Keçən əsrin 80-ci illərinin sonu İsmayıllı rayonunda çap olunan “Zəhmətkeş” qəzetində “Yol gedər sizə, dağlar” sərlövhəli silsilə məqalələr çap olunurdu. Həmin məqalələrdə İsmayıllının etnoqrafik cizgiləri gözəl bir şəkildə öz əksini tapırdı. Yadımdadır, bizim oxuduğumuz İsmayıllı şəhər 3 nömrəli orta  məktəbdə həmin məqalələrin hər yeni nömrəsini xüsusi lövhədə yerləşdirirdilər ki, hamı oxuya bilsin. Həmin məqalələrin müəllifi qəzetin şöbə müdiri Məmmədmirzə Şahsuvar oğlu Rzayev – Məmməd Mirzə idi. Elinə, obasına qırılmaz tellərlə bağlı olan Məmməd Mirzə  İsmayıllının bütün tarixi yadigarlarının qorunub saxlanması və gələcək nəsillərə çatdırılması üçün qələminin gücündən var gücü ilə, ömrünün sonuna kimi istifadə etdi.

1943-cü ildətəvəllüd tapan M.Rzayev Müdri kəndində böyük Mirzəbabalılar deyilən nəslin ocağında dünyaya gəlmişdi. Mirzəbabalılar bilinməyən səbəbdən Qubadan gəlmə sayılardı. Ehtimal etmək olar ki, xanlıqlar dövründə xanlıqların çəkişməsinin nəticəsi olaraq Müdrinin  əksər nəsilləri kimi Qubadan köçürülmüşlər. Atası Şahsuvar Rzayev II cahan müharibəsinin qalib iştirakçısı olmuşdur. Məğrurluğu və sözübütövlüyü ilə örnək olan Şahsuvar kişi Müdri və ətraf kəndlər üçün bir el ağsaqqalı və əyilməzlik simvolu idi. Anası Gülli xanım gözəl bayatılar, nağıllar və rəvayətlər bilən, öz dövrünə görə kifayət qədər savadlı bir qadın idi. Məmməd Mirzə ailədə on bir uşağın birincisi və həm də nəslin ən sevimlisi idi.

İlk təhsilini Müdri kənd yeddi illik məktəbində, sonra isə o zamanlar üçün yüksək təhsil verən Göyçay Pedaqoji Texnikumunda oxumuşdu. Özünün dediyi kimi ”Qori seminariyası idi bölgə üçün Göyçay Pedməktəbi”. Ali təhsillini o zamankı S.M.Kirov adına Azərbaycan Dövlət Universitetində, indiki Bakı Dövlət Universitetinin filologiya fakültəsində davam etdirmişdir. Hər zaman müəllimləri ilə fəxr edən və onlardan sevgi ilə bəhs edən M.Rzayev filoloq olmasının səbəbkarı Müdri məktəbində sevimli müəlimi Cahangir Qasımovun təsirini qeyd edərdi. Universitetdə Ağamusa Axundov, Əlövsət Abdullayev, Məmməd Tağıyev, Bəxtiyar Vahabzadə, Pənah Xəlilov, Yusif Seyidov və sairə bu kimi nəhənglərdən dərs alması onun bir ədəbiyyat adamı kimi yetişməsində müstəsna rol oynamışdı. Həmişə işin çətinindən yapışan M.Rzayev diplom işinə Ə.Xəqaninin “Mədain xərabələri”ini mövzu kimi götürür və uğurla yazıb müdafiə edir. Onun diplom işi 1969-cu ildə “Universitetin 50 illiyi” mükafatına layiq görülür. Ssenarist olmaq istəyib gəncliyində. Bundan ötrü müvafiq müsahibələrdən keçib. Sonradan nədənsə bu arzusundan vaz keçib, Moskvaya ssenarist kurslarına getməkdən imtina edib. Təsəvvür edirəm ki, həmin senarist kurslarında oxusaydı necə  möhtəşəm ssenariləri olacaqdı.

Çox gənc yaşlarından müəllim kimi fəaliyyətə başlayır. Gəlişi Müdri məktəbinə yeni nəfəs, yeni ruh  gətirir. Radionun hər evdə, televizorun ümumiyyətlə olmadığı zamanda Müdri məktəbində müəllimlərin, şagirdlərin və Müdri camaatının  iştirakı ilə Üzeyir Hacıbəyovun “O olmasın bu olsun” operettasını səhnələşdirir. Eşitdiyimə görə çox uğurla alınır bu rejissorluğu. Şagirdlərinin gələcəkdə ona oxşaması arzularının olduğunu özüm dəfələrlə eşitmişəm. Gözəl siması, dəbli, səliqəli geyimi, savadı və hər bir sözünü yerində, məqamında işlətməsi bu gün də şagirdlərinin xatırlamasıdır. Müdri məktəbindən başlayan müəllim fəaliyyəti sonra İsmayıllı Qiyabi Məktəbində, İsmayıllı şəhər 1 və 3 nömrəli orta məktəblərində davam edir. Şəhər 1 nömrəli orta məktəbdə təlim-tərbiyə işləri üzrə direktor müavini işləyir. Bu illər ərzində çalışmaları yüzlərlə şagirdin doğru yola istiqamətlənməsində əvəzsiz rol oynamışdır. Müəllim kimi bir çox nailliyyətləri olur. Onun pedoqiji mövzuda yazıları “Azərbaycan dili və və ədəbiyyat tədrisi” jurnalında cap olunmuşdu. Pedoqoji mühazirələri respublika turunu adlayaraq Kiyev şəhərində keçirilən Ümumittifaq turuna vəsiqə qazanmışdır. Müəllim kimi bir çox nailliyətləri olur. 1981-ci ildə Yerevanda keçirilən Ümumittifaq Pedaqoji Mühazirələrində (“Füzuli əsərlərinin tədrisi təcrübəsindən” mövzusunda) uğurlu çıxış edərək SSRİ Elmlər Akademiyasının Fəxri fərmanı və pul mükafatına layiq görülmüşdür. Hər zaman şagirdlərinin sevimlisi idi.

Müəllim işlədiyi zamanlarda yaradıcılığını davam etdirir. Yerli qəzetlə əməkdaşlıq edirdi. 1982-ci ildə “Zəhmətkeş” qəzetində şöbə müdiri kimi fəaliyyətə başlayır. O dövrün bütün eybəcərliklərini çəkinmədən feleytonlarla və digər məqalələrlə kəskin tənqid edərdi. Bununla bərabər satirik şeirləri ilə bu biabırçılıqları qamçılayardı.

Qorxum yox yolumda tikan bitsə də,

Yazıram hər kimə acıq getsə də,

Üzdən hırıldayıb şuxluq etsə də,

İçindən göynəyib, yana tiplərim.

Redaksiyada mənəvi rahatlıq tapmışdı. Çünki, demək istədiyi sözü deməyə meydan var idi. Lakin jurnalist işləməyi onun həqiqi yaradıcılığına ciddi maneə oldu. Bir çox romanlar, povestlər, hekayələr ya yazılmadı, ya da ki, tamamlanmadı. Gözəl incə ruhlu şeirləri var ki, onu sevənlərin yadından çıxmaz heç zaman. M.Rzayev araşdırmaçı jurnalist idi. Hər bir sözünün, nöqtəsinin məsuliyyətini daşıyırdı.

Şirinimdir tənəkdəki ağ salxım,

Əl çatarmı, görən o bağ nə bağdı?

Aldanma ki, sən gördüyün o ilğım,

Kəhkəşanın ulduzundan uzaqdır.

Bütün bunların çoxunu təqaüdə çıxandan sonra etməyə məcbur oldu. Uzun illərdən bəri yazılmış “Sarabəyim” romanının  illərlə nəşriyyatda qalması da bəlkə də onun yeni əsərlərinin yaranmasını ləngidirdi. 60-cı illərdə “Biz dörd nəfər idik” hekayəsi  Respublika Teleradiosunun keçirdiyi müsabiqədə qalib oldu, “Azərbaycan”, ”Ulduz” jurnallarında çap olundu, respublika radiosunda səsləndirildi. Sovet dövrünün süründürməciliyi ciddi cəhdlə kitab çapına imkan vermədi. Nəhayət, 2003-cü ildə  Seyran Səxavət və Adil Abdullanın redaktorluğu ilə “Sarabəyim” çap olundu. İyirmi il gecikmə ilə çap olunsa da, “Sarabəyim” öz “təravət”ini , oxunaqlığını saxlayırdı. Lakin illərlə yazdığı materiallar var idi ki, çap olunmalı idi. 2015-ci ildə Maarif Soltanın redaktorluğu ilə “Olmuş əhvalatlar, lətifələr və rəvayətlər” çap olunur və çox  gözəl təqdimatla qeyd edilir. Növbəti kitabı “Yol gedər sizə dağlar” bu yaxınlarda çap olunmalıdır.

Məmməd Mirzə müəllim ailə sarıdan bəxti  gətirən insanlardan idi. Ömür gün yoldası Səkinə xanımla 4 övlad böyüdüb boya-başa çatdırmışdır ki, hər biri öz sahəsində kifayər qədər uğurlu nəticələr göstərmişdir.

M.Rzayevlə bir müddət həmkar olduq. 1997-ci ildə  İsmayıllı Radio Verilişləri Redaksiyasına işə qəbul edildim. Onda “Zəhmətkeş”qəzetinin adı dəyişdirilib “Cavanşir yurdu” edilmişdi. Mən bu kollektivə onun sayəsində uyğunlaşa bildim. Az müddət olsa da, Lətifə xanımın dediyi kimi ”Babam ocağı”nda məndə çalışdım.

Mən bu yazını Məmməd Mirzənin 80 illiyinə hazırlamalıydım. Martda həm yeni kitabının çapını, həm də 80 illiyini qeyd edəcəkdik. Çox  təəssüflər ki, bu, bizə qismət olmadı. Onun yeni kitabının çapı onsuz olacaq. Ürəyi ona və bizə xəyanət etdi.

Söylə nə olub sənə,

əziz dostum, sirdaşım,

ürəyim mənim

Gah döyünürsən,

Gah  sıxılırsan,

Gah da az qalırsan

 döş qəfəsimi  yırtıb

çıxasan bayıra.

İslam Qarayev,

İsmayıllı Yazarları” ədəbi-ictimai birliyinin üzvü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir