Makroiqtisadi göstəricilər

 

2022-ci ilin yanvar-dekabr aylarında rayonda fəaliyyət göstərən müəssisə, təşkilat və fərdi sahibkarlar tərəfindən ilkin məlumatlara əsasən nominal ifadədə 283687,6 min manat həcmində ümumi məhsul buraxılışı olmuşdur. İqtisadiyyatın əsas göstəricisi olan ümumi məhsul buraxılışının həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 0,7 faiz artmışdır. Ümumi məhsul buraxılışının hər nəfərə düşən həcmi hesabat dövründə nominal ifadədə 9,9 faiz artaraq 3197,3 manat təşkil edir. Məhsul və xidmətlərin 67,4 faizi istehsal sahələrinin, 32,6 faizi isə xidmət sahələrinin payına düşür.

Ümumi məhsul buraxılışının 49,3 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 29,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 11,9 faizi tikinti, 6,2 faizi sənaye, 2,1 faizi nəqliyyat və anbar təsərrüfatı, 0,6 faizi informasiya və rabitə sahələrində istehsal edilibdir.

Keçən ilin eyni dövrü ilə müqayisədə real ifadədə sənaye istehsalı 16,0 faiz, kənd təsərrüfatı məhsulunun həcmi 1,0 faiz, nəqliyyat və anbar təsərrüfatı 29,1 faiz, informasiya və rabitə xidmətlərinin həcmi 15,4 faiz, ticarət; nəqliyyat vasitələrinin təmiri sektoru 1,8 faiz artmış, tikinti sahəsi 13,9 faiz azalmışdır.

Müqayisə olunan dövrdə bütün təsərrüfat kateqoriyaları üzrə iribuynuzlu  mal-qaranın sayı 6,9 faiz azalaraq 37962 baş, qoyun və keçilərin sayı 11,8 faiz azalaraq 130032 baş, donuzların sayı isə 54,3 faiz artaraq 199 baş olmuşdur. 2021-ci ilin yanvar-dekabr aylarına nisbətən 2022-ci ilin yanvar-dekabr aylarında ət istehsalı (diri çəkidə) 6 ton, süd istehsalı 37 ton, yumurta istehsalı 22 min ədəd artmış, yun istehsalı 15 ton azalmışdır. Hesabat dövründə 5451 ton diri çəkidə ət, 36595 ton süd, 10698 min ədəd yumurta, 376 ton yun  istehsal olunub.

2022-ci ildə dənli və dənli paxlalı bitkilərin (qarğıdalı daxil) əkin sahəsindən 111424 ton və ya ötən ilin eyni dövrü ilə müqayisədə 2,6 faiz çox məhsul götürülübdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 35,8 sentner təşkil etmişdir. Bu dövrdə 100 hektar sahədən 700 ton qarğıdalı, 210 hektar sahədən 589 ton paxlalı bitkilər toplanmışdır.

Yığım başlananda sahələrdən 10542 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 27,9 faiz az kartof, 7462 ton (0,1 faiz çox) tərəvəz, 9782 ton (2,0 faiz çox) meyvə və giləmeyvə, 2678 ton (1,2 faiz az) üzüm yığılıbdır.

Bundan əlavə 242 hektar sahədən 234 ton dən üçün günəbaxan, 15 hektar sahədən 33,1 ton tütün, 0,8 hektar sahədən 10,0 ton bostan bitkiləri toplanmışdır.

2022-ci ilin yanvar-dekabr ayları ərzində sənaye müəssisələri tərəfindən faktiki qiymətlərlə 17738,2 min manatlıq mal və xidmətlərin buraxılışı olmuşdur. Keçən ilin müvafiq dövrü ilə müqayisədə sənaye istehsalında real ifadədə 16,0 faiz artım müşahidə olunmuşdur. Sənaye istehsalının 60,1 faizini emal sənayesi, 30,7 faizini elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və  təchizatı, 9,2 faizini isə su təchizatı, tullantıların təmizlənməsi və emalı təşkil etmişdir. Keçən ilin müvafiq dövrünə nisbətən emal sənayesində 51,3 faiz, elektrik enerjisi qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında 0,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalında isə 15,7 faiz artım olmuşdur.

2022-ci ildə 14693,8 min manatlıq əsas fondlar istifadəyə verilmişdir ki, bu da əvvəlki ilin eyni dövrü ilə müqayisədə 85,8 faiz azalmışdır. 2022-ci ilin  yanvar-dekabr aylarında əsas kapitala 41208,3 min manatlıq investisiya yönəldilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz azdır. Tikinti təşkilatları tərəfindən 14785,3 min manatlıq tikinti işləri yerinə yetirilmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 6589,2 min manat azdır.

2022-ci ilin yanvar-dekabr aylarında rayon əhalisinə 265040,2 min manatlıq istehlak malları satılmış, 28380,0 min manatlıq ödənişli xidmət göstərilmişdir. Pərakəndə ticarət dövriyyəsinin həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 1,8 faiz, əhaliyə göstərilən ödənişli xidmətlərin həcmi isə 7,5 faiz çox  olmuşdur.

Hesabat dövründə informasiya və rabitə xidmətlərinin həcmi 1591,8 min manat olmuşdur ki, bu da keçən ilin eyni dövrünə nisbətən 15,4 faiz çoxdur.

2022-ci il dekabrın 1-i vəziyyətinə rayonda muzdla işləyən işçilərin siyahı sayı 8915 nəfər təşkil etmişdir ki, onların da 5478 nəfəri dövlət mülkiyyətində, 3437 nəfəri qeyri-dövlət mülkiyyətində çalışanlar olmuşdur. Bir işçinin orta aylıq nominal əməkhaqqı 529,9  manat təşkil edərək, keçən ilin müvafiq dövründən  15,9 faiz  yüksək olmuşdur.

Əziz Əzizov,  

İsmayıllı Rayon Statistika İdarəsinin rəisi                                          

 

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir