İsmayıllıda bir kənd var: Dağlar qoynunda, meşələrin əhatəsində qərar tutmuş bir kənd. Elə gözəldir ki… Bir vaxtlar xalq şairi Səməd Vurğun gəlib, gəzib, gözəlliyinə elə təxəllüsü kimi vurğun olub və yazıb ki:
Ormanlar içində durur Talıstan,
Ona ilk baxışda vurulur insan.
Bəli, Azərbaycanın mirvarisi olan İsmayıllının Talıstan kəndi belə gözəl, dillərə dastan bir kənddir. Kənd bir dastandır, insanları tamam başqa bir dastan. Və bu gün sizə bu dastan kəndin özünə məxsus dastan yazmış bir ailəsi, daha doğrusu bir ailənin bir üzvü haqqında söz açacağıq, doğulduğu elin, soyadını daşıdığı nəslin adına layiq bir övladdan: Emil Ağamirzəyevdən.
Emilin 15 yaşı var, şəhid E.Bayramov adına Talıstan kənd tam orta məktəbinin VIII sinfində oxuyur. Dərs əlaçısıdır. Məktəbin müəllim və şagird kollektivi arasında öz davranışı və tərbiyəsi ilə hörmət qazanmışdır. Məktəbə gəldiyi ilk günlərdən sinif müəlliminin diqqətini cəlb etmiş, özünü çalışqan, tərbiyəli bir şagird kimi tanıtmışdır. İlk müəllimi Gülxar Babayeva onun sinif yoldaşları arasında seçildiyini çox tez hiss etmiş və dəyərləndirmişdi. Yuxarı siniflərdə dərs deyən müəllimləri də Emilin elmə, təhsilə olan fərqli marağını, güclü yaddaşa malik olduğunu deyirlər.
Emil tədris olunan fənlərin arasında ayrı-seçkilik qoymadan hər gün dərslərə hazırlıqlı gəlir. Dərs zamanı fəallıq göstərərək, istənilən mövzular haqqında öz fikir və mülahizələrini sərbəst şəkildə ifadə edir. Onun fikrincə çətin fənn yoxdur – tənbəl şagird var.
Arzuları sonsuzdur Emilin…
O həmişə axtarışdadır. Dünyagörüşünü artırmaq üçün tək dərslərlə kifayətlənmir, digər maraqları da var. Məktəbin intellektual komandasının və zona üzrə intellektual yığma komandasının üzvüdür. Emil məktəbin bütün ictimai işlərində, istər idman, istərsə də ədəbi-bədii, vətənpərvər mövzulu tədbirlərində həmişə fəal iştirak edir. Müxtəlif mövzularda videoçarxlar, təqdimatlar hazırlayır. Eyni zamanda futbolla maraqlanır, intellektual oyunları izləyir.
2020-2021-ci illərdə pandemiya dövründə məktəblilərin asudə vaxtlarının səmərəli keçirilməsi üçün təşkil olunan 6-7-ci sinif şagirdləri arasında onlayn olimpiadalara qoşularaq yüksək bilik nümayiş etdirmiş, Fəxri fərman və diplomla mükafatlandırılmışdır.
Emil ötən il VII siniflər arasında keçirilən bilik olimpiadasında Azərbaycan dili fənni üzrə Respublikada II yeri tutmuş, Fəxri fərman və medalla təltif edilmişdir. 2022-ci ilin dekabr ayında isə Respublika Fənn Olimpiadalarının rayon turunda VIII siniflər arasında fərqlənərək yarımfinal turuna vəsiqə qazanıb. Respublika turunda da Emilin yenə yüksək nəticə göstərəcəyinə inanırıq.
Emil öyrənməyə çox maraqlıdır – Beynəlxalq səviyyəli bilik yarışmalarına da həvəslə qoşulur. Bu maraq onu yenicə qədəm qoyduğumuz ildə – yanvar ayının 10-14-də Talıstandan çox uzağa Türkiyənin İstanbul şəhərinə aparıb. Emil burada 45 ölkənin məktəbliləri arasında ingilis dilində keçirilən “Qış Bilik Beynəlxalq Oyunları” olimpiadasında iştirak etmiş, yenə yüksək bilik nümayiş etdirərək 632 balla 10 fəxri yerdə 6-cı yeri qazanmağa nail olub.
Emil zəhmətkeş ailənin zəhmətsevər övladıdır. Boş vaxtlarında, tətil günlərində ev və ya həyət işlərində valideynlərinə, xüsusilə babalarına və nənələrinə kömək etməkdən zövq alır. Ümumiyyətlə, Emil gördüyü hər işi ürəklə, şövqlə görür, istər oxumaq olsun, istər iş. Elə ona görə də gördüyü hər işin nəticəsi sevindirici olur, o işdən gül ətri gəlir. Onun Vətənpərvər, əməksevər böyüməsində, təhsilə bu dərəcədə böyük önəm verməsində böyüklərin – nənə, babaların böyük zəhməti var. Babaları Kamal, Arif, nənələri kiçik yaşlarından Emili bu ruhda böyüdüblər. Emilə Cırtdandan, Göyçək Fatimədən daha çox Minirə nənəsi kəndinin, rayonunun tarixindən nağıl edib, yaxın qohumları olan Əməkdar müəllimin ölkə rəhbəri qarşısında necə çıxış etdiyini, qədim Girdiman dövlətinin İsmayıllı və Ağsu rayonlarının ərazisində yerləşdiyini apardığı elmi tədqiqatlarla yerliləri olan alimin necə sübut etdiyindən danışıb. Nəvələri Elçinin, Yalçının, İlkinin, Ayselin, Toğrulun, Xəyyamın ali məktəbə qəbul ballarını belə nənə bu yaşda elə yadında saxlayır, hər nəvənin təhsil yolunu bir şirin nağıla çevirib danışır ki… o anlarda fəxr, vüqar dolu söhbətlərdən aldığı ləzzət nənənin bişirdiyi yeməyin ləzzətini belə ona unutdurur. Ana babasıgildə də fərqli söz, ayrı söhbət olmur. – İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin müəllimi olan baba Arif Bayramov da oturan kimi nəvələrinə elmdən danışır, sevimli tələblərindən söz açır, oğlu Səxavətin bakalavr və magistr təhsili almasından, nəvəsi Eminin İstanbul Universitetinə necə qəbul olmasından, orada necə oxuduğundan elə həvəslə danışır ki… Emil də, bacısı Nərmin də bu anlarda özlərini o tələbələrin sırasında, nənə-babaların şirin söhbətlərinin mövzusunda görürlər. Və hələki o söhbətlərin, o arzuların işığında hər ikisi uğurla irəliləyirlər. Bəli, Emilin ailəsində, nəslində təhsilə belə önəm verilir- nağılları da təhsildir, sözləri, arzuları da.
Arzularına gedən yolların aydın və uğurlu olsun, Emil!
Gülər Bağırova,
Talıstan kənd tam orta məktəbinin kitabxanaçısı
Nərgiz Əlövsətli,
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzinin əməkdaşı