Ötən əsrin 50-ci illərinin axırlarından başlayaraq əlli iki il ərzində rayonumuzun ictimai-siyasi həyatında xüsusi yeri, nüfuzu və xidmətləri olmuş parlaq bir şəxsiyyətdir. Mehralı Hənifə oğlu Nəcəfov. Böyük Yaradan ona nəcib sima, sağlam və görkəmli vücud, dərin zəka, qabiliyyət, ən mühümü isə yüksək əxlaq, hünər və cəsarət bəxş etmişdir. Fəal ömünün hər bir anında, o, bu ali prinsiplərə daim sadiq qaldı. Mehralı Nəcəfov eyni zamanda nümunəvi, ailə başçısı idi. Taleyin qismətindən biz Nəcəfovlar ailəsi ilə qonşu yaşayırdıq. Mübaliğəsiz deməliyəm ki, ətraf qonşuların hamısı bu nəcib ailəyə xüsusi rəğbət bəsləyirdi. 1970-ci illərin axırları dayımgilə tez-tez gedər və hər İsmayıllıya gəlişimiz hədsiz maraqlı və eczakar görünərdi. Elə bu illərdən bu şux qamətli, gülərüz müəllimlərlə tanış olmuşdum. İxtisasım dil-ədəbiyyat müəllimi olduğundan tez-tez bu istedadlı, fədakar müəllimdən məsləhətlər də alırdım.
Mehralı müəllimin ömür-gün yoldaşı, bibisi qızı olan Bənzər xanım və onun bizim üçün qeyri-adi təsir bağışladığı şirin danışığı və ləhcəsi bu fərqli ailəni biz uşaqların gözündə daha da əlçatmaz edirdi. Biz bu ailənin övladları Namiq, Faiq, Rahim və Elnurla ünsiyyəti özümüz üçün fəxr hesab edirdik. Ümumiyyətlə, bu ailənin yaşam tərzi tam fərqli idi. Bu ailə ilə bağlı hər işdə Mehralı Nəcəfova məxsus xüsusi səliqə və səhman özünü göstərirdi. Hər il mart ayının əvvəllərindən ağardılan suvaqlı daş hasar, hasar boyunca əkilmiş hər il daranıb səliqəyə salınan, bir boyda sıralanan yaşıl ağaclar, gül-çiçək kolları içərisində ucalan o dövrlər üçün möhtəşəm ev. Səliqəli Nəcəfov ailəsinin qayğısına da ciddi yanaşırdı. Çox vaxt Mehralı müəllim yay mövsümündə ömür-gün yoldaşı ilə birlikdə kurort şəhərlərinə istirahətə gedərdi. Uşaqlar böyüyüb ərsəyə çatana qədər bu ciddi qrafik dəyişdirilmədi.
Mehralı Hənifə oğlu Nəcəfov 1930-cu il mart ayının 3-də İsmayıllı rayonunun Təzəkənd kəndində qulluqçu ailəsində anadan olmuşdur.
Atası Hənifə kişi kolxoz quruculuğunun fəal üzvlərdindən olmuş, sıravi kolxozçudan kolxoz sədrliyinə qədər yüksəlmişdir. Bu sahədə bərkimiş, özünə layiq yol keçmişdir.
Balaca Mehralı 1937-ci ildə kənd məktəbində təhsil almışdır. Məktəbdə oxuduğu müddətdə həmişə həmyaşıdlarından fərqlənirdi.
1944-cü ildə komsomol sıralarına qəbul edilmişdir. Ölkədə müəllim kadrlarına ciddi ehtiyac olduğu üçün o vaxtlar rayonlarda 6 aylıq ibtidai məktəb müəllimləri kursu təşkil olunurdu. Gənc Mehralı da bu kursu uğurla başa vuraraq 1974-cü ilin sentyabr ayının 1-də Tircan kəndində müəllim təyin olunmuşdur. Bir müddət də Talıstan kənd tam orta məktəbində çalışmışdır. Təhsilini davam etdirmək üçün 1951-ci ildə sənədlərini Azərbaycan Dövlət Pedoqoji İnstitutunun dil ədəbiyyat fakültəsinə verərək inistitutun qiyabi şöbəsinə qəbul olunmuşdur.
Mehralı Hənifə oğlu Nəcəfov 1950-ci ilin avqust ayından başlayaraq 2002-ci ilin mart ayınadək 52 il təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmış, insult xəstəliyi səbəbindən əmək fəaliyyətini davam etdirə bilməmişdir.
Mehralı müəllim Yeniyol və Həftəsiyab kənd məktəblərində bir müddət işləmişdir. Onun əsas işlədiyi və çalışdığı məktəblər isə rayonun sayılıb-seçilmə məktəbləri olan şəhər 1 və 3 nömrəli məktəblər olmuşdur. Şanlı, tarixi ənənələri olan bu məktəblərdə ömrünü müəllimlik peşəsində şam kimi əridib, yüzlərlə şagirdin həyat yoluna işıq saçan bir müəllim kimi xatirələrdə yaşamışdır.
Aldığım bilgilərə əsasən onu deyə bilərəm ki, Mehralı Nəcəfov özündən böyüklərin də şirin, duzlu söz-söhbətlərindən doymaz, dünyagörüşünü daha da genişləndirər, özünün yaratdığı həyat fəlsəfəsini formalaşdırar, eyni zamanda özünə seçdiyi müəllimlik sirlərinə yiyələnirdi. O, gecə-gündüz sadə insanların arasında olar, xalqın xeyrində, şərində iştirak edərdi.
Mehralı müəllim qayğıkeş insan idi. O, yaxşılıq etməyi özünə mənəvi borc bilirdi. Onun bizlərə bəxş etdiyi bir işıq bu insanın mənəvi paklığından, intellektinin möhkəmliyindən, əsl ziyalılığından irəli gəlirdi. Onun sağlam ziyalı mövqeyi hər yerdə bilinirdi. Yığıncaqlarda çıxışları xüsusi əhval-ruhiyyə yaradırdı. Bütün bunlar Mehralı Nəcəfovun yetirmələri üçün həmişə örnək olaraq qalacaq.
Mehralı Hənifə oğlu Nəcəfovun həyat və tale kitabını vərəqlədikcə onun nəcib bir insan, mahir pedaqoq, həm də xalqını, vətənini, elini, yurdunu dərin məhəbbətlə sevən, özündə Vətən və xalq dərdi yaşadan bir şəxsiyyət olduğunu da görürük. Mehralı müəllimlə bağlı az qala İsmayıllı rayonunun, Azərbaycanın onu tanıyan məkanlarında hər evdə fəxrlə söhbətlər gedər, onun əsl müəllim simasından danışarlar. O, ixtisasını dərindən sevirdi. Parlaq nitqi və gözəl danışıq qabiliyyətinə böyük bir şagird auditoriyasını məharətlə idarə edə bilirdi. Həmişə insanlara məhəbbəti ilə seçilən Mehralı müəllim ən çətin anlarda onların yanında olurdu. Biz onun fənn müəllimlərindən daha çox gözəlqəlbli, müsbət auralı, insan, doğma sirdaşımız kimi tanımışıq. Ən çətin və gərgin anlarda belə çalışdığı kollektivin əhval-ruhiyyəsini pozitiv notlara kökləmək bacarığına malik idi. Onda heç vaxt aqressivlik görünməyib. O, sinifdəki şagirdlərə öz övladlarına göstərdiyi qayğı və nəvazişdən pay verər, bir sözlə şagirdlərini övladları qədər sevərdi.
Mehralı müəllimin gözəl, nümunəvi ailəsi bir tərbiyə məktəbi idi. Cəmiyyət üçün təbiyəli, yararlı, savadlı dörd oğul övladı böyüdüb, boya-başa çatdırmışdı. Təbii ki, ömür-gün yoldaşı Bənzər xanımla birlikdə. (Allah hər ikisinə rəhmət eləsin).
Yəqin ki, hər kişini onun övladlarından daha yaxşı heç kəs tanımaz. Çünki ən yaxşı ər, yaxşı ata, yaxşı baba heç zaman pis insan ola bilməz. Və yaxud əksinə, ailəsini, övladlarını sevməyən, evdəkilərlə xoş rəftar etməyi bacarmayan kişi çöldə bir kimsə ilə dil tapa, yaxşı müəllim, təşkilatçı, yaxşı rəhbər, sayılan ağsaqqal ola bilməz. Mehralı müəllimin alicənablığı, əsl ziyalı olması övladlarına və nəvələrinə də sirayət edib.
Böyük oğlu Namiq orta məktəbi “Qızıl medal”la bitirib, ali təhsil alaraq inşaat mühəndisidir. Mədəniyyət Nazirliyi Təmir-Tikinti Trestinin rəisi vəzifəsində çalışmışdır. Həmçinin o ağır atletika üzrə SSRİ idman ustası, ağır atletika üzrə “Beynəlxalq dərəcəli hakim”dir. Hazırda təqaüdçüdür.
İkinci oğlu Faiq Azərbaycan Tibb İnstitutunun müalicə işi fakultəsini bitirmişdir. Ali dərəcəli cərrahdır. Tibb sahəsində çalışır.
Üçüncü oğlu Rahim də Tibb İnstitutunu “Qırmızı diplom”la bitirərək, tibb sahəsində işləyir.
Kiçik oğlu Elnur iqtisadiyyatın dövlət tənzimlənməsi iqtisadçı ixtisasına yiyələnmişdir. Hazırda Azərpoçt MMC-nin İsmayıllı Poçt filialının mühasibat uçotu və iqtisadi təhlil şöbəsinin rəisi – baş mühasibdir.
Meharlı müəllimin 6 nəvəsi, 5 nəticəsi var. Nəvələri də Dövlət Universitetlərinə yüksək balla daxil olaraq (570-655) magistr təhsil səviyyəsinə yüksəlmişlər. İki nəvəsi hazırda Azərbaycan-Fransa Universitetində (UFAZ) magistratura təhsili alır.
Mehralı müəllim bir müddət də İsmayıllı Kino-teatr və kinoqurğuları birliyinin direktoru vəzifəsini icra etmişdir.
1993-2005-ci illərdə İsmayıllı Ziyalılar Cəmiyyətinin sədri olmuşdur. Əməyi dəyərləndirilərək çoxlu sayda Fəxri fərmanlar, diplomlar, pul mükafatları almış, 1985-ci ildə “Baş müəllim”, 1987-ci ildə “Metodist müəllim” adına layiq bilinmişdir. MAMEJİHİ və RXTŞ-nin “Şərəf kitabına” adı daxil edilmişdir. Bütün bunlar Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunu eləcə də, Təhsil Nazirliyinin əməkdaşları onun iş təcrübəsinə diqqətlə yanaşıblar. Dəfələrlə onun qabaqcıl iş təcürbəsini öyrənib, təhlil edib, respublikanın təhsil ocaqlarına, fənn müəllimlərinə çatdırıblar…
Xatirələrində yaşayan müəllim məktəblərdə keçirilən bayram tədbirlərini məharətlə, özünəməxsus ustalıqla idarə edərdi. Bədii qiraətə daha çox üstünlük verirdi. Dəfələrlə o Şamaxıda “Məclisi-Üns”ün və “Dağ çiçəkləri” məclisinin qonağı və iştirakçısı olub. Kütləvi informasiya vasitələri ilə əməkdaşlıq edib, müxtəlif məqalələri, publisistik yazıları müxtəlif qəzetlərdə dərc olunub. Meharlı müəllimin bir üstünlüyü də xəttinin gözəl olması olub.
Mehralı müəllimlə bir neçə məclislərdə olmuşam. Onun son dərəcə nəzakətli davranışı, şirin söhbətləri gözlərim önündə, şən qəhqəhəsi qulaqlarımdadır. Gözəl məclis adamı idi. Çox səliqəli adam idi. Mehralı müəllim zövqlə geyinərdi. Tez-tez saçlarına sığal çəkməyi də vardı.
Mehralı müəllimin yetimləri bu gün ali, orta ixtisas, ümumtəhsil məktəblərində mmüəllimlik edir, dövlət və idarəetmə orqanlarında çalışırlar. Amansız ölüm M.Nəcəfovu aramızdan 2005-ci il 20 oktyabr tarixində ayırdı.
Mehralı müəllim ölməyib. İşıqlı insanlar ölmürlər, həmişə xatirələrdə yaşayırlar!..
Allah sizə rəhmət eləsin, Mehralı müəllim, ruhunuz şad, məkanınız cənnət olsun, əzizlərinə qəlbən baş sağlığı verirəm.
Hacıməmməd Məmmədov