14 fevral 2023-cü il tarixində İsmayıllıdakı Heydər Əliyev Mərkəzində “Sağlam Yaşa” Gənclərin Maarifləndirilməsi ictimai birliyi Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Dəyərlərimizə sahib çıxaq” layihəsi çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə İsmayıllı şəhər məktəblərindən şagird və müəllimlər, İsmayıllı Dövlət Humanitar Texnologiya Kollecinin, Peşə Tədris Mərkəzinin tələbə və şagirdləri, rayon ziyalıları iştirak edib.
Tədbiri giriş sözü ilə İsmayıllı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini, dini qurumlarla işin təşkilatçısı Nəsimi Teymurov açaraq iştirakçıları salamlayıb və tədbirin məqsədi haqqında məlumat verib.
Daha sonra layihənin təlimçisi tarix üzrə fəlsəfə doktoru Afət Rüstəmbəyova mövzu haqqında geniş məruzə ilə çıxış edib.
O, son zamanlar gənc nəsilin xalqımızın min illər boyunca formalaşmış mənəvi, əxlaqi dəyərlərimizə yad olan ənənələrə meyl etdiyini qeyd edib və gənclərə milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşmalarını, milli kimliyimizi dərindən öyrənməyi və onları gələcək nəsillərə çatdırmağı tövsiyə edib.