Geridə qoyduğumuz illərdən fərqli olaraq 2023-cü il Azərbaycan xalqı üçün böyük önəm kəsb edir. Belə ki, 2023-cü ilin may ayının 10-da Ümummilli Lider, müstəqil və müasir Azərbaycan dövlətinin memarı Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Bununla əlaqədar olaraq, dövlət başçımızın 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi mühüm tarixi əhəmiyyət kəsb edir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə  güclü dövlət xadimi, məqsədinə doğru inamla irəliləyən əfsanəvi şəxsiyyət kimi parlaq və silinməz iz qoymuşdur. “Hər bir insan üçün onun milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!” – sözləri bu gün dünya azərbaycanlılarının şüarına çevrilib.

1969-cu il iyulun 14-də Azərbaycan Kommunist Partiyasının birinci katibi seçilən Heydər Əliyev respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə (1969-1982; 1993-2003) Azərbaycanın milli maraqlarını hər zaman uca tutmuşdur. 1993-cü ildən etibarən Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli və ölkənin ərazi bütövlüyünün bərpası uğrunda çoxşaxəli siyasi fəaliyyətini genişləndirdi. Ulu öndər bu problemin siyasi yolla həlli məsələsini təkcə Azərbaycanın deyil, bütün Qafqaz regionunun təhlükəsizliyində prioritet məsələyə qaldırdı.

Ölkəmizdə milli ideologiyanın yaradılması ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət quruculuğu siyasətinin mühüm tərkib hissəsidir. Ulu öndərin formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq fəlsəfəsi Azərbaycanın müasir dünyada yerini müəyyən edib, milli dövlətçiliyimizin ideya əsasını təşkil edərək dünya azərbaycanlılarının həmrəyliyi üçün möhkəm zəmin yaradıb. Ziyalılarımızı son yüzilliklərdə ən ciddi bir şəkildə düşündürən milli dirçəliş problemləri bütöv şəkildə dahi rəhbərin həmin illərdəki fəaliyyəti ilə strateji dövlət siyasətinə, elmdən, sosiologiyadan və fəlsəfədən əməli siyasət müstəvisinə keçib. Azərbaycançılıq ideologiyası bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edən, dünya azərbaycanlılarını vahid ideologiya ətrafında birləşdirən milli məfkurəyə çevrilib.

Azərbaycanlılar dünyanın müxtəlif ölkələrində yaşasalar da, onları bir-birinə bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr var, bu, ana dilidir, Vətəndir, tarixən formalaşmış etnik-mədəni sistemdir. Müstəqil Azərbaycan Respublikasının inkişafında dünyanın müxtəlif ölkələrinə yayılmış azərbaycanlıların həmrəyliyi, mənəvi-ideoloji siyasi köməyi böyük rol oynayır. Dünyanın müxtəlif ölkələrinə səfərlərində Azərbaycan icmalarının nümayəndələri ilə görüşən, onlara hərtərəfli dəstək verən Ulu Öndərimiz dünya azərbaycanlılarının milli birliyi uğrunda mübarizəni Azərbaycan dövlət siyasəti səviyyəsinə yüksəldib. Azərbaycançılıq ideologiyasının əsasını qoymuş Ümummilli liderimiz Heydər Əliyev bu ideologiyanın əsas məqsədləri barədə deyirdi: “İndi hər bir azərbaycanlı qürur hissi keçirdə bilər ki, mən azərbaycanlıyam, mənim millətim, mənim millətimin dövləti, ölkəm vardır. İsveçrədə, Almaniyada, Fransada yaşasam da, fərqi yoxdur, mənim xalqımın müstəqil dövləti var və dünya xalqları içərisində yerim vardır. Azərbaycan xalqının əsrin sonunda əldə etdiyi ən böyük nailiyyət budur”.

Əsası Ulu öndər tərəfindən qoyulan milli həmrəyliyin inkişafı istiqamətində ölkəmizdə ardıcıl olaraq mühüm qərarlar verilib, qanunlar qəbul edilib. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ulu öndər Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 Dekabrın Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə – Ali Sovetə müraciət ünvanlayıb. Dekabrın 25-də Azərbaycan Respublikası Ali Sovetinin Milli Şurası müraciəti nəzərə alaraq dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan olunması barədə qanun qəbul edib. Həmin vaxtdan bütün dünyada azərbaycanlılar bu günü böyük sevinc və qürurla bayram kimi qeyd edirlər.

Ulu öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri məhz buna yönəlmişdi. Məhz onun uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə də, ölkədə daha genişmiqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı.

Müstəqil Azərbaycan Respublikasının mühüm dövlət təsisatlarından biri olan Azərbaycan Respublikası Prokurorluğunun dövlətçiliyimizin maraqlarına xidmət edən bir qurum kimi dövlət idarəçiliyi sistemində öz layiqli yerini tutması ölkəmizdə aparılan hərtərəfli məhkəmə-hüquq islahatlarının memarı kimi Heydər Əliyevin dövlətçilik siyasəti, onun gündəlik qayğı və dəstəyi nəticəsində mümkün olmuşdur.

Ulu öndər prokuror peşəsinə dərin hörmət və ehtiramının bariz təzahürü kimi hər il oktyabr ayının 1-nin prokurorluq işçilərinin peşə bayramı kimi qeyd edilməsi barədə 17 iyul 1998-ci il tarixli Sərəncam imzalamış, həmçinin prokurorluq işçilərini dövlət təltiflərinə layiq görmüşdür. Fərəh və qürur hissi ilə qeyd etməliyik ki, MDB-də prokurorluğun peşə bayramı gününün təsis edildiyi ilk ölkə Azərbaycan olmuşdur. Ulu öndərimiz prokurorluq işçilərinin peşə fəaliyyətini yüksək qiymətləndirərək demişdir: “Prokurorluq peşəsi ağır, çətin peşədir. Amma eyni zamanda, çox şərəfli, hörmətli peşədir. Mən arzu edərdim ki, siz həmişə bu peşəni şərəflə daşıyasınız. Arzu edərdim, çalışasınız ki, Azərbaycan vətəndaşı kimi, eyni zamanda, Azərbaycan prokuroru kimi hörmətli, şərəfli olasınız. Azərbaycan Prokurorluğunun inkişaf etməsinə dövlət qayğısı bu gun də, gələcəkdə də olacaqdır. Buna əmin ola bilərsiniz. Azərbaycan Prezidenti kimi mən Azərbaycan Prokurorluğuna inanıram, güvənirəm və arxalanıram”.

Mənəvi birliyimizin əsas meyarlarından biri və ziyalılarımızın çoxdankı arzusu olan dil islahatı ilə əlifba birliyinin təsbit olunması istiqamətində ciddi işlər görüldü. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” 18 iyun 2001-ci il tarixli Fərman, “Azərbaycan Respublikası Dövlət Dil Komissiyasının tərkibinin təsdiq edilməsi haqqında” 4 iyul 2001-ci il tarixli Sərəncam, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” 9 avqust 2001-ci il tarixli Sərəncam və nəhayət, 2003-cü il yanvarın 2-də qüvvəyə minmiş “Azərbaycan Respublikasının dövlət dili haqqında” Qanun ölkəmizdə dil siyasəti və dil quruculuğunun mükəmməl konsepsiyasını, onun uzunmüddətli strategiyasını və aydın proqramını verən tarixi qanunvericilik aktlarıdır. Bu sənədlərin hazırlanmasında böyük tarixi şəxsiyyət Heydər Əliyevin yüksək intellekti, zəngin dövlətçilik təcrübəsi, yenilməz məntiqi, vətəndaşlıq qeyrəti, ana dilinə misilsiz məhəbbəti mühüm rol oynayıb.

Məhz Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayında xaricdəki həmvətənlərimizlə sistemli iş aparılmasını təşkil etmək, soydaşlarımız arasında milli birliyin möhkəmləndirilməsini təmin etmək məqsədilə xüsusi dövlət qurumunun yaradılması ideyası da irəli sürülüb.  5 iyul 2002-ci ildə isə Heydər Əliyevin Fərmanı ilə Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılıb.

Prezident İlham Əliyevin 2008-ci il 19 noyabr tarixli Sərəncamı ilə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əsasında Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət başçısının 2018-ci il 5 iyul tarixli Fərmanı ilə Azərbaycan Diasporuna Dəstək Fondu yaradılıb.

Xatırladaq ki, Dünya Azərbaycanlılarının II qurultayı Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultayı 2011-ci ildə, IV qurultayı isə 2016-cı ildə keçirilib.

Ümummilli liderimizin ciddi elmi təməllərə söykənən inkişaf strategiyasını inamla davam etdirən cənab İlham Əliyev qısa müddətdə Azərbaycanı Cənubi Qafqaz regionunun ən surətli inkişaf edən, sabit və qüdrətli dövlətinə çevirməyə müvəffəq olmuşdur. Xüsusilə də, cənab prezidentimizin hərbi strategiyası, hücum diplomatiyası, xalq-ordu birliyi nəticəsində 44 günlük Vətən Müharibəsində doğma Qarabağımız düşməndən azad olmuş, ölkəmizin ərazi bütövlüyü bərpa edilmişdir.

Fəxr edir və qürur hissi keçiririk ki, ulu öndərin memarı olduğu Azərbaycan hazırda ən layiqli siyasi varisi Prezident İlham Əliyevin reallığı düzgün qiymətləndirmək bacarığı, praqmatikliyi və məqsədə doğru inamla irəliləməsi nəticəsində dünyanın inkişaf etmiş dövlətləri ilə bir sıradadır.

Raya Qəfərova,

İsmayıllı rayon prokurorunun köməkçisi, III dərəcəli hüquqşünas                   

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir