tarixində tələbələr tədris təcrübəsi keçdikdən sonra artıq hesabat mövzularını müdafiə ediblər. Bundan sonra müvəffəq qiymətlər alan tələbələr istehsalat təcrübəsi keçmək üçün İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına göndərilib.
İki müəssə arasında bağlanmış müqavilə əsasında tələbələr 16 mart-7 iyun tarixlərində xəstəxananın şöbələrində təcrübə keçərək, müasir tələblərə cavab verən tibb xidməti və instrumental müayinə metodları ilə tanış olacaqlar.
Hazırda tələbələr aktiv şəkildə tibbi heyətə kömək edir və gələcək peşələrinin bütün sirlərini öyrənməyə çalışırlar. Təcrübələr pediatriya, terapiya, cərrahiyə, ginekologiya və digər şöbələrində davam edir. Tələbələr xəstələrin qəbulunda, müayinələrdə, tibbi manipulyasiyalarda, cərrahi əməliyyatlarda həvəslə iştirak edirlər.