16 may 2023- cü il tarixdə Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə İsmayıllı şəhərində “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda 3 günlük regional konfransa start verilib. Konfransa başlamazdan əvvəl ulu öndər Heydər Əliyevin abidəsi ziyarət olunub. Abidə önünə tər qızılgüllər düzülüb.

Tədbirlə bağlı kitab sərgisinə baxışdan sonra Dövlət himni səslənməsi, Azərbaycan Respublikası ərazi bütövlüyünün bərpası uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə konfrans öz işinə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov konfransın məqsəd və məramını açıqlayan qısa giriş nitqi söyləyib.

İsmayıllı Rayon İcra Hakimiyyyətinin başçısı Nahid Bağırov gələn qonaqları salamlayıb, konfransın işinə uğurlar diləyib.

Konfransın gedişindəki ilk gündə İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin  direktoru Lətifə Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi Mərəhmət Mustafayev, İsmayıllı rayon İvanovka kənd “Malakan ruhani-xristian” dini icmasının sədri Sergey Kozakov, Azərbaycan Bibliya Cəmiyətinin sədri Rasim Xəlilov mövzu ilə bağlı fikirlərini açıqlayıblar.

Konfrans mayın 17-də işini davam etdirib. Həmin gün konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İsmayıllı Rayon İcra Hakimiyyətinin, İsmayıllı Rayon Gənclər və İdman İdarəsini, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, gənclər, təhsil işçiləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak edib.

Konfransın gedişində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevil Əhmədova açılış nitqi söyləyib.  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov çıxışlarında ölkəmizdə hökm sürən tolerantlıq ənənələrindən bəhs ediblər

Konfransın üçüncü günündə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Aranın,

İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Mahmud Süleymanovun, Azərbaycan Respublikası Milli Məclisinin üzvü Novruzəli Aslanovun, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının müavini Eyyub Musayevin, Yeni Azərbaycan Partiyası İsmayıllı rayon təşkilatının sədri Zaur Muradovun, İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehovun, Qafqaz Müsəlmanları İdarəsinin İsmayıllı rayonu üzrə səlahiyyətli nümayəndəsi Vasif Teymurovun gündəlikdəki məsələ ilə bağlı fikirləri dinlənilib.

Konfrans boyu gedən müzakirələr dinləyici auditoriyası üçün  maraqlı, yaddaqalan və geniş ictimaiyyətə çatdırılma əhəmiyyəti daşıyıb. Qeyd olunub ki, bu sahədə qarşıda duran hədəflərin uğurla yerinə yetirilməsində din xadimlərinin rolu diqqət çəkməlidir. Dinin cəmiyyət, ümumilikdə bəşəriyyət üçün əhəmiyyətindən sui-istifadə edən məkrli qüvvələrin onları əsl mahiyyətindən uzaqlaşdıraraq alət kimi istifadə etməsi faktlarının sayı gündən-günə artmaqdadır. Bu təhlükəli tendensiya hər bir ölkə üçün real təhdid mənbəyidir. Bu baxımdan yad dini ideologiyaların Azərbaycana ixracı cəhdlərinin qarşısının alınmasında din xadimlərinin, dini icma sədrlərinin aktiv fəaliyyəti xüsusi önəm daşıyır. Eyni zamanda, dinlərarası dialoqun və əməkdaşlığın reallaşmasında, həmrəylik mühitinin qorunub-saxlanılmasında din xadimlərinin üzərinə daha böyük vəzifə və məsuliyyət düşür. Çünki din xadimləri onların arxasınca gedən insanların dini dünyagörüşünün formalaşmasına görə ən azı mənəvi məsuliyyət daşıyırlar.

Daha sonra İsmayıllı Rayon Ağsaqqallar Şurasının sədri Valeh Salehov çıxışında maarifləndirmə işinin davamlı və intensiv keçirilməsi, icmaların bölgələrdə sosial-mədəni inkişaf prosesində daha yaxından iştiraklarının zəruriliyi vurğulayıb.

Konfrans günün vacib məsələlərindən birinə – dini sahədə müasir çağırışlar və qarşıda duran əsas hədəflərə həsr olunduğundan dinləyicilər tərəfindən böyük marağa səbəb olub.

Ş.Soltanov

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir